Əbülfəz Elçibəyin vəfatından 20 il ötür
Rakus.az xəbər verir ki, sabiq Prezidentin ölümündən 20 il ötür.
Ə.Elçibəy 1938-ci ilin iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Ə.Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.
Ə.Elçibəy ötən əsrin 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə qiyamı ilə əlaqədar paytaxtı tərk edərək Kələki kəndinə gedib. O daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.
Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub. (Report)