DİM ixtisas seçiminin vaxtını açıqladı
Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi sentyabrın 10-dan 20-dək internet vasitəsilə aparılacaq.
Rakus.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.
İxtisas seçimi DİM-in rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək ehtimalı yoxdur və “ərizəni yadda saxla” düyməsini basdıqda səhv və onun mahiyyəti barədə ona xəbərdarlıq edilir.
DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə I, II, III və IV ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr ediləcək. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapır. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın 2 saylı buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.
Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən abituriyent məsləhət mərkəzlərinə yalnız əvvəlcədən onlayn növbə götürməklə müraciət edə bilərsiniz.
Mərkəzlərdə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.
Pandemiya şəraitinin tələblərinə uyğun olaraq abituriyentlərin qəbulu məhdud sayda – günlük müəyyən edilmiş saya uyğun DİM-in saytı vasitəsilə əvvəlcədən götürülmüş onlayn növbə əsasında həyata keçiriləcək. Bir abituriyentə maksimum 20 dəqiqə vaxt ayrılacaq. Abituriyenti yalnız 1 nəfərin müşayiət etməsinə icazə veriləcək.
Onlayn növbənin götürülməsi sentyabrın 9-dan etibarən mümkün olacaq. Onlayn növbə tutmaq üçün hər bir şəxs sistemdə tələb olunan məlumatları doldurmaqla (şəxsi məlumatlar, məsləhət yeri, tarixi və saatı) xidmətdən rahat yararlana bilər. Bir şəxs gün ərzində yalnız 1 görüş təyin edə bilər. Təyin olunan görüşün vaxtını və yerini dəyişmək istəyənlər “Görüşdən imtina edirəm” bölməsinə müvafiq məlumatları daxil etməklə görüşdən imtina edib yeni görüş təyin edə bilərlər.
Onlayn növbəyə yazılmış şəxslər binaya yaxınlaşdıqda şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməlidirlər.
Qəbul prosesi koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun təşkil ediləcək. Bunun üçün mərkəzlərdə təlimata uyğun müvafiq şərait yaradılıb. Qəbul mərkəzlərində müraciət edən vətəndaşların öz aralarında və işçilərlə (xidmət göstərən əməkdaşlar və s.) sıx qarşılıqlı münasibətlərində lazımi sosial məsafənin saxlanılması təmin olunacaq.
Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.
Rakus.az xəbər verir ki, bundan əlavə, abituriyentlər ixtisas seçimi ilə bağlı suallarını məsləhət mərkəzlərinin “Whatsapp” nömrələrinə də yaza bilərlər. Müraciətlər qeydə alınaraq vətəndaşlarla əlaqə saxlanılacaq.
Abituriyent məsləhət mərkəzləri həftənin 5 günü (şənbə, bazar günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək DİM-in saytında qeyd olunan ünvanlarda fəaliyyət göstərirlər. Ali təhsil müəssisələrində onlayn növbə götürməyən abituriyentlərin qəbulu həyata keçirilmir.