Prezident: “Ermənistan beynəlxalq münasibətlərin subyekti deyil, obyektidir”
“Bizim üçün bir nömrəli məsələ Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla Türkiyə arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır. Çünki bildiyiniz kimi, biz Bakı-Tbilisi-Qars dəmir yolunu bir neçə il bundan əvvəl istifadəyə verdik. Bu, artıq Türkiyə ilə Azərbaycan arasında dəmir yolları vasitəsilə bir bağlantıdır”.
Rakus.az xəbər verir ki, bnu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
“Bu layihə də baş versə, – əminəm ki, baş verəcək, – bu, yeni bir bağlantı olacaq və burada beş ölkə bundan fayda götürə bilər. Regional təhlükəsizlik və əməkdaşlıq üçün bundan da yaxşı layihə ola bilər? Yox. Kimdir bunun təşəbbüskarı? Bizik. Kim bu bəndi buraya salıb? Mən. Bu gün – dekabrın 1-də biz bu işlərin artıq inkişafını görürük.
Mən deyə bilərəm ki, artıq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə göstəriş verildi ki, Horadiz-Zəngilan dəmir yolunun, hansı ki, mənfur düşmən dağıdıb, təhlili aparılsın, ilkin hesablamalar aparılsın”.
İ.Əliyev bildirib ki, eyni zamanda, Rusiya Federasiyasının nümayəndə heyətinin Azərbaycana etdiyi səfər çərçivəsində, o cümlədən, dəmir yollarının bərpası məsələləri müzakirə olunubdur:
“Ermənistan dəmir yolları Rusiya dəmir yollarına məxsusdur, 100 faiz. Ona görə biz bu məsələni Ermənistanla yox, Rusiya ilə müzakirə edirik. Çünki Ermənistanda nə var ki, Ermənistanın özünün olsun?
Ermənistan beynəlxalq münasibətlərin subyekti deyil, obyektidir. Nəyə görə? İşğala görə. O tarixi şansı itirib, müstəqil ölkə ola bilməyib, iqtisadi imkanlarını itirib, işğala görə. Nə qazandı? Heç nə”.