“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, “Ermənistan Qərbi azərbaycanlılara görə qanunvericiliyini dəyişdirəcək” adlı süjetdə Azərbaycanın əsas tələbələrindən olan Ermənistanın Qərbi azərbaycanlılar üçün daxili qanunvericiliyini dəyişdirməsinin və onların ehtiyaclarına uyğunlaşdırmasının vacibliyindən bəhs olunur.
Bildirilir ki, Ermənistanın keçmiş ombudsmanı, Azərbaycana qarşı revanşist mövqeyi ilə seçilən Arman Tatoyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi ilə yanaşı, Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsinə yönəlmiş şərtləri olduğunu deyib: “Rəsmi Bakının yeni tələblərindən biri Ermənistan qanunvericliyinin Qərbi azərbaycanlıların qayıdışına uyğun vəziyyətə salınması, onların təhlükəsizliyinin və digər hüquqlarının qorunmasının təmin edilməsindən ibarətdir. Əslində sülh müqaviləsinin imzalanması üçün ilkin şərtlərdən biri də budur”.
Qeyd olunur ki, Qərbi Azərbaycana qayıdış Ermənistanın qanunvericiliyinin dəyişdirilməsi zərurətini yaradır: “Çünki Ermənistan dünyada monoetnik olan nadir dövlətlərdəndir. Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı Ermənistanı yeni reallıqla üz-üzə qoyacaq və ilk növbədə milli azlıqların hüquqları ilə bağlı qanunu qəbul etmək zərurətini ortaya çıxaracaq. Burada ən önəmli məqamlardan biri Ermənistanda yaşayan milli azlıqlarla müqayisədə Qərbi Azərbaycana qayıdacaq soydaşlarımızın malik olacaqları hüquqların miqyasıdır”
Diqqətə çatdırılır ki, Ermənistandakı milli azlıqların sayı minumum səviyyədədir və bu, rəsmi İrəvana onların səsini boğmaq, hüquqlarını təmin etməmək imkanı verir: “Lakin Qərbi Azərbaycana qayıdacaq soydaşlarımızın sayı ən azı 300 min olacaq. Onların birgəyaşayışı, təhlükəsizliyinin qorunması və digər hüquqlarının təmin edilməsi xüsusi önəm kəsb edir. Ona görə də mədəni muxtariyyətin verilməsi də istisna edilməyən variantlardan biri ola bilər”.
Erməni ekspertlər Qərbi Azərbaycana qayıdışın təmin edilməsi və Ermənistanın daxili qanunvericiliyinin bu reallığa uyğunlaşdırılmasının qaçılmaz olacağını proqnozlaşdırır. Şərhçi Sevak Akopyan hesab edir ki, proses təkcə azərbaycanlıların qayıdışı və hüquqlarının təmin edilməsi ilə yekunlaşmayacaq, eyni zamanda, Sünikin (Zəngəzur) sərhədboyu ərazilərinin bir qismi Azərbaycana təhvil verilə bilər.
Sonda vurğulanır ki, bir əsr öncə Azərbaycan torpaqları hesabına süni şəkildə Ermənistan adlı dövlət yaradıldı və XXI əsr torpaqların öz sahiblərinə qayıdışı əsri olacaq.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında aprelin 17-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.