Prezidentin köməkçisi hərbi məlumat ötürənlərə XƏBƏRDARLIQ etdi
“Bəzən müxtəlif VPN-lər vasitəsilə sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımızı ayıq-sayıq olmağa çağırırıq. Dəqiqləşdirilməmiş məlumatları yaymaq olmaz”.
Rakus.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, əsgərlərin döyüş tapşırığı, yerləşdikləri yerlərlə bağlı hər hansı məlumatların verilməsi hərbçilərimizin həyatını riskə ata bilər:
“Bu tələskənlik əsgərlərin həyatı bahasına başa gələ bilər. Hər birimizi bu cəhətdən səbirli, təmkinli olmağa, vətəndaş məsuliyyətini yerinə yetirməyə çağırırıq. Biz cəbhədə qanı-canı bahasına döyüşən əsgərlərimizin zəhmətini yüksək qiymətləndirməliyik”.
O bildirib ki, Azərbaycanın rəşadətli oğulları işğal olunmuş əraziləri addım-addım düşməndən azad edirlər:
“Rəsmi olaraq ölkə ictimaiyyəti və beynəlxalq mətbuat operativ şəkildə məlumatlandırılır. Ermənistan isə öz ictimaiyyətindən həqiqəti gizlədir. Yanlış və həqiqəti əks etdirməyən məlumatlar yayır. Odur ki, hər kəsi yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq”.