İlham Əliyev BMT TŞ-də Azərbaycanı dəstəkləyən ölkələrin dövlət başçılarına məktublar gəndərdi
Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər.
Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.
Rakus.az xəbər verir ki, bununla əlaqədar, Prezident İlham Əliyev tərəfindən BMT TŞ-də Azərbaycan mövqeyini dəstəkləyən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.
Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.
Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.
Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.
Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.