“Özəl sektorun sosial sahıbkarlıqda rolu” adlı ictimai müzakirələr keçirilib* - FOTO
Təhsil və sosial sahibkarlıq sahəsində ixtisaslaşan Education HUB-ın təşkilatçılığı ilə “Özəl sektorun sosial sahıbkarlıqda rolu” mövzusunda silsilə ictimai müzakirələrə başlanılıb.
Rakus.az xəbər verir ki, keçirilən onlayn görüşdə sosial sahibkarlıq sahəsində çalışan təşkilatların fəaliyyətinin əsasını sosial, ətraf mühit və icmalarla bağlı məsələlərə investisiya qoyması təşkil etdiyi qeyd olunub.
Hüquqşünas Abil Bayramov və Education HUB-ın Proqram Meneceri Gülnara İsmailovanın moderatorluğu ilə keçirilən müzakirələrdə bildirilib ki, ölkəmizdə sosial sahibkarlıq sahəsinin yeni olmasına baxmayaraq artıq xeyli uğurlu addımlar atılıb. Bu sahə sosial problemlərin həllinə biznes yanaşma tələb etdiyindən özəl sektorun bu istiqamətdə fəaliyyət göstərməsi təşəbbüsü dəstəklənməlidir.
Müzakirələrdə çıxış edən Buta Art&Sweet təşəbbüsünün nümayəndəsi Sara Rəcəbli sosial sahibkarlığın inkişafında özəl sektorun əməkdaşlığının vacib olduğunu vurğulayıb. Xaçmazdan olan “İlmə art” təşəbbüsünün təsisçisi Reyhan Məmmədova isə COVİD-19 pandemiyası ilə əlaqədar satışda yaranmış çətinlikləri gündəmə gətirib.
Özəl sektorun nümayəndələri – Holcim Azərbaycanın İctimaiyyətlə əlaqələr üzrə Meneceri Rəna Tahirova bu əməkdaşlığın genşləndirilməsi üçün özəl sektor üçün vergi güzəşti və imtiyazların zəruriliyi məsələsini önə çəkib.
Görüşdə sosial sahibkarlarla əməkdaşlığa inkluziv biznes yanaşması haqda məlumat verilib.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin startaplarla iş üzrə nümayəndəsi Tengiz Ağakişiyev sosial biznes ideyalarının Mərkəz üçün maraqlı olduğunu qeyd edərək onların dəstəklənməsinə hazır olduqlarını bildirib.
Müzakirələr zamanı Education HUB-ın ekspertləri Arzu İsmayılova və Abil Bayramov sosial sahibkarlığın qanunvericiliklə hüquqi statusunun tənzimlənməsi, vergi güzəştlərinin hazırlanması və sair təkliflərlə iştirakçıları tanış ediblər.