Prezident: Ermənistan türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır
“Mənim Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Ermənistan liderləri ilə müzakirə etdiyim sülhməramlı planda kommunikasiyalara açıq-aydın istinad var idi. Sülh sazişi imzalanandan sonra bütün kommunikasiyalar açılır, o cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında”.
Rakus.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib.
“Beləliklə, Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiyanın quru əlaqəsi olacaq. Bu gün bizdə bu, yoxdur. Lakin Türkiyənin həmin regionla Azərbaycan vasitəsilə əlaqəsi var. Biz bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunu tikdik. Beləliklə, Türkiyə malları Gürcüstan, Azərbaycan və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə daşınır. Lakin Türkiyədən Naxçıvana, Ermənistana, Azərbaycana yol daha qısadır. Ona görə də məsələ onda deyil ki, Türkiyənin belə əlaqəsi yoxdur və dediyiniz kimi, kimsə fikirləşir ki, onlar buna sahib olmaq üçün Ermənistanı silmək istəyirlər. Onlar buna sahibdirlər, biz buna sahibik. Biz daha birinə sahib olacağıq. Lakin bu, yenə də sülh planının bir hissəsidir, bütün kommunikasiyalar açılacaq. Düşünürəm ki, Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır”, – dövlət başçısı bildirib.