SOS bir qrup media işçisini mükafatlandırıb - FOTO
“Security operation services” Məhdud Məsuliyyətli Cəmiyyət (SOS) tərəfindən Milli Mətbuatın 149-cu ildönümü münasibətilə bir qrup media işçisi mükafatlandırılıb.
İyulun 17-də bununla əlaqədar keçirilən tədbirdə yerli telekanalların, aparıcı Kütləvi İnformasiya Vasitələrinin rəhbər və nümayəndələri iştirak ediblər.
SOS-un direktoru Anar Məmmədov tədbirə dəvət olunan qonaqları salamlayıb, media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib. O, jurnalist peşəsinin ağır və məsuliyyətli olduğunu söyləyərək deyib ki, istər birinci Qarabağ müharibəsində, istərsə də ikinci Qarabağ savaşında Azərbaycan jurnalistləri fədakar fəaliyyəti ilə seçilib: “Bu mənada 44 günlük Vətən müharibəsində peşə fəaliyyətini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun fəaliyyəti seçilir və hər kəs üçün nümunədir. Bunu nəzərə alaraq Məhərrəm və Siracın adının yaşadılması və mükafatlandırılmasını özümüzə borc bilirik. Ona görə də gəlin, Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edək”.
Şəhid jurnalistlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bundan sonra A.Məmmədov rəhbərlik etdiyi SOS təşkilatı ilə əməkdaşlıq edən, mühafizə, təhlükəsizlik işinin marifləndirilməsində əməyi olan media təmsilçilərinə Milli Mətbuat Günü ərəfəsində mükafatlar və xatirə hədiyyələri təqdim edib.
“İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə peşə bayramı münasibəıtilə həmkarlarını təbrik edib, onların əməyinə verilən qiymətə görə SOS təşkilatınına təşəkkürünü bildirib. O, bu tədbirin jurnalistlərə göstərilən böyük ehtiramın nümunəsi adlandırıb: “Jurnalistika elə bir müqəddəs peşədir ki, onu əziyyətlərə qatlaşaraq sevmək mümkündür. Bu peşə istənilən ölkədə ictimai-iqtisadi-siyasi proseslərə təsir etmək gücündədir. Mətbuat Günü ərəfəsində belə tədbirlərin keçirilməsi Azərbaycan jurnalistikasına verilən yüksək qiymətdir”.
“Xalq qəzeti”nin Baş redaktoru Əflatun Amaşov 25 ildir ölkə jurnalistləri ilə təmasda olduğunu, onların mükafatlandırılması prosesində iştirak etdiyini vurğulayıb. O, hazırda özünün mükafata layiq görülməsinin həyatında xüsusi önəm daşıdığını söyləyib: “44 günlük müharibədə Azərbaycan jurnalistləri peşəkar fəaliyyəti ilə öz sözlərini dedilər. Öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək şəhid olan Məhərrəm İbrahimov, Sirac Abışov kimi jurnalistlərimiz oldu. Allah şəhid jurnalistimizə rəhmət eləsin. Onlar Vətənin ağrısını, erməni vandallığını yerli və dünya ictimaiyyətinə çatdırdılasr. Onların fəaliyyəti hər zaman təqdirəlayiqdir və Azərbaycan jurnalistikasına böyük şərəf qazandırıb”.
Mədəniyyət TV-nin Baş direktori Dilarə Səlim həmkarlarını təbrik edib, mətbuat tarixinin bizim üçün çox əziz olduğunu deyib, SOS-un rəhbərliyinə media işçilərini, bu peşənin sahiblərini yad edib diqqət göstərdiyinə görə minnətdarlığını bildirib.
BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, jurnalistika və elmi-pedaqoji fəaliyyət barədə, yeni nəsl media nümayəndələrinin üzərinə düşən vəzifələrdən söz açıb. O, milli mətbuatın yaranış günüdən indiyədək bu sahədə zəhmət çəkən qələm sahiblərinin heç vat unudulmadığını diqqətə çatdırıb, jurnalistika ixtisasına yiyələnmək, gələcək nəsil jurnalist nəslinin yetişdirilməsinin vacib olduğunu söyləyib, müasir jurnalistikanın inkişafı üçün təklif və tövsiyələrini diqqətə çatdırıb.
Baku Tv-nin redaktoru, Rakus.az saytının rəhbəri, jurnalist Əsgər İbrahimov böyük mütəfəkkir Həsən bəy Zərdabi ilə başlayan Azərbaycan mətbuatının çətin olduğu qədər də şərəfli yol keçdiyini, bütün proseslərdən hər zaman üzüağ çıxdığını söyləyib. O, Milli Mətbuat Günüdə qardaşı, eyni zamanda həmkarı olmuş şəhid jurnalist Məhərrəm İbrahimovun təltif edilməsini onun ailəsi üçün mənəvi təsəlli, onun peşəsinə verilən dəyərin, hörmətin nümunəsi kimi dəyərləndirib: “Bu, bizim üçün çox sevindirici və qürurvericidir. Şərəfli ölümündən sonra Məhərrəmin yad olunması, onun adına mükafat verilməsi Azərbaycan jurnalistikasına verilən dəyərin əlamətidir. Həmkarlarımızın əəməyinə verilən bu qiymətə görə SOS təşkilatının rəhbərliyinə təşəkkür edirik. Məhərrəmin şərəfli jurnalistika fəaliyyəti həmkarları üçün hər zaman qürurverici olub. Azərbaycan mətbuatı hər zaman ağır sınaqlardan keçib. Bu gündə bu şərəfli peşənin nümayəndələri kimi, bizlər bu yolu ləyaqətlə davam etdirir, dövlət, Vətən anlayışını heç zaman unutmuruq. Bu yolda canlarını fəda etmiş Məhərrəm və Sirac Azərbaycan mətbuatının gizli qəhrəmanlarına çevriliblər. Onların əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq”.
Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı, rejissor Şirzad Səmədov qardaşı Sirac Abışovun peşə fəaliyyətindın söz açıb, Vətənin ən ağır günündə Azərbaycan jurnalistlərinin, media təmsilçilərinin bir ordu halında hər zaman ön sırada olduqlarını vurğulayıb: “Məhərrəm və Sirac həm müharibə dövründə, həm də müharibədən sonrakı mərhələdə 8 ay cəbhə bölgələrində oldular, işğaldan azad edilən ərazilərdə ermənilərin törətdiyi vəhşiliklərin lentə aldılar, hərbi xəbərlərin bütün dünyaya çatdırılması üçün gecə-gündüz demədən çalışdılar. Onlar məhz torpaqlarımızın azadlığı uğrunda peşə fəaliyyətlərini yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldılar”.
O, bu peşənin sahiblərinə daim Zəfər xəbərləri tirajlamağı arzuladı, tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
SOCAR-ın əməkdaşı Əsəd Məmmədov Azərbaycan mətbuatının böyük inkişaf və qəhrəmanlıq yolu keçdiyini, müasir mətbuatın qəhrəmanlıq tarixinə şəhid jurnalist Məhərrəm İbrahimovun adının qızıl hərflərlə yazıldığını söylədi. O, iş yoldaşı və həmkarı olmuş Məhərrəmlə bağlı xatirələrini danışdı: “Mən də vaxtilə mətbuatda – AZƏRTAC-da işləmişəm. Rəhmətlik Məhərrəmlə bir otaqda çalışmışam, ondan jurnalistikanın, informasiyanın yazılma sirlərini öyrənmişəm. Bizim səmimi münasibətimiz möhkəm dostluğa çevrilmişdi. O peşəsinə böyük dəyər verdiyi üçün heç nədən çəkinməz, həmişə cəbhə bölgəsinə gedər, reportajlar hazırlayar, informasiyalar yazıb göndərərdi. Rəhmətlik xəbərlərini böyük məsuliyyətlə, həvəslə yazar göndərərdi, peşəsinə çox sədaqətli idi, hər işini sevə-sevə görər, informasiyaları operativ çatdırardı. Bu gün onun ölümündın sonra xatırlanması, adının mükafatlandırılanlar arasında olması bizi çox sevindirir. Çünki şəhid jurnalistlərimiz hər zaman unudulmazdır, onlar öz canları, qanları bahasına Azərbaycan mətbuatının adını həmişə uca tutublar”.
SOCAR-ın Təhlükəsizlik Xidməti əməkdaşı Səbuhi Şəldiyev təltif olunanları təbrik edərək, ekoloji problemlərin həllində, neft ərazilərinin mühafizəsi ilə bağlı maarifləndirmə işlərinin aparılmasında mətbuat işçilərinin fəaliyyətini yüksək dəyərləndirdi, jurnalistlərə peşə bayramı münasibətilə təbriklərini çatdırıb.
“Günü səsi” saytının Baş redaktoru Pərviz Həşimli, Baku TV-nin aparıcısı Arzu Kəlbi, Veteran.gov.az saytının Baş redaktoru Seymur Əliyev, “BakuPost” saytının Baş redaktoru Elçin Zahiroğlu, Oxu.az saytının Baş redaktoru Ülvi Səfərov, İTV-nin aparıcısı Nəzrin Hüseynzadə, eləcə də Real TV-nin, Azpolitika.az saytının nümayəndələri çıxışlarında jurnalist həmkarlarının sevincinə qoşularaq peşə bayramı münasibətilə mükafata layiq gördüklərinə, fəaliyyətlərinə verilən qiymətə görə 300-dən çox müharibə veteranı, qazi və şəhid ailəsini işlə təmin edən SOS təşkilatının direktoru Anar Məmmədova xüsusi minnətdarlıq ifadə ediblər.
Sonra Milli Mətbuat Günü münasibətilə rəmzi tort kəsilib, xatirə şəkli çəkdirilib və çay süfrəsi arxasında səmimi söhbət aparılıb.