“Qovulduğumuz üçün nə evimizi dəyişə bildik, nə də əşyalarımızı götürə bildik” - FOTO - VİDEO
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən olub.
O, doğulub boya-başa çatdığı Qafan rayonundan, babası ilə birlikdə gəzib-dolaşdığı kəndlərdən, ov ovlamasından, məktəb illərindən söhbət açıb, Qərbi Azərbaycanla bağlı uşaqlıq xatirələrini dilə gətirib. Bildirib ki, Qafan rayonunda yaşadığı illər, oradakı həyat tərzi indi də gözləri önündə canlanır və o xatirələr həyatında silinməz izlər buraxıb.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən danışan R.Həsən vurğulayıb ki, onların ailəsi, eləcə də Qafanda yaşayan azərbaycanlıların böyük əksəriyyəti qovulduqları üçün nə evlərini dəyişə biliblər, nə də əşyalarını götürə biliblər: “Hər 4-5 ailəyə bir yük maşını ayırmışdılar ki, minin və buranı tərk edin. O yük maşınına da ailə üzvləri sığışırdı. Zəruri kiçik əşyalardan başqa heç nə götürmək mümkün olmadı. Çünki yerləşdirməyə yer yox idi. Evimiz də, əşyalarımız da orada qaldı. Beləcə uşaq vaxtı bu qaçqınçılığı yaşadım. Qovulduğumuz üçün nə evimizi dəyişə bildik, nə də əşyalarımızın hamısını özmüzlə gətirə bildik. Sağ-salamat gəlib Azərbaycana çatmaq özü bir uğur sayılırdı o zaman. Çünki saqqallı ermənilər, quldur dəstələri pusqu qurur, azərbaycanlıların köç karvanının qarşısını kəsir, onları öldürürdülər”.
Deputat R.Həsən Qərbi Azərbaycan tarixinin olduğu kimi öyrənilməsinin, tədqiq edilməsinin, gələcək nəsillərə çatdırılmasının zəruri olduğunu söyləyib. O, Qərbi Azərbaycan İcmasının fəaliyyətinə, Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə də toxunub. Bildirib ki, İcma ətrafında cəmləşən azərbaycanlıların məqsədi və hədəfi öz ata-baba torpaqlarına topsuz-tüfəngsiz, dinc şəkildə, təhlükəsiz qaydada geri qayıtmaqdır. Onun sözlərinə görə, indiki Ermənistan milyonlarla Qərbi Azərbaycan sakininin pozulmuş hüquqlarını təmin etməlidir. Azərbaycanın Qarabağdakı erməni icması ilə danışıqlar aparmaq üçün nümayəndə təyin etdiyini xatırladan R.Həsən vurğulayıb ki, Ermənistan da eyni qaydada Qərbi Azərbaycan İcması ilə danışıqlar aparacaq nümayəndə təyin etməlidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tarixi torpaqlarımıza qayıdışla bağlı səsləndirdiyi fikirlərdən, həyata keçirdiyi siyasətdən söhbət açan deputat qeyd edib ki, dövlət başçısının qətiyyəti və prinsipial mövqeyi sayəsində Qərbi Azərbaycan türkləri Zəngəzura, İrəvana, Göyçəyə və digər ərazilərə mütləq qayıdacaqlar.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş sentyabrın 18-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.