“Şorcalı mordvin gənci türk casusu adı altında İrəvanda öldürülüb” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, “Ruslar 1860-cı ildə Şorcanın türk əhalisini niyə köçürüb?” adlı bugünkü buraxılış Göyçə mahalının Çəmbərək (Krasnoselo) rayonu ərazisində yerləşən Şorca kəndinin tarixi, irsi, etno-mədəniyyəti, toponimləri araşdırılıb.
Bildirilib ki, rayon mərkəzindən 13 kilometr cənub-şərqdə Göyçə gölünün sahilində yerləşən kəndin adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. XIX əsrin 40-cı illərində kəndə ruslar (malakanlar) köçürüləndən sonra kənd həm də Nadejdino adlandırılıb. Kəndin adı erməni mənbələrində Şor Əli, Şorjalı, rus mənbələrində Şorcalı (Şordjalu) formalarında qeyd olunub. Bu toponim şorcalı tayfa adının əsasında yaranıb.
Qeyd olunub ki, 1919-cu il fevralın 5-də erməni dаşnаk tеrrоr qrupu Şоrcа kəndinə bаsqın еdib, bütün kişilər qılıncdan kеçirilib, uşаqlаr isə təndirə аtılıblаr. Ermənilər 1988-ci il iyulun 10-da Şorca kəndindən olan, İrəvanda yaşayan Mişa adlı mordvinli gənc oğlanı türklərin casusu adı altında öldürüblər.
Diqqətə çatdırılıb ki, Şorcalı türk tayfasının məskunlaşdığı, dağların əhatəsində olan kənd strateji yer olduğuna görə ruslar 1860-cı ildə kəndin türk əhalisini köçürüblər. Ermənilər tarixi silmək üçün Adatəpə kurqanını dağıdıb, dəmir yolu çəkiblər. Şorcada Alban məbədləri və onların üzərindəki yazılar saxtalaşdırılıb. 1988-ci ildən sonra ermənilər Şorcadakı iki alban kilsəsini erməniləşdiriblər.
Süjetdə Şorcadan olan ziyalılar erzyanların kimliyindən, onların Göyçə ərazisinə nəzarət üçün köçürülməsindən, Çəmbərək əhalisinin ermənilərə qarşı müqavimətindən, Adatəpə kurqanına qarşı erməni vandallığından və digər qaranlıq məqamlardan söhbət açıblar.
Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş iyunun 29-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.