Ermənilər Tərtərə qadağan olunmuş 3 fosfor mərmisi atdı
“Ermənistan qadağan olunmuş fosfor silahlardan istifadə edir. Oktyabrın 8-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər ərazisində fosfor mərmisinin düşdüyü məntəqəni müəyyən edib”.
Rakus.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistan fosfor silahlarından geniş şəkildə istifadə edir:
“ANAMA tərəfindən müəyyən edilən fosfor mərmisi neytrallaşdırılıb. Bu günlərdə Ermənistan tərəfindən Şuşa meşələrinin yandırılmasında, eləcə də, Azərbaycan üçün əziz olan Topxana meşəsinin yandırılmasında fosfor silahlarından istifadə edilib”.
H.Hacıyev onu da əlavə edib ki, dəqiq kəşfiyyat məlumatlarına əsasən, Ermənistan tərəfindən Xocavənd istiqamətinə fosfor məmulatları gətirilib:
“Böyük həcmdə gətirilən fosfor məmulatları yandırıcı qüvvəyə malikdir. Həmçinin, Ermənistan silahlı qüvvələri artilleriya atəşlərində də ağ fosfor tərkibli silah və mərmilərdən istifadə edirlər.
ANAMA tərəfindən verilən son məlumata görə, Tərtər rayonunda üç fosfor mərmisi düşən məntəqə müəyyən edilib. Onların bir çoxu əkin sahələrinə düşüb. Ekspertiza göstərir ki, yumşaq torpaq səthinə düşən mərmilər bir çox hallarda partlamır və torpağı dəlib altına keçirlər. Belə olan hallarda da onların zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Ağ fosfor tərkibli silahların tərkibi insan sağlamlığı üçün ciddi təhlükədir”.
O bildirib ki, ağ fosfor tərkibli silahlar tənəffüs və həzm yolları ilə bədənə daxil olduqda zəhərləyici gücə malikdirlər:
“Yanmış nahiyədən bədənə daxil olan ağ fosfor dəri ilə təmasda olarkən sümüyə qədər daxil ola bilir. Belə bir silahlar dəri ilə təmasda olduqda qismən və ya dərin kimyəvi yanıqlara səbəb ola, xüsusilə qaraciyər, böyrək, bağırsaq kimi orqanlar üçün ölümlə nəticələnən fəsadlar yarada bilirlər”.
H.Hacıyev onu da əlavə edib ki, ağ fosforlu silahlardan istifadə edilməməsi BMT-nin 1980-ci il adi silahların konkret növləri haqqında konvensiyasının alışdırıcı silahların istifadəsi haqqında məhdudiyyətlərə dair 3-cü protokolu ilə təsdiq olunub.