Virtual döyüş növü üzrə Azərbaycan Birinciliyi başladı
Ölkəmizdə “Gaming League Azerbaijan”ın təşkilatçılığı ilə “Counter-Strike: Global Offensive” üzrə Azərbaycan Liqasına start verilib. Turnirin tərəfdaşı qismində məşhur “Mountain Dew” şirkəti çıxış edir. Qeyd edək ki, bu, dünyanın bir çox ölkəsində kiberidmanın inkişafına daima öz töhfəsini verən “Mountain Dew” brendi ilə ilk əməkdaşlıqdır.
CS:GO Azərbaycan Liqasının reqlamenti
CS:GO Azərbaycan Liqasında ümumilikdə 12 komanda iştirak edir. 1-ci, 2-ci və 3-cü divizionların hər birində 4 komanda yarışır. Hər komanda öz divizionunda püşkatma əsasında iki oyun keçirir və topladığı xallara görə ilk yeri tutmuş komanda daha yuxarı diviziona yüksəlir, divizionu sonuncu yerdə bitirmiş komanda isə aşağı diviziona düşür. Misal üçün, həftənin yekununda 2-ci divizionun qalibi 1-ci diviziona yüksəldiyi halda, 1-ci divizionun sonuncusu 2-ci diviziona enir. Beləliklə, növbəti həftədə komandalar mübarizəni öz divizionunda və ya digər divizionda davam etdirirlər.
Qeyd edək ki, turnir onlayn rejimdə keçirilir və həftənin şənbə və bazar günləri GLAHUB “YouTube” kanalında canlı yayımlanır.
“Counter-Strike: Global Offensive” oyunu haqqında
“Counter-Strike: Global Offensive” (CS:GO) – şuter janrında komanda kompüter oyunudur. Seriyanın digər oyunlarında olduğu kimi, CS:GO oyununda da geymerlər iki komandaya bölünür: terrorçular və xüsusi təyinatlılar. Oyunun qalibi komandaların raundlar seriyasında göstərdiyi nəticələr əsasında müəyyən olunur.
Dünyanın ən populyar kiberidman növlərindən olan “Counter-Strike: Global Offensive” oyununun ən nüfuzlu yarışmaları “Meycor” çempionatları (Major Championships) və “Blast Premier” turnirləridir. Əgər 2013-cü ildə keçirilmiş “DreamHack Winter 2013” turnirinin mükafat fondu 250 000 ABŞ dolları idisə, 2016-cı ildən bəri məbləğ artıq 1 000 000 ABŞ dolları təşkil edir. CS:GO üzrə daha bir böyük turnir – “Blast Premier” Liqasının 2020-ci ildə baş tutan turnirinin ümumi mükafat fondu 4 250 000 ABŞ dolları təşkil etmişdır.