Prezident İlham Əliyev “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.
Rakus.az xəbər verir ki, fərmana əsasən, “Vətən müharibəsi iştirakçısı” medalı ilə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən Müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki şəxsləri, habelə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər, habelə dövlətə məxsus olan digər hüquqi şəxslərin ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif ediləcək.
“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı ilə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması və dövlət sərhədinin mühafizəsi zamanı arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki şəxsləri, habelə fədakar əməyinə görə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər, habelə dövlətə məxsus olan digər hüquqi şəxslərin əməkdaşları təltif ediləcək.