skip to Main Content
Gündəm 02.09.2020 20:07

Prezident Yunanıstan səfirinin etimadnaməsini qəbul etdi – YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib.

Rakus.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Nikolaos Piperiqkos: Zati-aliləri, fürsətdən istifadə edərək şəxsən Prezidentimin ən xoş arzularını və qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əməkdaşlığımızı genişləndirməklə bağlı Yunanıstanın güclü istəklərini Sizə çatdırıram.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, cənab səfir. Xahiş edirəm mənim də salamlarımı ölkənizin Prezidentinə çatdırın. Bildiyimə görə, siz artıq iki həftədən çoxdur ki, ölkəmizdəsiniz. Lakin Azərbaycan dilini artıq müəyyən qədər öyrənmisiniz. Ona görə də bizim dilimizdə müraciətinizə görə minnətdaram. Ümidvaram ki, şəhərimizlə tanış olmaq üçün vaxtınız olub. Ümid edirəm ki, Azərbaycandakı fəaliyyətiniz ərzində ölkəmizi səyahət etmək imkanınız olacaq. Azərbaycanla Yunanıstanın iqlimi çox oxşardır. Düşünürəm ki, iqlimlə bağlı vəziyyət sizə tanış gələcək. Beləliklə, siz özünüzü Azərbaycanda rahat hiss edəcəksiniz. Mən, həmçinin ümid edirəm ki, Azərbaycandakı fəaliyyətiniz ərzində biz əməkdaşlıq sahələri aşkar edəcəyik ki, bu da bizə diqqəti praktiki məsələlər üzərində cəmləşdirməyə imkan verəcək. Açığını desək, düşünürəm ki, son bir neçə il aramızda çox aşağı səviyyədə əməkdaşlıq illəri olub. Əvvəlki vaxtlarda bizim daha fəal təmaslarımız olub. Bildiyiniz kimi, mən sizin ölkənizə rəsmi səfər etmişəm, Yunanıstanın iki prezidenti Azərbaycanda rəsmi səfərdə olub, Baş Nazir səfərdə olub. Lakin Yunanıstanın əvvəlki hökuməti hakimiyyətə gələndən sonra bu təmaslar dayanıb və bu, Yunanıstan hökumətinin təşəbbüsü olub. Beləliklə, hazırda bizim faktiki olaraq aktiv təmaslarımız, nümayəndə heyətlərinin mübadiləsi yoxdur. Bizim gələcəkdə əməkdaşlığımızı necə planlaşdırmaq barədə düşünməyə ehtiyacımız var.
Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək.
Düşünürəm ki, əməkdaşlığımıza mənfi təsir göstərən bir neçə məsələ olub. Onlardan biri Yunanıstanın qaz şirkəti “DESFA” ilə əlaqədardır. Deyə bilərəm ki, bizim enerji şirkətimiz SOCAR Yunanıstan hökumətinin müraciəti əsasında “DESFA”nı almaq üçün tenderə qoşuldu. SOCAR-ın tender prosedurunda iştirak etməsini Yunanıstanın sabiq Baş Naziri cənab Samaras şəxsən məndən xahiş etdi. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və “DESFA”ya sahib olmaq hüququnu qazandı. Bu, bizim Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı planlarımız baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Bu, təxminən 6 il bundan əvvəl olub. Həmin vaxt əlbəttə ki, biz Azərbaycanla Avropa arasında bağlantı inşa etməyi, sadəcə olaraq, planlaşdırırdıq və düşündük ki, əgər Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. İstənilən halda biz qiymətin 10 faizini təşkil edən 40 milyon avro məbləğində avans ödənişi etdik və 4 il ərzində – 2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar olsun ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi. Mən təkrar etmək istərdim ki, bu legitim hüququ biz ilkin olaraq Yunanıstanın Baş Nazirinin təklifi əsasında, açıq və rəqabətli tender proseduru zamanı əldə etdik. Lakin siyasi səbəblərdən, Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən bu legitim hüquqdan məhrum olduq. Sözsüz ki, bu, bizim artıq aşağı səviyyədə olan əlaqələrimizə ciddi təsir etdi. Lakin ondan sonra, açığını desək, biz qərara gəldik ki, əgər Yunanıstan hökuməti bizə belə münasibət göstərirsə, biz də necə cavab verəcəyimiz barədə düşünməliyik. Bizim cavabımız faktiki olaraq heç nə etməmək idi. Biz heç bir demarş etmədik. Biz heç bir diplomatik addım atmadıq. Biz, sadəcə olaraq, dedik yaxşı, əgər onlar bizi istəmirlərsə, əgər başqa şirkətlərin “DESFA”nın səhmdarları olmasına üstünlük verirlərsə, bu, onların hüququdur, biz bununla bağlı heç nə edə bilmərik. Lakin sizə deyə bilərəm ki, mən bu məsələni bir neçə dəfə Brüsseldə Avropa İttifaqının iki sabiq lideri ilə – cənab Barrozu və cənab Tuskla qaldırdım. Mən bu məsələni qaldırdım, çünki bu, 4 il davam etdi. Mən dedim ki, baxın, biz etimaddan danışırıq, biz Avropa İttifaqı ilə Azərbaycan arasında Avropa İttifaqının fəal şəkildə təbliğ etdiyi yeni saziş barədə danışırıq. Biz etimadı necə gücləndirə bilərik, əgər bizim şirkətimiz tenderdə qalib gələrək Avropa İttifaqına üzv ölkənin, Yunanıstanın şirkətini satın alır, sonra Yunanıstan hökuməti addımlar atır. Bu addım sizin parlamentdə yeni qanunun qəbulu sayəsində atıldı. Bu da həmin məsələni mümkünsüz etdi və sonra Avropa Komissiyası da 4 il ərzində bu sövdələşməni təsdiq etmədi. Mən dedim, bizə “yox” deyin, bizə “sizi istəmirik” deyin. Lakin bizi 4 il müddətində bu vəziyyətdə saxlamaq tərəfdaşlıq əlaməti deyil.
Beləliklə, bu, çox məyusedici məsələ idi və əlbəttə ki, düşünürəm, bizim əlaqələrimizə ciddi təsir etdi. Lakin yenə də deyirəm, bu, Azərbaycanın təşəbbüsü deyildi. Azərbaycan hər zaman əlaqələrin inkişafını dəstəkləyib. Yeri gəlmişkən, siz sözsüz ki, bilirsiniz, TAP Azərbaycan qazının nəqli üçün yeganə variant deyildi. Azərbaycan qazının Türkiyə ərazisinə çatandan sonra nəql olunması üçün bir neçə variant var idi. Fərqli istiqamətdə ola bilərdi. Lakin TAP-ın seçilməsi həm də investorlar, xarici neft şirkətləri və Azərbaycan tərəfindən verilmiş qərar idi. Başqa sözlə, biz öz tərəfimizdən Yunanıstana müsbət jest etdik. Lakin əvvəlki hökumət hakimiyyətə gələndən sonra, mən bunu xüsusilə vurğulamaq istəyirəm, çünki keçmiş Siriza hökuməti hakimiyyətə gəlməmişdən əvvəl bizim əvvəlki Yunanıstan hökumətləri ilə çox yaxşı münasibətlərimiz olub.
Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Bildiyiniz kimi, Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Yeri gəlmişkən, iki il əvvəl Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq prioritetləri” adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir.
Başqa sözlə, Ermənistan aqressiv davranır. Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, – dünən sonuncu uçuş idi, – Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər.
Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb.
Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq.
Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik. Lakin əlbəttə ki, bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq. Bununla çıxışımı bitirirəm və sizə nəyin doğru olduğunu düşündüyünüzü söyləməyə imkan verirəm.

Səfir Nikolaos Piperiqkos: Zati-aliləri, Yunanıstan-Azərbaycan münasibətlərinin vəziyyəti ilə bağlı qeydləriniz üçün Sizə təşəkkürümü bildirirəm. Sizin dediklərinizi çox diqqətlə dinlədim və dediklərinizi hökumətimizə çatdıracağam. Lakin ötən il hökumət dəyişdi. Hökumətimizin bütün sektorlarla bağlı məşğul olası çoxlu məsələləri var. Bu hökumətin əhəmiyyətli dərəcədə əhatəsi var. Hesab edirəm ki, Yunanıstanla Azərbaycanı birləşdirən daha çox şeylər var. Məsələn, beynəlxalq hüquqa hörmət. Çünki yaxşı məlumdur, Yunanıstan beynəlxalq hüququ uzun müddətdir ki, qətiyyətlə dəstəkləyir.

Əlbəttə ki, bir neçə il bundan əvvəl əməkdaşlığımız yaxşı inkişaf etmişdir. Lakin yeni hökumət sizinlə əlaqə yaratmaq üçün daha yaxşı yolları tapmaq məqsədilə zəruri olanı edəcəkdir. Həmçinin qeyd etmək istəyirəm ki, bizim fikrimizcə, sizin ölkəniz və bizim ölkəmiz üçtərəfli və ikitərəfli əməkdaşlıq aparan çox maraqlı ölkələrdir. Sizdə bu təcrübə zəngindir, sizdə hətta üçtərəfli diplomatiyanın nümunəsi var. Bizim də bir çox önəmli ölkələrlə, xüsusilə Şərqi Aralıq dənizi regionunda çox uğurlu üçtərəfli diplomatiyamız var. Biz həmişə beynəlxalq hüquqa tamamilə riayət edərək Azərbaycanla münasibətlərimizə zərər vurmamağa diqqət yetiririk və tərəfinizdən bunun Sizin üçün mümkün olduğu qədər qarşılığını görmək istərdik. Lakin düşünürəm ki, yeni hökumətimizə Sizin hökumətinizlə münasibətlərimizi yaxşılaşdırmağa imkan tapmaq üçün vaxt verildiyini nəzərə alaraq əməkdaşlığımızın gələcəyi daha yaxşı ola bilər. Hazırda bu qədər söyləyə bilərəm.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO
Back To Top
×Close search
Axtar