Naqatomonun “Olimpik”də təqdimatı oldu
İki il yarım “Qalatasaray” klubunda oynayandan sonra müqavilə müddəti başa çatan Yuto Naqatomonun Marselin “Olimpik” komandasına keçib. Yaponiyalı təcrübəli futbolçunun yeni komandada təqdimatı olub.
Rakus.az xəbər verir ki, 33 yaşlı müdafiəçi jurnalistlərin suallarını cavablandırarkən əvvəlki kimi istəkli olduğunu vurğulayıb:
“Otuz üç yaşım olsa da, qızğın mübarizədən kənarda qalmaq fikrim yoxdur. Çətinliyi sevən biriyəm. Bu, mənim həyat fəlsəfəmdir. Əsas heyət üzvü olmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Marselə 13 il əvvəlki səfərimi xatırlayıram. Həmin vaxt çıxış etdiyim Kollec komandası ilə bura gəlib oyun keçirmişdik. Hətta mən 1 qol vurmuşdum. “Velodrom”da “Olimpik”in oyununu izləyəndə nə vaxtsa bu klubun mənə təklif göndərəcəyi barədə xəyallar qurmuşdum. Uzun illərdən sonra buradayam”.
Y.Naqatomo Hiroki Sakaidən sonra Fransa klubunda çıxış edən ikinci yaponiyalı futbolçu olacaq. Təcrübəli müdafiəçi yeni komandası ilə birillik müqavilə imzalayıb.
Xatırladaq ki, vaxtından əvvəl başa çatdırılan Fransa çempionatında PSJ-dən sonra ikinci yeri tutan Marsel təmsilçisi UEFA Çempionlar liqasında çıxış edəcək.