UEFA klublara mükafatları azaldır
UEFA rəhbərliyi Çempionlar Liqası və Avropa Liqasında iştirak qarşılığında klublara verilən mükafatları azaldacaq.
Rakus.az xəbər verir ki, sözügedən qərar qarşıdakı 5 mövsümdə tətbiq olunacaq.
Qitənin ali futbol qurumu bunun səbəbini mövcud koronavirus pandemiyası ilə əlaqədar gəlirlərin azalması olaraq göstərib.
Belə ki, geridə qalan 2019/2020 mövsümündə teleyayım və sponsorluq müqavilələri hüququnun satışından 566 milyon ABŞ dollarınadək maddi itki olub. UEFA üstəlik təxirə düşmüş oyunlara görə yayımçı şirkətlərə və sponsorlara kompensasiya ödəməli olub.
Maddi itkilərin başqa bir səbəbi isə pley-off oyunlarının sayının azalmasıdır. Çempionlar Liqası və Avropa Liqasında 1/4 finaldan etibarən bütün qarşılaşmalar iki yox, bir oyunluq formatda keçib. Avropa Liqasında da 1/8 final cütlərindən ikisində bir qarşılaşma oynanılıb.
Çempionlar Liqasında 2020/2021 mövsümünün qrup mərhələsi oktyabrın 20-də, Avropa Liqasında isə oktyabrın 22-də başlayacaq.