Möhtəşəm bir gün – Xalqın Xankəndi sevgisi
Möhtəşəm bir gün…
Bu ilin 21 dekabr tarixində hamının nəzəri Bakıdan 329 km məsafədə yerləşən Xankəndiyə dikilmişdi. O şəhərə ki, 1991-ci ilin 26 dekabrında Ermənistanın işğalçı ordusu tərəfindən zəbt olunmuş və 32 il ərzində həsrətində qalmışdıq.
Bəli, dekabrın 21-i möhtəşəm bir gün oldu. Uzun illər ərzində Xankəndi haqqında başqa fikirləri beynimizə yeritməyə çalışmışdılar, guya Xankəndi məsələsi bir başqadır, onu Şuşa ilə, Laçınla, Ağdam ilə eyniləşdirmək olmaz. Amma Azərbaycan dövlətinin lideri, Ali Baş Komandan cənab İlham Əliyev bütün bu iddialarıalt-üst etdi.
Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi. Bu, sıradan bir futbol oyunu deyildi, bizim üçün Dünya, Avropa, Olimpiya çempionatlarının finalından da üstün hadisə idi. Xanın yadigar kəndi, şəhəri azı son əsrdə ilk dəfə idi azərbaycanlıların, doğma insanların isti nəfəsini, hərarətini, səsini bu qədər yaxından duyurdu, hiss edirdi. Həmin gün Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin, Xankəndi həsrəti ilə dünyasını dəyişən minlərlə vətəndaşımızın, şəhidlərimizin ruhları sevinirdi, çünki Xankəndi öz sahibinə qovuşub, nəinki sahiblərini gözləyir, artıq idman yarışına evsahibliyi edir.
6 min azarkeşin bu qədər məsafə qət etməsinə nə qışın soyuğu, nə uzaq yolçuluq mane olmadı. Əksinə, son saatlaradək.
Xankəndiyə getmək üçün nə qədər əlavə müraciətlər oldu, sosial şəbəkədə oyunu canlı izləmək fürsəti qazananlara həsəd aparanları müşahidə etdik. Bu, xalqın Xankəndi sevgisidir. Bu, həm də “Qarabağ” və Mərkəzi Ordu İdman Klubuna olan məhəbbətin, sayğının ifadəsidir.
Biri 30 illik işğal dönəmində Avropanın idman arenalarında Qarabağımızın rəmzlərindən biri olan “Qarabağ”, digəri Qarabağ azad edən müzəffər ordumuzun komandası.
Xankəndi Fatehinin stadiondakılara xitabən “Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!” deyərək sözə başlaması qəlbləri riqqətə gətirdi. Xankəndi neçə onilliklərdir belə xoşgəldinlərə tamarzı qalmışdı.
Şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsinin daha bir ilki oldu: ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak edirdilər.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bu tarixi matçı məhz şəhid övladları ilə birlikdə izləyirdilər. Qalib Sərkərdə bir daha yüksək tribunadan hər kəsin ürəyindən xəbər verən fikirlər söylədi. Bildirdi ki, “Qarabağ” və“MOİK” oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır. Ölkə başçısının qeyd etdiyi kimi, futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Çünki Xankəndi qədim Azərbaycan diyarıdır.
Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibi Azərbaycan xalqıdır!
Aynur Əsgərov – Salyan şəhər 2 saylı tam orta məktəbin direktoru