İlham Əliyev işğaldan azad edilən kəndlərdən danışdı
“Bu gün səhər mən bütün cəbhəboyu bölgələrdən məlumat almışam. Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə dəstək verməyə hazırdırlar və bunu edirlər”.
Rakus.az xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev deyib.
O bildirib ki, Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir.
“Deyə bilərəm ki, əməliyyat uğurla həyata keçirilir, Prezident Administrasiyasına, eyni zamanda, Müdafiə Nazirliyinə göstəriş verildi ki, əhali müntəzəm olaraq hadisələrin gedişatı ilə bağlı məlumatlandırılsın”, – deyə İlham Əliyev əlavə edib.
Prezident bildirib ki, uğurlu əks-hücum nəticəsində işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib.
“Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Bizim uğurlu əks-hücum əməliyyatımız işğala, ədalətsizliyə son qoyacaq”, – İlham Əliyev söyləyib.