Çempionlar Liqasının qalibi “Bavariya” oldu - FOTO
Avqustun 23-də UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün final görüşü keçirilib.
Rakus.az xəbər verir ki, turnirin həlledici görüşündə “Bavariya” (Almaniya) və “Paris Sen-Jermen” (Fransa) klubları üz-üzə gəlib.
Portuqaliyanın paytaxtı Lissabondakı “Estadio da Luş” stadionunda keçirilən görüş “Bavariya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın birinci hissəsinində hər iki komandanın təhlükəli vəziyyəti olsada hesab açılmayıb.
Oyunun ikinci hissəsinə daha üstün başlayan Münxen təmsilçisi 59-cu dəqiqədə hesabı açıb. Coşua Kimixin cinah ötürməsindən sonra qapıya dəqiq baş zərbəsi vuran Kirsli Koman komandasına vacib qələbə gətirib.
Qalan dəqiqələrdə hesab dəyişilməyib.
Bu oyun komandaların avrokuboklarda 9-cu dueli olub. “Paris Sen-Jermen” və “Bavariya” indiyədək UEFA Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə gəliblər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münxenlilər qələbə qazanıb. “Paris Sen-Jermen”nin 12 qoluna, “Barvariya” 11 topla cavab verib.
Paris təmsilçisi tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin finalında oynayıb. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olub.
Bu günə kimi beş dəfə UEFA Çempionlar Liqasının qalibi olmuş “Bavariya” isə son olaraq 2013-cü ildə bu titulu əldə edib. Münxen təmsilçisi 6-cı kubokunu qazanaraq “Liverpul” klubu ilə bu titula görə bərabərləşib.