Daşnak Yaponun azərbaycanlılara yaşatdığı dram - FOTO - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə insanlar, millətlər arasında düşmənçilik toxumu səpən ermənilərin izitirmə hiyləgərliyinin qurbanı olan Keşişkənd rayonu haqqında süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, “Daşnak Yaponun azərbaycanlılara yaşatdığı dram” adlı süjetdə Qərbi Azərbaycan ərazilərində əsrlərdən bəri mövcud olan, lakin haylar tərəfindən viran qoyulan oğuz türklərinə məxsus yaşayış yerlərinin izini itirməyin ermənilər üçün əsas hədəf olduğu bildirilir.
Qeyd olunur ki, indiki Ermənistanın Dərələyəz mahalı ərazisində yerləşən Keşişkənd adı 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın 5 verstlik xəritəsində İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında toponim kimi qeyd edilib. Keşişkəndə erməni əsilli əhali 1829–1830-cu illərdə Çar Rusiyası tərəfindən İran və Türkiyədən köçürülüb. Buradan 1897, 1922, 1926, 1931 və 1940-cı illərdə yaşayan azərbaycanlılar məcburən qovulub. Rayon ərazisi 1905, 1916-1918-ci illərdə erməni daşnaklarının hücumlarına məruz qalıb. 1918-ci ilin yazında daşnak Yaponun hücumlarından yaxa qurtarmaq üçün dinc əhali Vedibasar özünümüdafiə dəstələrinin komandanı Abbasqulu bəy Şadlinskinin mühafizəsi ilə müvəqqəti olaraq Güney Azərbaycanda sığınacaq tapıb. Həmin əhali sonradan Naxçıvandan keçərək öz yurdlarına qayıdıb. 1920-ci ildə rayon ərazisində sırf 66 azərbaycanlı kəndi olduğu halda, 1988-ci il deportasiyasına qədər bu say 7-yə düşüb.
Diqqətə çatdırılır ki, Keşişkənd rayon kimi 1931-ci il oktyabrın 15-də yaradılıb: “1935-ci il yanvarın 3-nə kimi rəsmi olaraq Keşişkənd rayonu, həmin tarixdən 1957-ci il dekabrın 6-na kimi Mikoyan rayonu, ondan sonra isə Yeğeqnadzor rayonu adlandırılıb. Bu ərazidə 1988-ci ilə qədər azərbaycanlılar yaşayıblar və həmin ilin payızından başlayaraq ermənilər tərəfindən qovulublar. Hazırda yalnız ermənilərin yaşadığı bu ərazilərdən oğuz türkləri didərgin salındıqdan sonra saxtalaşdırma əməliyyatına start verilib. Ermənistan parlamentinin qərarı ilə rayon üzrə 23 tarixi yer adları dəyişdirilib, mərkəzi Yeğeqnadzor olan Vayots Dzor mərzliyi yaradılıb. Mərzliyə Keşişkənd, yəni Yeğeqnadzor, Paşalı/Əzizbəyov, yəni Vayk rayonları, eləcə də Quşçu/İstisu, yəni Cermuk şəhəri daxil edilib”.
Sonda vurğulanır ki, erməni fitnəkarlığının qurbanı olan bu ərazilərdən azərbaycanlıların uzaqlaşdırılması əbədi ola bilməz və Qərbi azərbaycanlılar doğma evlərinin qapısını açmaq arzusu ilə yaşayırlar: “Əminik ki, onlar qayıdacaq və dağıdılan ocaqlarında firavan həyat tərzini bərpa edəcəklər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında martın 6-da saat 19:30-da Baku Tv-nin efirində və 21:30-da Youtube kanalında yayımlanıb.