“Daşnakların təsiri altında yaşamaq çox çətin idi” - FOTO - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, “Bizim təhsil və idman uğurlarımızı hayların gözü götürmürdü” adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Arçut kənd sakini Əflatun Məmmədovun həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq, orta məktəb illərindən, kənd həyatından söz açıb: “Kəndlə bağlı xatirələrimiz çox əzizdir, bizim üçün çox doğmadı. Yayı, yazı, payızı, qızşı özünəməxsus idi. Ucqar Böyük Qarakilisənin Arçut kəndində adət-ənənələri, elin gözəl dəyərlərini, mənəvi keyfiyyətlərini yaşatmaq özü bir müqəddəs amal idi. Biz üç-dörd min əhalisi olan Arçud kəndində maraqlı həyat tərzi keçirirdik”.
Onun sözlərinə görə, rayonlararası olimpiadalarda, idman yarışlarında ermənilərin bizə qarşı çirkin niyyətləri, yuxarıdan aşağı baxması xatirələrimdən çıxmır: “Böyük Qarakilsədə böyük stadion var idi. Biz orada çoxnövlük, yüngül atletika yarışlarına cəlb olunmuşduq, yaxşı nəticələr göstərmişdik. Bizim idman yarışında iştirak edənləri ermənilər əhatəyə aldılar. Kəndə gedən avtobusumuzu devirməyə çalışdılar. Onlar bizim müvəffəqiyyəti, göstəricilərimizi narahatlıqla qarşılayırdılar, gözləri götürmürdü. Onların bu niyyəti, ikilistandartı, bizə qarşı yönlənən xəbis, riyakar, çirkin bu əməlləri 1988-ci il deportasiyası ilə nəticələndi”.
Ermənilərin içində yaşamağın çox çətin olduğunu deyən Ə.Məmmədov bildirib ki, camaatın, sakinlərin hüquqları tapdanırdı: “Orada həyatımızı sürdürmək üçün mümkün olan davranışı, hərəkətləri edirdik ki, orada təhlükəsiz yaşayaq. Fəqət, bu bu həyat çox da sürmədi. Kəndin məşəqətli günləri başladı, artıq deportasiya illərini yaşamağa məhkum edildik. 1988-ci ilin Hamamlı, Spitak deyilən zəlzələsi bizim qurtuluşumuz oldu”.
O, 6 nəfərlik ailə üzvlərinin anasının himayəsində çətin günlərdən keçdiyini vurğulayıb: “Siptak zəlzələsindən sonra mən Bakıdan Qazağa gəldim. Kənddə komendant saatı idi. Bizi hərbçilər qarşıladı və konkret vaxt verdilər ki, səhər saat 6-da çıxmalısınız. Biz də axşam saat 7-də gəlib çıxmışıq. Soyuq qış günü, zəlzələ olmuşdu. Biz 1988-ci il dekabrın 8-də, zəlzələdən sonra bir-iki gün içində çıxdıq. Biz hamımız “Kamaz” markalı yük maşını ilə Qazağa, oradan da Bakıya gəldik”.
Arçut sakini 1918-ci illərdə yaşanan Vartana vəhşəti zamanı ermənilərin qoca, cavan, üşaq, körpə, hamilə qadınları məscidə yığıb yandırdığını, 1918-ci ildəki ilk deportasiyada qaçqın, köçkün düşənlərin Türkiyəyə qaçdığınıi, Arpa çayını keçən zaman insanların çaya düşüb boğulduğunu və xeyli itikələr olduğunu söyləyib.
O sonda vurğulayıb ki, ora ilə bağlı keçmişimiz, dəyərlərimiz bizi Qərbi Azərbacana hər vəchlə səsləyir: “Biz ona görə qayıtmalıyıq ki, o torpağın sahibi bizik. Əzəli dədə-baba torpağımızdır. Orada mənim babamın qəbri yatır. Torpaq babaların ruhudur, ulularımızın bizə mirasıdır. Biz tez-gec o torpağa qayıdacağıq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş iyulun 12-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.