Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi tədqiqatçı jurnalist Araz Yaquboğlu olub.
O, valideynlərinin doğulduğu Göyçə mahalı Basarkeçər rayonu Daşkənd kəndinin tarixindən, təbiətindən, maddi-mədəniyyət abidələrindən, kənd sakinlərinin həyat tərzindən danışıb. Bildirib ki, kənd ərazisində tapılan tarixi abidələr burada eramızdan əvvəl də yaşayış olduğunu təsdiqləyib.
O qeyd edib ki, ötən əsrin əvvəllərində silahlı erməni quldur dəstələri Qərbi Azərbaycanın bir çox yaşayış məntəqələri kimi Daşkəndi də talayıb, yandırıb, sakinlərini qətlə yetiriblər. Belə silahlı hücumlar zamanı daşkəndli Aşıq Nəcəf və onun övladları da qətlə yetiriliblər. Əvvəlcə aşığın övladları onun gözləri qarşısında diri-diri basdırılıb. Ardınca isə aşığın belinə qaynar samovar bağlayan erməni quldurları onu işgəncələrə məruz qoyaraq, qəddarlıqla öldürüblər.
A.Yaquboğlu bildirib ki, daşnaklardan müdafiə olunmaq üçün Daşkənd sakinləri 1919-cu ildə Azərbaycan Demokratik Cümhuriyyətinə teleqramlar yollayıb, yardım istəyiblər. Tədqiqatçının sözlərinə görə, onun valideynləri hələ uşaq olarkən – 1953-cü ildə Daşkənddən deportasiya olunan 130 ailə ilə birlikdə Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşıblar. O, 1988-ci il deportasiyasında da daşkəndlilərin böyük əziyyətlərə qatlaşdığını, qaçqına çevrildiyini, iki nəfər kənd sakininin faciəvi şəkildə dünyasını dəyişdiyini dilə gətirib.
Tariximizin yazılı şəkildə gələcək nəsillərə ötürməyin əhəmiyyətini qeyd edən A.Yaquboğlu “Vikipediya”da Qərbi Azərbaycan həqiqətlərinə dair səhifələr yaradıldığını, bu yolla həqiqətlərimizin dünyaya çatdırıldığını vurğulayıb. Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanmasına, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından irəli gələn tədbirlərin həyata keçirilməsinə münasibət bildirən A.Yaquboğlu bütün Qərbi azərbaycanlılar kimi dinc yolla dədə-baba yurdlarımıza, tarixi torpaqlarımıza qayıtmaq istəyini dilə gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş dekabrın 4-də saat 19:30-da Baku Tv-nin efirində və “YouTube” kanalında yayımlanıb.