Halis Özkahya Bakıya gəlir
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan – Fransa oyununun hakimləri açıqlanıb.
Rakus.az xəbər verir ki, bu oyuna məşhur türkiyəli hakim Halis Özkahya təyin olunub.
Ona Kərəm Ərsoy, Sərkan Olquncan laysman, Alpər Ulusoy isə dördüncü hakim qismində kömək edəcək. Türkiyəli hakimlərin işinə qiyməti rumıniyalı Auqustus Konstantin verəcək.
Halis Özkahya artıq bir dəfə Azərbaycanda iş başında olub. 40 yaşlı referi 2015-ci ilin martın 28-də AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində əsas millimizin Malta ilə görüşündə baş hakimlik edib. Bu görüşdə millimiz 2:0 hesabı ilə qalib gəlib.
2018-ci ilin martın 27-də Azərbaycanla Makedoniya arasında keçirilmiş yoldaşlıq oyunu isə Antalyada baş tutub. 1:1 hesabı ilə başa çatmış oyunda qollar məhz Halis Özkahyanın verdiyi iki penalti qərarından sonra vurulub.
Xatırladaq ki, Azərbaycan – Fransa oyunu sentyabrın 7-si saat 21:00-da Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək.