Mahir Emreli 50 bombardir sırasında
“Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan çempionatları tarixinin ən yaxşı 50 bombardiri siyahısına daxil olub.
Rakus.az xəbər verir ki, o, buna qol sayını 43-ə çatdırmaqla imza atıb.
Premyer Liqanın cari mövsümünün ilk turunun “Sabah”la görüşündə (2:0) dubl müəllifi olan hücumçu öncə 42-ci, ardınca 43-cü qolunu vurub. Emreli buna 120-ci oyununda nail olub. O, çempionatdakı qol sayında hərəyə 42 qol vuran Bəxtiyar Musayevlə Branimir Subaşiçi, həmçinin bunadək eyni sayda fərqləndiyi Baqaliy Dabo, Fazil Əsədov və Leandro Qomeşi arxada qoyub. Mahir 43 qol vuran Elmir Xankişiyevə çatıb. Bu cütlük bombardirlər cədvəlində 48-49-cu yerləri bölüşür.
Bütün qollarını “Qarabağ”da vuran Mahir Emreli Premyer Liqada 2014/15 mövsümündə “Bakı”nın heyətində debüt edib.
Xatırladaq ki, bombardirlər siyahısına 183 qol vuran Nazim Əliyev başçılıq edir.