İlham Əliyev Vladimir Putinin açıqlamasına münasibət bildirdi
“Ötən gün Vladimir Putin KİV-ə müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu açıqlayıb. Bu, ilk belə açıqlama deyil. Fikrimcə, bu, çox vacib açıqlamadır. Bu, həm də Ermənistandakı 10 noyabr bəyanatını dəyişmək istəyən revanşist qüvvələr üçün də vacib açıqlamadır”.
Rakus.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.
“Müsahibədə Vladimir Putinə “Ermənistan bəyanatın şərtlərini yerinə yetirməsə nə olacaq?” sualı veriləndə o, bunun intihar olacağını deyib. Bu, doğrudan da, belədir”, – o bildirib.
Dövlət başçısı xatırladıb ki, bəyanatın imzalanmasından keçən ayyarım ərzində cəmi 1 atəşkəsi pozuntusu insidenti olub: “Bizdə olan məlumata görə, bu, Ermənistan rəhbərliyinin nəzarəti altında olmayan “könüllülər qrupu”, əslində isə yaraqlılar tərəfindən törədilib. Həmçinin qeyd etmək istəyərdim ki, Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması işləri gedir. O, bəyanatda da öz əksini tapıb. Mərkəz vəziyyətin müşahidəsini gerçəkləşdirəcək”.