“Hər şey Vətən üçün” at yarışları başladı - FOTO
Oktyabrın 16-dan 18-dək Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən “Hər şey Vətən üçün” adlı tədbirdə ilk günün yarışlarına start verilib.
Rakus.az xəbər verir ki, Ordumuza dəstək və milli ruhun yüksəldilməsi məqsədilə keçirilən tədbirdə ilk olaraq “E” kateqoriyası üzrə 80 santimetr hündürlükdə qurulan maneələrdən ibarət konkur yarışında yeniyetmələrdən ibarət idmançılar iştirak ediblər. 14 idmançının 16 atla iştirak etdiyi mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin idmançısı Rəna Axundova “Tibet” ləqəbli atla öz rəqiblərinə qalib gələrək “Ərgünəş Kuboku”nun qalibi olub. Eyni zamanda, məktəbin idmançıları, Elman Mirzəyev “Ak’s Clientus” ləqəbli atla 3-cü, Emin Rzayev “Light Limerick” ləqəbli atla 4-cü yerin sahibi olublar. “Elite Horse&Polo Klubu”nun idmançıları Ramil İbrahimov “Alart S” ləqəbli atla 2-ci, Məhəmməd İskəndərov “Cera 59” ləqəbli atla 5-ci yerdə qərarlaşıblar.
Günün 2-ci yarısı saat 12:30-dan etibarən başlayıb. “A**” kateqoriyası üzrə hündürlüyü 110-115 santimetr olan yarışda 14 idmançı 18 atla iştirak edib. Nəticədə 1-ci və 2-ci yerlərdə “Gilan Atçılıq Klubu”nun idmançısı Rahib İsmayılov müvafiq olaraq “Khazar” və “Welga” ləqəbli atlarla qərarlaşıb. Bununla da o, Hadrut kubokunun qalibi olub.
3-cü yerdə “Buta Qolden Atçılıq İdman Klubu”nun idmançısı “Astrello” ləqəbli atla Eqor Morotskiy, 4-cü yerdə isə “D’amour” ləqəbli atla “Murad Atçılıq Klubunun” idmançısı Kənan Novruzov qərarlaşıb. “Sərhədçi Atçılıq Klubu”nun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla 5-ci yerin sahibi olub.
Tədbirin proqramına uyğun olaraq sabah atçılığın konkur növü “Qarabağ Kuboku” uğrunda idmançılar öz güclərini sınayacaqlar. Yarış Binə Atçılıq Mərkəzinin ərazisində saat 11:00-dan etibarən keçiriləcək.