DİM TOEFL iBT imtahanı keçiriləcək
Avqustun 30-da Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçiriləcək.
Rakus.az xəbər verir ki, DİM-in məlumatına görə, imtahanda iştirak edəcək şəxslər saat 9:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə imtahan binasında olmalıdırlar.
ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
İştirakçılar imtahana gələrkən yuxarıdakı sənədlərlə yanaşı, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib gətirməlidirlər. Sənəd şagird tərəfindən imzalanır.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaq. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.