Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı – TAM MƏTN - FOTO - VİDEO

Xəbər verdiyimiz kimi, iyulun 17-də Mətbuat Şurasının binasında 22 iyul – Milli Mətbuat Günü və Azərbaycan milli mətbuatının 150 illik (1875-2025) yubileyi münasibətilə şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib.
Rakus.az xəbər verir ki, jurnalist Əsgər Əlioğlunun (İbrahimov) müəllifi olduğu “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı Aprel (2016) və Tovuz (2020) döyüşlərində, eləcə də Vətən müharibəsində (2020) hərbi jurnalist kimi informasiya savaşının ön sıralarında olan, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında peşə fəaliyyətini yerinə yetirərkən erməni terroru nəticəsində 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlığında tank əleyhinə minaya düşərək faciəli şəkildə həlak olan, qələmi ilə şəhadətə, şəhidlik zirvəsinə ucalan, baba taleyi yaşayaraq 40-cı qapısı bağlı qalan, hərbi jurnalist Məhərrəm Əli oğlu İbrahimovun həyat hekayəsinə və ömür yoluna həsr olunub.
Kitabda 30 illik erməni işğalı dövründə uzun müddət cəbhəboyu zonaya ezamiyyətlərə gedən, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, 44 günlük müharibə zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar verən Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi 2-ci Qarabağ zəfərindən sonra Ermənistanın müharibə cinayətləri, mülki insanları hədəf alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərimizin dəhşətli mənzərəsi barədə birbaşa hadisə yerindən hazırladığı materiallar, informasiyalar toplanıb.
Kitabda Susuzluq faciəsindən sonra Azərbaycanın rəsmi orqanlarının, dövlət və hökumət nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının, xarici ölkələrin Azərbaycandakı səfir və səfirliklərin, BMT, UNESCO, “Human Rights Watch”, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Jurnalistlər Federasiyası, Azərbaycanın jurnalist təşkilatları və digər qurumların ermənilərin mina terrorunu qınayan, narahatlıq bildirən rəsmi bəyanatları, başsağlıq mesajları, yerli və xarici ölkə mətbuatında dərc olunan yazılar, keçirilən tədbirlər, eləcə də Azərbaycan Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş M.İbrahimov haqqında yerli və beynəlxalq mətbuatda dərc olunan məqalələr, onun hərbi jurnalist fəaliyyətinə dair yazılar və fotolar yer alır.
Bu kitab iki əsrdən çoxdur milyonlarla azərbaycanlının qəlbinə sağalmaz yara vuran erməni vandalizminin və mina terrorunun geniş iştimaiyyətə çatdırılıması, hərbi jurnalistika üzrə ixtisaslaşan tələbə və gənclərin formalaşması, jurnalistika fənninin tədris edildiyi ali və hərbi məktəblər üçün dərs vəsaiti kimi də nəzərdə tutulur.
Kitaba Milli Məclisin deputatı, diplomat, siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev, yazıçı-jurnalist, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, texnika elmləri üzrə fəlsəfə doktoru Hümbət Hüseynov rəy veriblər. Kitabın redaktoru filologiya elmləri üzrə fəlsəfə doktoru Zəkiyyə Kərimova, ön söz müəllifləri professor, Əməkdar jurnalist Qulu Məhərrəmli, istefada olan mayor, Əməkdar jurnalist Rəşid Faxralıdır. “Zərdabi Nəşr” MMC-də çap edilən və texniki redaktoru araşdırmaçı Qoşqar Abduyev olan nəşr 688 səhifədən ibarətdir.
Təqdimat mərasimində Milli Məclisin deputatları, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin tanınmış media qurumlarının rəhbər və nümayəndələri, aparıcı media təmsilçiləri, hərbi jurnalistlər, politoloq və siyasi şərhçilər, eləcə də ictimaiyyət nümayəndələri işrirak ediblər.
17.07.2025. 17:09
xxx
Mərasimi giriş sözü ilə açan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov nəşrin böyük qədirbilənlik nümunəsi olduğunu vurğulayaraq, kitab haqqında təəssüratlarını bölüşüb, hərbi jurnalist Məhərrəm İbrahimovun timsalında Vətən uğrunda canlarını qurban vermiş igidlərin qəhrəmanlıq yolundan, ermənilərin mina terrorundan, Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yoldan danışıb: “Hörmətli tədbir iştirakçıları. Bildiyiniz kimi, Məhərrəm İbrahimov və Sirac Abışov – iki media nümayəndəmiz 2021-ci ildə Ermənistanın mina terroru nəticəsində dünyasını dəyişdilər. Ümumiyyətlə, bütün dünyada müxtəlif söz azadlığından, media azadlığından məşğul olan müxtəlif qurumlar var ki, onlar peşə fəaliyyəti zamanı həyatını itirmiş jurnalistlərə həmişə önəm verirlər. Jurnalistin peşə fəaliyyətini yerinə yetirərkən dünyasını dəyişməsi müxtəlif beynəlxalq təşkilatların hesabatlarında həmişə əksini tapıb. Eyni zamanda, Məhərrəm İbrahimov və Sirac Abışov da mina terroru nəticəsində həyatlarını itirmələri də həmin təşkilatların hesabatlarında öz əksini tapdı.
Bundan başqa, biz həmin vaxta qədər mina terroru ilə bağlı Azərbaycan hökumətinin beynəlxalq miqyasda qaldırdığı müəyyən məsələlər var idi ki, bəzən buna etinasız yanaşma qeydə alınırdı. Amma bu iki şəhidimizin həyatını itirmələri nəticəsində bir növ beynəlxalq ictimaiyyətin Azərbaycanın mina terroru ilə bağlı qaldırdığı məsələyə münasibəti dəyişdi. Biz gördük ki, ondan sonra müxtəlif nüfuzlu beynəlxalq təşkilatların bəyanatları bir-birini sıraladı.
Bu kitabın Milli Mətbuat Günü və Milli MNətbuatın 150 illik yubileyi öncəsi təqdim olunur. Bunun özü böyük qədirbilənlik nümunəsidir, jurnalist əməyinə verilən böyük dəyərin bir nümunəsidir. Hesab edirik ki, onların timsalında, iki şəhid jurnalistimizin timsalında Azərbaycanın digər şəhid jurnalistləri də anılır. Bu kitab həm də onların xatirəsinə hörmətin bir nümunəsidir.
Bu kitab eyni zamanda, bir jurnalistin öz peşəsinə necə böyük sadiqliyinin, öz peşəsini sevməsinin örnəyi kimi də təqdim olunur. Çünki kitabı vərəqlədikcə, kitabın ayrı-ayrı hissələrinə nəzər yetirdikcə görürük ki, orada Məhərrəm İbrahimovun, həm də Sirac Abışovun təhlükəli zonalarda necə böyük fədakarlığa qatlanmaları, necə böyük çətinliklərdən keçərək öz peşə fəaliyyətlərini yerinə yetirmələri əksini tapıb. Əlbəttə, bu, böyük vətənpərvərlik nümunəsidir. Ona görə də cənab Prezident İlham Əliyev ölümündən sonra Məhərrəm İbrahimovun fəaliyyətini qiymətləndirdi. Arzu edək ki, bundan sonra Azərbaycan jurnalistikası kədərli anlardan uzaq olsun, peşə müstəvisində həyat itirmələr olmasın.
Həqiqətən də Azərbaycan jurnalistləri həmin faciəni yaşandığı gün çox həmrəy şəkildə dünya ictimaiyyətini məlumatlandırdılar. Eyni zamanda, kitabın xarici dillərə tərcümə edilməsi son dərəcə vacibdir. Güman edirik ki, qarşıdakı illərdə bu işə diqqət yetiriləcək.
xxx
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, diplomat, kitabın rəyçisi Rizvan Nəbiyev çıxışında M.İbrahimovun həyatını itirdiyi mina terrorunun qlobal təhlükə mahiyyətindən söz açıb. Jurnalist fəaliyyətinin belə təhlükələrdən sığortalanmadığını bildirərək, şəhid jurnalistin fədakarlığına və Azərbaycan dövlətinin mina təhlükəsi əleyhinə müxtəlif platformalarda apardığı fəaliyyətə diqqət çəkib:
“Hörmətli Əvəz müəllim, hörmətli Əsgər müəllim, hörmətli həmkarlar. Mətbuatımızın dəyərli nümayəndələri, xanımlar və cənablar!
Dörd il öncə iyunun 4-də Kəlbəcərin Susuzluq kəndi ərazisində biz bir faciə ilə üzləşdik. Mətbuatımızın iki dəyərli nümayəndəsi Məhərrəm və Siracı itirdik. Amma hadisə Susuzluk kəndi yaxınlığında baş versə də nə Azərbaycan cəmiyyəti, nə Azərbaycanın siyasi rəhbərliyi sakit qalmadı, susmadı. Bu faciə barədə və ümumilikdə, bu faciəni əsas götürərək ümumilikdə mina terroru barədə bu gün beynəlxalq müstəvilərdə dövlətimiz geniş fəaliyyət sərgiləyir. Mən məhz bu istiqamətdə bir neçə dəqiqə sizin vaxtınızı almaq istəyirəm. Yəni Azərbaycan dövlətinin mina terroruna qarşı, mina təhlükəsi istiqamətdə beynəlxalq müstəvidə həyata keçirdiyi fəaliyyətlər barədə danışmaq istəyirəm.
Bilirsiniz ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 17 dayanıqlı inkişaf məqsədi var. Hər bir dövlət, o cümlədən Azərbaycan Respublikası buna istinadla özünün milli, dayanıqlı inkişaf məqsədlərini müəyyən edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təklifi ilə 18-ci dayanıqlı inkişaf məqsəd kimi humanitar minatəmizləmə ora daxil edilib. Və hazırda qlobal səviyyədə də humanitar minatəmizləmənin dayanıqlı inkişaf məqsədi kimi qəbul olunması üçün dövlət başçısının təlimatı əsasında Azərbaycan diplomatiyası öz fəaliyyətini davam etdirir.
İkinci vacib istiqamət, bilirsiniz ki, mina terroru təkcə insanların həyatı üçün təhlükə deyil, eyni zamanda, mədəni irs üçün, ətraf mühit üçün və hər bir canlı üçün təhlükə törətdiyindən mina terroru çoxşaxəli, çoxbaşlı bir təhlükə kimi qəbul edildiyindən biz mümkün istiqamətlərdə də dövlət olaraq fəaliyyət sərgiləyirik. Bunlardan biri də mədəni irsə mina terrorunun vurduğu zərərlə bağlıdır.
Bilirsiniz ki, 1954-cü ildə “Mədəni irsin qorunması” haqqında Haaqa Konvensiyası qəbul olunub. Haaqa Konvensiyasına Tərəf dövlətlərin 2023-cü ildəki 15-ci beynəlxalq toplantısında Azərbaycan Prezidentinin təlimatı əsasında iş aparılaraq “Minaların mədəni irsə təsiri” ilə bağlı qətnamə qəbul edilmişdir.
Digər bir istiqamət isə Qoşulmama Hərəkatı çərçivəsində xüsusi qrupun yaradılmasıdır. Bu, mina terroru barədə Azərbaycanın timsalında dünya ictimaiyyətini məlumatlandırmaq və bu sahədə təcrübə mübadiləsi aparmaq üçün atılmış addımdır. Siz bilirsiniz ki, Azərbaycan ərazisinin, təqribən, 12-13 faizi mina ilə çirklənib. Bu, hardasa 1,5 milyon ədəddən artıq mina və partlamamış hərbi sursat deməkdir. Bunun təmizlənməsi üçün ilkin hesablamalara görə, milyard dollarla məbləğində vəsaitin tələb olunduğu bildirilir. Bu gün Azərbaycan dövləti əsasən öz vəsaiti hesabına bu tapşırığın öhdəsindən gəlir. Məhz bu istiqamətlərdki fəaliyyətlərlə yanaşı, kitabların yazılması, konfranslarda çıxışlar edilməsi, Azərbaycanın təşəbbüsü ilə tədbirlərin keçirilməsi çox vacibdir. Bir neçə il öncə Ağdamda keçirilən tədbir buna əyani misaldır.
Mənim vurğulamaq istədiyim məsələ ondan ibarətdir ki, biz Məhərrəmin yaşadığı bu faciəni əsas götürməklə, ümumiyyətlə, Azərbaycanın dəyərli mətbuat nümayəndələrinin hansı ağır şəraitdə çalışdığını, hətta Vətən uğrunda həqiqətlərin çatdırılması ilə bağlı həyatlarını belə riskə qoymaqdan çəkinmədiyini dünya ictimaiyyətinə çatdırırıq.
Əsgər müəllim, bu mənada sizə bu təşəbbüs və kitabın yazılması ilə bağlı təşəkkür edirəm. Ümid edirəm ki, biz bu kitabı müxtəlif dillərə tərcümə etdirib, bu kitabın timsalında digər mənbələrin də ərsəyə gəlməsinə öz töhfəmizi verəcəyik. Bu işdə bizim mətbuatımızın burada iştirak edən dəyərli nümayəndələrinin də fəaliyyəti çox önəm kəsb edir. Onların hər birinin simasını biz uzun illərdir həm çap mətbuatından, həm də televiziya vasitəsilə tanıyırıq. Onlar çox məsələlərdə örnəkdilər. Onların özlərinin sərgilədiyi fəaliyyət var. Bu iş üçün hər birinizə təşəkkür edərək uğurlar arzulayıram. Kitabın ərsəyə gəlməsinə görə zəhməti olanlara bir daha ürəkdən təşəkkür edirəm. Diqqətiniz üçün çox sağ olun.
xxx
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın qəhrəman jurnalistlərini, terror qurbanı olmuş jurnalistlərə həsr olunmuş növbəti kitabın təqdimatına toplaşmışıq: “Məhərrəm və Siracın faciəsi təkcə hərbi faciə kimi yox, həm jurnalistikanın, həm cəmiyyətin, həm də, ümumiyyətlə, erməni vandalizmini dünyaya nümayiş etdirmək üçün, səssiz terrorun davam etdiyini kifayət qədər sübut edir. Erməni vandalizminin nə qədər böyük cinayətlərə əl atmasını, nə qədər böyük faciələrə əl atmasını sübut edən böyük faktlardır.
Mən ilk öncə, bu kitabı ərsəyə gətirən bütün insanlara ürəktən təşəkkür edirəm. Təşəbbüskarlara ürəkdən təşəkkür edirəm. Hesab edirəm ki, bu kitab təkcə Məhərrəmin. Siracın və digər şəhid jurnalistlərimizin deyil, jurnalistikamızın şücaətli, qətiyyətli, cəsarətli və öz peşəsinə nə qədər sadiq qalaraq öz funksiyasını yerinə yetirməyi ortaya qoyan böyük bir mənbədir. O mənbə ki, baxmayaraq, ağır dönəmdə, çətin bir şəraitdə bu jurnalistlər peşə fəaliyyətini yerinə yetirmək üçün, hətta ölümün gözünə dik baxaraq qətiyyətli addımları atır, peşə fəaliyyətini uğurla yerinə yetirməyi özləri üçün ləyaqət simvolu hesab edirdilər. Əlbəttə, onların şəhid olması Azərbaycan xalqı üçün, Azərbaycan cəmiyyəti üçün, eyni zamanda, Azərbaycan jurnalistikası üçün böyük faciədir. Amma onların irsi, prinsipiallığı, onların jurnalistika üçün örnək, nümunə yolu seçdikləri düşünürəm ki, hər bir jurnalistin həyat fəaliyyətində mühüm amildir, mühüm rola malikdir.
Mən bu jurnalistlərimizin timsalında bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm, onlara Allahdan rəhmət diləyirəm və düşünürəm ki, şəhidlərin fəaliyyəti, özlərini. canlarını fəda etmiş bu insanların fəaliyyəti Azərbaycanın bir qəhrəmanlıq nümunəsidir, Azərbaycanın şücaət nümunəsidir. Vətəni, torpağı sevmək nümunəsidir. Məhz bu baxımdan düşünürəm ki, şəhid jurnalistlərin həyatı təkcə jurnalistlər üçün deyil, cəmiyyətin hər bir üzvü üçün örnəkli yoldur, örnəkli həyatdır.
Mən jurnalist şəhidlərimiz başda olmaqla bütün şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirəm. Təkrarən vurğulayıram ki, doğrudan da bu insanlar öz peşə prinsiplərini nə qədər sədaqətlə, nə qədər yüksək mətnlə, dəyanətlə, ləyaqətlə yerinə yetirdiklərini ortaya qoyur. Düşünürəm ki, bu kitabda məhz Məhərrəmlə Siracın həyatının prinsiplərinin davamı kimi gələcək gənc jurnalistlər üçün bir örnək olacaq. Bu kitabı oxuyarkən Məhərrəmin, Siracın nə qədər qəhrəmanlıq nümayiş etdirdiklərini və eyni zamanda, erməni quldurlarının, erməni cinayətkarlarının nə qədər vandal terrorlara əl atdıqlarını aydın şəkildə görəcəklər.
Mən bir daha təşəkkür edirəm, minnətdaram. Eyni zamanda, Mətbuat Şurasının rəhbərliyinə təşəkkür edirəm. Bütün təşəbbüskarlara, dəstək göstərən insanlara təşəkkür edirəm. Əlbəttə, bu kitab böyük həcmdə olan kitabdır. Mən bu gün kitaba baxmışam, daha yaxından tanış olacam. Burada tamamilə düzgün qeyd olundu, deputat həmkarım Rizvan müəllim qeyd etdi, belə kitablar digər dillərə də tərcümə olunmalıdır, xarici ölkələrin nümayəndələrinə təqdim olunmalıdır. Həmin ölkələr erməni quldurlarının səssiz mina terrorunun qurbanlarını, insanların qətlində, həlak olmasında bunların çirkin əməllərini aydın şəkildə görməlidirlər.
Bir daha təşəkkür edirəm, minnətdarlığımı bildirirəm və Allahdan rəhmət diləyirəm!
xxx
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli xatırladıb ki, Vətən müharibəsindən sonra Sirac və Məhərrəm yarım ildən çox cəbhə bölgəsində olublar: “Kitab haqqında və bizim iki şəhid həmkarımız haqqında uzun-uzadı danışa bilməyəcəm. Çünki hər ikisini yaxından tanıdığım üçün və danışdıqca onların o çöhrəsi adamın gözünün qarşısında canlanır.
Məhərrəm və Sirac haradasa yarım ildən çox idi cəbhə bölgəsində idilər. Onlar orada nə iş görürdülər? Onlar həmin ərazilərdə orada bütün dağıntıları, müharibənin vurduğu ziyanı, erməni vandalizmini rəsmiləşdirirdilər. Onların ərsəyə gətirdikləri faktlar o qədər qiymətlidir ki, bir neçə belə kitaba sığa bilər. Azərbaycan dövləti, Azərbaycan jurnalistləri həmişə onların topladıqları zəngin faktlara istinad edirlər və edəcəklər. Bu, müharibə cinayətlərini sübut edən Məhərrəm ilə Siracın gördüyü işlər idi. Onlara iki dəfə deyilmişdi ki, siz geri gələ bilərsiniz, yəni onlar əvəz edilsin. Amma onlar geri qayıtmamışdılar, fəaliyyətlərini davam etdirmişdilər. Bunu Əsgər müəllim özü yaxşı bilir. Bilirsiniz, yəni onlar bu işi sevərək, bu çətinliyi bilərək görürdülər. Onlar informasiya toplamaq üçün həyatlarını fəda etdilər, qanlarından keçdilər.
Əvəz bəy bayaq bu məsələnin beynəlxalq rezonans doğurması barədə dedi. Sözün açığı, mən o fikirlə tam razılaşa bilmərəm. Çünki bizim jurnalistlərimiz şəhid olanda müxtəlif beynəlxalq təşkilatlar, “Sərhədsiz Repartyorlar Təşkilatı” başda olmaqla bəyanat verdilər ki, Azərbaycanda iki jurnalist qətlə yetirilib. Amma iki jurnalistin qətlinin səbəbi nədir, bu barədə heç bir söz deyilmədi. Biz – Media İnkişaf Agentliyi olaraq Azərbaycan jurnalistləri adından bəyanat verdik ki, bizim bu həmkarlarımız keçdikləri ərazidə təkrarən qoyulmuş, məqsədli şəkildə basdırılmış minaya düşüblər. Yəni bunlar erməni terrorunun qurbanıdırlar. Çox təəssüflər olsun ki, o təşkilatlar, söz, ifadə azadlığını müdafiə etmək məqsədi olan təşkilatlar Azərbaycanın bu haqlı mövqeyini, bu ədalətli yanaşmanı indiyə qədər hələ ifadə etməyiblər. Onların sənədlərində belə bir məsələ əksini tapmayıb. Amma biz bunu müxtəlif dillərdə yaydıq və bacardığımız qədər çalışdıq ki, dünya bu cinayət barədə məlumat əldə etsin. Yəni, əgər jurnalist dünyanın istənilən qaynar nöqtəsində peşə borcunu yerinə yetirərkən həyatını itirirsə, ona yanaşma da eyni olmalıdır. Mücərrəd formada iki jurnalist qətlə yetirilib deyib üstündən keçmək olmaz.
Hər iki qardaşımızın işıqlı xatirəsi həmişə bizim qəlbimizdə yaşayacaqdır. Bizim Azərbaycan jurnalistlərin, – Mirşahin müəllim odun-alovun içindən keçmiş adamdır, – birinci dəfə deyil ki, erməni gülləsinə tuş gəlir. Azərbaycan jurnalistləri birinci dəfə deyil ki, şəhid olur və cəmiyyəti informasiya ilə təmin etmək uğurunda canlarından keçirlər. 150 yaşlı mətbuatımızın yubiley ilində arzu edək ki, bu, mətbuatımızın verdiyi sonuncu şəhidlər olsun. Jurnalistlər öz peşə borclarını yüksək keyfiyyətlə, zövqlə, cəmiyyəti təmin edəcək səviyyədə, təhlükəsiz şəraitdə həyata keçirə bilsinlər. Çox sağ olun.
xxx
Milli Məclisin deputatı Azər Allahverənov da çıxışı zamanı söyləyib ki, mina terroru varsa, deməli, təhlükə də var, müharibə davam edir: “Məhərrəmgilin gördüyü iş həqiqətən çox ağır bir iş idi. 44 günlük Vətən müharibəsindən dərhal sonra, 30 ildən çox müddət ərzində ölkəmizə vurulmuş ziyanın sənədləşdirilməsi, video çəkilişlərin aparılması psixoloji cəhətdən də ağır bir məsələdir. Digər tətəfdən, bildiyiniz kimi, onlara qarşı törədilən bir təxribat vardı. Kim bilir, bəlkədə, ola bilsin, bu qrup xüsusilə hədəf alınmışdı. Çünki Kəlbəcər çox mürəkkəb dağ relyefinə malikdir və təxribat qrupları bəlkə də elə bilərəkdən həmin o tarixi abidələri sənədləşdirən qrupu hədəfə almışlar. Təəssüflər olsun ki, nəticədə buna müvəffəq oldular.
Ümumiyyətlə, Azərbaycan jurnalistikası 1988-ci ildən üzü bəri götürdükdə hər zaman ön cəbhədə olub. Əsgərlərimiz əlində silah, jurnalistylərimiz əlində kamera, qələm, mikrafon, yəni heç nədən çəkinmədən çalışıblar. Təəssüflər olsun, itkilərimiz də olubdur. Vertolyotda həlak olan jurnalistlərimiz, Laçın, Şuşa istiqamətlərində dversiya qruplarının qətlə yetirdikləri jurnalistlərimiz, döyüş bölgəsində həlak olan bizim jurnalistlərimiz – bunların hamısı xalq, dövlət, cəmiyyət üçün sözün əsl mənasında, böyük itkilərdir. Təsəvvürünüzə gətirin, bu insanlar hələ yaşasaydılar yaradacaqdılar, bizi yeni-yeni uğurları ilə sevindirəcəkdilər. Amma təəssüflər olsun, onlar yoxdular.
Bu gün bu kitabı ərsəyə gətirənlərə öz təşəkkürümü bildirirəm. Nə üçün? Çünki bizdə tədqiqatçıyıq, təhlilçiyik, maraqlanırıq, axtarırırq, baxırıq. Mən kitaba bir balaca göz gəzdirdim, mündəricat hissəsinə də baxdım. Gördüm ki. burada çox vacib məlumatlar bir kitab şəklində daxil edilibdir. Bizdən sonra gələn nəsil hansısa videogörüntülər, müsahibələr yox, məhz elə bu kitabı nəzərdən keçirməklə faktiki olaraq istər Məhərrəm qardaşımızın, istər Sirac qardaşımızın keçdiyi, – mən buna peşə yolu demirəm, döyüş yolu deyirəm, – bu döyüş yolu barədə müəyyən təsəvvürün formalaşmasına nail ola bilərlər. Çünki kitabda mən gördüm ki, bunların hamısı yığcam şəkildə bu informasiyalar verilibdir. Amma nə yazıq ki, biz bundan sığortalanmamışıq. Təbii ki, mən burada deyilən fikirlərə şərik olmaq istəyirəm, eyni zamanda, arzulara da qoşulmaq istəyirəm, ümid edək ki, bu, bizim sonuncu şəhidlərimiz, jurnalistlərimiz olsun.
Müharibə davam edir. Mina terroru varsa, deməli, ölkəmizə qarşı k, müharibə davam edir. Rizvan müəllim qeyd etdi, biz müxtəlif platformalar vasitəsilə müraciətlərimizi edirik . İndi “Sərhədsiz Reportyorlar Təşkilatı”, ümumiyyətlə, Azərbaycanın çağırışlarına qoşulan beynəlxalq təşkilatlar qətlə yetirilən iki jurnalist barədə yazır, amma mina terroru barədə heç nə yoxdur. Təssüf ki, biz bu meydanda da təkik. Amma dövlətimiz güclüdür, Ali rəhbərimiz güclüdür və biz öz imkanlarımız hesabına ərazilərimizi minadan təmizləyirik. Təbii ki, başa düşürük, niyyət bəllidir, qayıdışı əngəlləmək, qayıdışı çətinləşdirmək, insanlar arasında xof toxumu səpmək, nəticə etibarilə, hətta mümkün qədər postmüharibə dövründə belə zərər vurmaq. Onlar bu zərər vurmaq niyyətindən də əl çəkmirlər. Lakin biz istənilən halda daha qətiyyətli şəkildə öz fəaliyyətimizi davam etdirməliyik.
Bir qədər əvvəl, həmkarlarımdan kimsə dedi, ixtisaslaşmış jurnalist peşəsi sahibi olmaq şox çətindir. Ümumiyyətlə, jurnalist olmaq çox çətindir. Yaxşı jurnalist böyük səy tələb edir. Yaxşı jurnalist olmaq böyük zəhmət tələb edir. Təbii ki, mən bizim jurnalistika ilə fəxr edirəm. Tədbirə dəvət etdiyiniz və belə bir kitabı ərsəyə gətirdiyiniz üçün bir daha təşəkkür edirəm.
xxx
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, media bütün zamanlarda hər zaman Qarabağ məsələsini diqqətdə saxlayıb: “Hər gün Qarabağ haqqında yazılırdı. Ona görə müasir nəsil Qarabağ uğrunda mübarizədə aktiv iştirak edib. Bu mövzu heç zaman Azərbaycan mediasından kənar olmayıb. Hər gün Qarabağ haqqında yazılıb. Bu baxımdan Azərbaycan jurnalistikasına, onların yubileyinə peşə bayramı ərəfəsində həqiqətən təşəkkür düşür.
Burada vurğulandı, necə ki, 1-ci Qarabağ müharibəsində Azərbaycan media nümayəndələri şərəfli fəaliyyət göstərdilər, şəhidlik zirvəsinə ucaldılar. Biz bunu eynən 2-ci Qarabağ müharibəsində də gördük. Yəni burada bir varislik, ənənə davam edib. Hesab edirəm ki, bu, Azərbaycan jurnalistikasının böyük uğurudur. Onilliklər boyu gələn bir uğurdur.
Kitabla bağlı onu demək istəyirəm ki, həqiqətən bu kitabda təkcə şəxsi məlumatlar yox, həm də rəsmi məlumatlar toplanıb. Düşünürəm ki, Əsgər müəllim təkcə qardaş borcunu yox, həm də bir vətəndaşlıq və jurnalist borcunu yerinə yetirib. Həm öz qardaşı, ailəsi qarşısında, həm Göyçə mahalı ictimaiyyəti qarşısında, həm də Azərbaycan ictimaiyyəti və jurnalistləri qarşısında çox dəyərli bir iş görüb. Bu insanlar vaxtilə öz uşaqlıq illərində, yeniyetmə dövrlərində erməni faşizmindən əziyyət çəkiblər, onu görüblər, qaçqınlıq hyatı yaşayıblar, gəlib Bakıda məskunlaşıblar.
Mən öz hissimi bölüşmək istəyirəm ki, Məhərrəmi də, Siracı da heç zaman o yoldan döndərmək olmazdı. Göyçə mahalına, Qərbi Azərbaycana gedən yol Kəlbəcərdən keçir. Bunu hər kəs bilir ki, istənilən Qərbi azərbaycanlı, Göyçə mahalından olan insanlar Kəlbəcərdə artıq Göyçəni duyurlar. Təsadüfü deyil ki, cənab Prezident də Kəlbəcərdəki çıxışında işarə edərək söyləyir ki, Basarkeçər, Göyçə və s. Ona görə nə Məhərrəmi, nə Siracı o yoldan döndərmək mümkün deyildi.
Sonda bir fikrimi də bölüşmək istəyirəm. Tarix boyu Qarabağ heç zaman işğal oluna bilməmişdi. Çünki onun arxasında Qərbi Zəngəzur və Göyçə mahalı var idi. Tarixi bir eynilik təşkil edir. Sovet dövründə sərhəd bölünüb, amma əslində insanlar bölünməmişdi, eyni adət, eyni ənənə, eyni musiqi. Tarix boyu məhz Göyçə mahalı, Qərbi Azərbaycanda insanlarımız, soydaşlarımız yaşadığına görə hər zaman konfliktlər baş verəndə köməyə birinci çatıblar. Ona görə bu kitab həm də onun bir müjdəsidir ki, mütləq öz həyatlarını fəda etmiş, şəhid olmuş əslən Qərbi Azərbaycandan olan insanların da bir mənəvi haqqı var ki, torpaqlarına qayıtsın.
Əsgər bəy, mən sizə arzu edirəm və əminəm ki, bu arzu mütləq çin olacaq, yəqin yaxın gələcəkdə sizə qismət olacaq bizim öz doğma kəndimizdə bu kitabın təqdimatını edəcəksiniz. Çünki cənab Prezident o müjdəni vermişdi ki, o, mütləq öz babasının qəbrini ziyarət edəcək. Məncə, bu, bütün Qərbi Azərbaycanın əslən o bölgədən olan insanlarına qismət olası bir hadisədir.
Allah Məhərrəmə də, Siraca da rəhmət eləsin. Sizlər də, Mətbuat Şurası da, buradakı dəyərli həmkarlarımız da, jurnalistlər də, media nümayəndələri də sağ olsunlar. Belə bir kitab ərsəyə gətirilib, bu, əbədi qalacaq və gələcək nəsillər Azərbaycan jurnalistlərinin necə qəhrəman insanlar olduğunu bir daha görəcəklər. Çox sağ olun!
xxx
“Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı isə bildirib ki, kitabın ərsəyə gətirilməsi, onun gələcək nəslə ötürülməsi qəhrəmanlarımızın unudulmaması üçün böyük töhfədir: “Mən belə hesab edirəm ki, bundan sonra bu kitabı kim oxuyacaqsa, bu qəhrəmanları yada salacaq. Ona görə də bu kitab öz qəhrəmanlarının unudulmaması üçün çox böyük bir töhfədir. Çünki biz onları unutsaq, onlar unudulur və ölür. Amma biz buna yol verə bilmərik. Məhz bu kitab həmin qəhrəmanlarınunudulmaması, onların yaddaşlardan silinməməsi, ölməməsi üçün bir nümunədir.
Mən onlara Allah rəhmət eləsin deyirəm və bu kitabın ərsəyə gəlməsi üçün əlindən gələni edən, zəhmət çəkən hamıya təşəkkürümü bildirirəm. Var olasınız. Jurnalistika doğrudan da çətin peşədir. Belə bir kəlmə var, jurnalistlər yerindən qalxıb pərvazlanan, uçan quş idilər, vuruldular. Amma biz onları unutmamalıyıq. Təşəkkür edirəm.
xxx
“Real TV”nin rəhbəri, telejurnalist Mirşahin Ağayev bildirib ki, kitabların ən yaxşı xüsusiyyəti silinə bilməməsidir: “Mən əslində üzümü sizə yox, Məhərrəmə və Siraca tutub danışmaq istəyirəm. Təbii ki, bizim bu gün bura toplaşmağımızın səbəbi Məhərrəmdir, eyni zamanda, Siracdır. Bilmirəm, bəlkə indi orada vəziyyət dəyişib. Mən işğaldan azad olunandan sonra müxtəlif vaxtlarda Kəlbəcərə getmişəm. Amma Məhərrəmlə Siracın həlak olduğu yerə gedə bilməmişəm. Orada yenə mina təhlükəsi qalır. Ora jurnalistləri buraxmırlar. Nə qədər ki, ora jurnalistləri buraxmırlar biz bilməliyik ki, Azərbaycanda mina müharibəsi davam edir. Çingizin də həlak olduğu yerdə olmuşam. Salatın xanımın, Kazımağanın həlak olduğu yerdən reportaj etmişəm. Qarakənd faciəsinin baş verdiyi, helikopter qəzasının baş verdiyi ərazidən reportaj etmişəm. Amma bir neçə dəfə cəhd göstərmişəm, ora sadəcə olaraq icazə verməyiblər. Düşünürəm, əlimizdən gələni etməliyik ki, hələlik, birinci tapşırıq kimi, Məhərrəmgilin həlak olduğu yeri ziyarət edək. Lazımdırsa, ora ayrıca bir qrup göndərək, minalardan təmizlənsin və jurnalistlərimizin həlak olduğu əraziyə baş çəkək.
Bilirsiniz, mən ümumiyyətlə, keçmiş vasitəsilə gələcəyin təbliğ olunmasını daxilən qəbul etmirəm. Məndən ötrü kitab keçmişdir. Gələcək internetdir, iPaddır, nootbukdur, planşetdir. Hər şeyin rəqəmsallaşdığı bir dövrdə biz kitaba müraciət ediriksə, bu, ilk növbədə, kitabın daha etibarlı olmasından irəli gəlir. Nəsə yazırıq, kiminsə xoşuna gəlmir, xahiş edirik, özümüz haqqında, başqa birisi haqqında onu sildiririk. Kitabın ən böyük üstünlüyü odur ki, o, silinmir. Mən bu mənada, – bəlkə biz bir az tələsirik xarici dillərə tərcümə üçün, – çox xahiş edərdim ki, bu kitabı, Məhərrəm İbrahimovun həyatı və fəaliyyətinə həsr edilən bu kitabı Axundov Kitabxanası başda olmaqla, Azərbaycandakı bütün kitabxanalara hədiyyə edək. Belə kitablar orada qalmalıdır. Çünki kitablar müəyyən müddətdən sonra sıradan çıxa bilər, sonra tapılmır. Bu, Azərbaycan dilindədir, kitabxanalarda saxlanılmalıdır. Ola bilər, kitabxanalarda baxan azdır, kitab oxuyan azdır, indi hətta kitabları küçələrdə “sənin yanındakı qəşəng qızın canı”, yaxud “bir salfet üstündə” satan adamlar var. Özlərinin “peşəkar reputasiyalarını”, “peşəkar ismətlərini” satışa çıxarmaqdan ötrü kitab satan adamlar var. Əslində isə “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kimi kitablar Azərbaycanda kitabın nüfuzunun qalxmasına səbəb olur. Biz nə qədər rəqəmsallaşsaq da “Qurani Kərim” haqqında deyirik müqəddəs kitabdır. Demək, bu söz artıq onun beynində, onun şüurunda oturub.
Məndən ötrü Məhərrəm haqqında, Sirac haqqında danışmaq həm ona görə çətindir ki, Sirac REAL TV-də də işləyib və bir müddətdən sonra işdən çıxıb getdi. İşdən çıxıb gedəndən sonra həlak oldu. Məhərrəmin qardaşı Əsgərlə isə biz cənab Prezidentin müxtəlif səfərləri zamanı bir komandada müşaiyət etmişik, həmişə bir-birimizlə əlaqəmiz olub. Mən özümü Məhərrəmin bəlkə də qohumları qədər yaxın hesab edirəm. Bir-iki dəfə telefonla danışmışıq. Çox danışmaq istəmirəm, hamının ürəyi doludur. Amma bir şeyi mütləq deməliyəm.
Bilirsiniz, Məhərrəmin də, Siracın da məşğul olduğu sahə işğaldan azad olunmuş ərazilərimizdə baş verən prosesləri, dağıntıları, qarabalıqları qeydə almaq müəyyən mənada tarix üçün inventarlaşdırmadan ibarətdir. Yəqin ki, onların həlak olması o inventarizasiyanın sonuncu nöqtəsi oldu. Dağılan binalar, həlak olan insanlar, – o cərgəyə o adamlar qoşuldular. Mən o kadralara tez-tez baxıram. Avtobus gedir, hamımız bilirik ki, hələ oradakı insanlar sağdır, bir anda partlayış olur və partlayışdan sonra artıq hamısını, hər şeyi görürük.
Çingiz Mustafayevin məhşur bir ifadəsi var idi. Həmişə onu xatırlayırıq. Xocalıda uşağı qucağına qaldırır və deyir: “üzünü qaldır, üzünü”. Çox qəribədir ki, o, iki dəfə “qaldır” sözündən istifadə edib. Birinci dəfə Xocalıda uşağın “qaldır” üzünü deyir, ikinci dəfə isə həlak olduğu an, həlak olarkən o sözü deyir. Yanındakı əsgərəmi, döyüşçüyəmi, bilmirəm, ağrının, iniltinin içində kiməsə deyir ki, kameranı “qaldır”. Kameranı yerdən qaldırmaq prosesi kamerada var.
Mən emosional, pafosla danışmaq istəmirəm. Hamı mənim metafor imkanlarım, alleqoriyada nəyəm, kiməm, bilir. Bunları kənara qoyaq. Söz oyunundan istifadə etmirəm. Bax bu adamın bu kitabını qaldırmaq hər birimizin şərəf borcu, vicdan borcu olmalıdır. Əli müəllim, yaxşı bir söz dedi, həmkəndli sözü bizim hamımıza aiddir. Çünki kənd sözü yalnız kənddən ibarət deyil. Kənd sözünün Azərbaycan dilində tərcüməsi öz deməkdir, özümüz deməkdir. Biz özümüzü bax bu kitabda, Məhərrəmlə özümüz həlak olmuşuq, Siracla özümüz həlak olmuşuq. Əgər Məhərrəmi də, Siracı da nə qədər sağıq, xatırlayırıqsa, onlar yaşayırlar. İnanın, bu pafoslu söz deyil, bu, doğrudan belədir.
Əsgər, mənim sənə bağışladığım saz qalırmı? Çox xahiş edirəm, bu gün o sazda bir ruhani çal. Emosiallığıma görə məni bağışlayın, çünki mən bilirəm, Məhərrəm ruhani havasını necə xoşlayırdı. Onu mən çox gözəl xatırlayıram. Bayaq mənim adımı çəkdilər, odun-alovun içindən keçmişik. Bilirsiniz, Cıdır düzünə gedəndə orada jurnalistlərin əksəriyyətini görmüşəm. Onlar üzlərinə gün yandırmasın deyə krem çəkirlər. Elə mənim özüm də çəkmişəm ki, çəkiliş vaxtı zədə almayaq. Hər dəfə o kremi çəkəndə bilirsinizmi adamın ağlına nə gəlir?! Tankın içində yanan adamlar, adam onlardan utanır. ..
Mənə elə gəlir ki, Məhərrəmin o dünyada ruhu, bu dünyada yaxınlarının ürəyi o vaxt rahatlıq tapacaq ki, onun bizə qoyduğu yadigarları qoruyacağıq, gələcək nəsillərə çatdıracağıq. Yəni onun arzuladığı tərzdə çatdıracağıq. Saatlarla, günlərlə, aylarla danışmaq olar.
Rəhmətlik Heydər Əliyev 1990-cı ildə bizə bir dəfə müsahibə vermişdi. O vaxt elə onun televiziya üçün birinci müsahibəsi idi. Biz ona yaşla bağlı sual vermişdik. O, maraqlı bir cavab vermişdi: “Siz yaşı yox, işi fikirləşin”. Onda adamın yadına yaş düşmür. Mən burda yaş sözünü gözün yaşına transformasiya edərdim. Biz işləyəndə gözümüzün yaşı da yadımıza düşməməlidir. Biz Məhərrəm kimi adamları sevməliyik. Bu adamların qədrini bilməliyik. Bu adamlar haqqında fikirləşməliyik. İnanın mənə, bəzən elə şeylər olur ki, adamlar onun dəyərini bilmirlər. Mən şəhidlərimizin 3 minə yaxın sayını biləndə ağlıma gəldi ki, bu, Azərbaycan dövlətinin Vətən olaraq yenidən qiymətləndirilməsidir, böyük bir inventarizasiyadır. “Bu gün Azərbaycan dövlətinin qiyməti nədir” sualının cavabı nə neftdir, nə qazdır. Azərbaycan dövlətinin qiyməti o 3-4 min şəhiddir. Bax bu qiymət Azərbaycan dövlətini daha qiymətli edir.
Allah Məhərrəmə də, Siraca da rəhmət eləsin və bizə ümid versin ki, o adamların ruhunun xidmətində dayanaq. Sağ olun, hamınıza təşəkkür edirəm.
xxx
Milli Məclisin deputat Pərvin Kərimzadə vurğulayıb ki, jurnalistlər, Azərbaycanın bütün sahələrində çalışan hər kəs Vətənin, dövlətin maraqlarını üstün tutmalıdırlar: “Milli Mətbuatımızın 150 illik yubileyi qeyd olunduğu bir gündə qəhrəmana həsr olunmuş kitabın təqdimatında iştirak edirəm. Ona görə də icazə versəniz, ilk öncə, burada əyləşən bütün mətbuat nümayəndələrini, dəyərli jurnalistlərimizi, kameramanları, burada olan bütün media mənsublarını qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edim.
Bilirsiniz, bəlkə də şəhidimizə hərs olunan kitabın təqdimatında təbrikləri demək o qədər də düzgün olmur. Amma şəhidlərimiz şəhid olur ki, bu gün Azərbaycan yaşasın, bu gün Azərbaycan var olsun. Burada əyləşən jurnalistlərin hər birinə Zərdabi irsinə sadiq qalmağı arzu edirəm. Biz hər zaman bu sözü deyirik, amma Zərdabi irsinə sadiq qalmaq o deməkdir ki, hər zaman Vətəni təkcə sözdə deyil, əməlində sevəsən. Zərdabi irsinə sadiq qalmaq o deməkdir ki, hər zaman milli maraqlar bütün fəaliyyətinizin ana xətti olsun. Təkcə jurnalistlərin deyil, təkcə millət vəkillərinin deyil, hər bir Azərbaycan vətəndaşının harada çalışırsa-çalışsın məhz milli maraqlar fəaliyyətinin ana xətti olmalıdır.
Bura gələndə məndə düşündüm ki, Mirşahin müəllimin vurğuladığı kimi, bəlkə emosional danışmayaq, emosiyadan uzaq olaq, amma bu kitabın sonunda bir şəkil var, yəqin ki, baxmısınız. Burada övladlarının başını yerə dikib baxmağıdır. Məhərrəmin iki övladının başını yerə dikib baxmağıdır.
Sizi inandırım ki, bu şəkili gördükdən sonra bura gələndə danışdıqlarımın tam əksi olan fikirlər söyləmək istədim. Nə baxımdan?! Nə qədər istəsək də emosiyadan uzaq ola bilməyəcəyik. Nə qədər istəsək də hansısa ürəkdən gələn sözləri deyil, tam siyasi fikirlər söyləyə bilməyəcəyik. Çünki burada uşaqların şəkili var. Burada uşaqların boynu bükük, başını yerə dikilmiş baxışları var. Onlar hər zaman “Biz Səni axtarırıq, Ata!” deyəcəklər. Amma “Biz Səni axtarırıq, Ata!” deyəndə qarşılarında bir qəhrəman obrazı görəcəklər. Təkcə o övladlar üçün deyil. Azərbaycanda olan bütün övladlar, bütün gənclər, bütün uşaqlar üçün sabaha inamla baxmaq, Vətəninə daha çox bağlanmaq üçün qarşısında bir Ata obrazı duracaq. Bəlkə indi o uşaqlar başa düşmürlər. Bəlkə o uşaqlar doğrudan evdə hər gün Atanı axtarırlar. Amma zaman keçdikcə onlar təkcə Ata axtarmayacaqlar, onlar necə bir qəhrəmanın övladı olmaq qürurunu yaşayacaqlar.
Bilirsiniz, biz 2020-ci ildə elə bir tarix yaşadıq ki, o tarix son minilliklərdə yaşanmayan hisləri Azərbaycan xalqına bəxş elədi. Biz 2020-ci ildə mümkünsüzü mümkünə çevirmənin çahidi olduq. Bunu edən Azərbaycan milləti oldu. Bunu edən qəhrəman oğulları oldu. Bunu edən Azərbaycanın Azərbaycan Ali Baş Komandanın ətrafında hər zaman sıx birləşən xalq oldu. Biz 2020-ci ildə təkcə əsgərin gücünü görmədik. Biz 2020-ci ilin 44 günlük Vətən müharibəsində jurnalistin gücünü gördük. Jurnalistlərin nəyə qadir olduğunu gördük. Çünki o hadisələri təkcə yaşamaq deyildi, o hadisələri düzgün çatdırmaq idi.
Mən Milli Məclisdə Gəncəni təmsil edirəm. Gəncəyə bombalar, raketlər atılan zaman biz orada təkcə gəncəlilər olmadıq, burada əyləşənlərin əksəriyyətini, jurnalistlərimizi gördük. Çünki orada o jurnalistlər olmasaydı, o həqiqətlər dünyaya olduğu kimi çatmayacaqdı. 44 günlük Vətən müharibəsində səngərdə təkcə silah sözünü demədi, cənab Prezident diplomatiyanın təntənəsini məhz mətbuata müsahibə verərkən göstərdi. Buna görə mətbuatın nə qədər önəmli olduğunu, jurnalistlərin nə qədər önəmli olduğunu biz hər gün daha da çox anlayırıq. Amma dediyim kimi, bunun əsasında hər zaman Vətən sevgisi dayanmalıdır.
Bu gün çox gözəl, nəfis tərtibatda olan bir kitabın təqdimatındayıq. Bu kitab təkcə şəhid Məhərrəm İbrahimovun xatirəsinə həsr olunan kitab deyil, bu kitab eyni zamanda, bir tarixi mənbədir. Atatürk zamanında deyirdi ki, “Tarixi yazmaq yaratmaq qədər çətindir. Əgər yazan yaradana sadiq qalmazsa, tarix gələcək nəsilləri çaşdırmaqdan ibarət olar”. Bax, bu tipli kitablar ona xidmət edəcək ki, gələcək tarix heç kimi çaşdırmasın. Gələcək tarix olduğu kimi təqdim olunsun. Çünki bu kitabda biz təkcə şəhidlik zirvəsinə ucalan insanın bioqrafiyasını görmürük. Biz Qərbi Azərbaycanda olan ailənin tarixçəsini görürük. Qərbi Azərbaycandan köçən bir jurnalistin həyat və fəaliyyətinin şahidi oluruq və mina terroruna qədər uzananan bir həyat yolunun şahidi oluruq. Tale insanları elə-belə seçmir. Tale yəqin ki, elə Məhərrəm İbrahimovu seçmişdi. O, Qərbi Azərbaycanda doğuldu, birinci sinifə gedəndən sonra öz doğma torpaqlarından uzaqlaşdı, Gədəbəyə, sonra Bakıya gəldi. Dahja sonra bütün ömrünü Vətəni təbliğ etməyə həsr etdi, hərbi jurnalist oldu. Vətən haqqında olan müsabiqələrin qalibi oldu. Yekunda məhz elə Kəlbəcərdə, hörmətli Əli müəllimin dediyi kimi, Qərbi Azərbaycana bu torpaqlardan keçən yolda – Kəlbəcərdə şəhidlik zirvəsinə ucaldı.
Ruhun çad olsun, şəhidimiz!
Ruhun şad olsun, jurnalistimiz!
Bu yolda şəhid olmuş jurnalistlərimizin ruhu şad olsun. Onlar olmasaydı, bu gün dünya bəlkə də qəhrəman Azərbaycan jurnalistindən danışmazdı. Bu kitabın adı “Jurnalist ömrünün əbədiyyat nəğməsi”dir. Bu, təkcə əbədiyaşar nəğmə deyil, bu, eyni zamanda Azərbaycanın zəfər səlnaməsinin bir nəğməsidir. Bu, eyni zamanda, Azərbaycanın zəfər səlnaməsinin ayrıca bir ayrılmaz tərkib hissəsidir. Mən bir az çox danışdım. Mənim təmsil etdiyim Gəncə şəhərinin yetirməsi böyük şairimiz Nizami Gəncəvi deyirdi ki,
“Sözün də su kimi lətafəti var,
Hər sözü az desən daha xoş olar!
Sizi yordumsa üzürlü hesab edin. Amma şəhidlər haqqında danışanda, Qarabağ müharibəsi haqqında danışanda ola bilsin, bəzən sözlərimiz bir-birini tamamlamır. Əsas odur ki, hislərimiz və Vətən sevgisi hər zaman bir-birini tamamlasın. Hər zaman xlaq, millət olaraq bir olaq ki, bu torpaq yaşasın, bu Vətən yaşasın!
xxx
Mətbuat Şurasının sədr müavinləri Səadət Məmmədova cəbhə bölgəsində fəaliyyət göstərdikləri zamanı Məhərrəmlə tanışlığından danışıb: “Məhərrəm və Siracı mənimlə tale birləşdirir. Məhərrəmlə hər ikimiz eyni işi görürdük. Onlar xronika işi görürdülər, bu ərazilərdə hər bir daşın, divar qalıqlarının invertarlaşdırılması üçün işləyirdilər. Mən də eyni şeylərin çəkilib yayımlanması üçün işləyirdim. İşlədiyim ərazi Ağdam idi. Onlar bütün Qarabağ ərazisi üçün işləyirdilər. Hətta olub ki, ilkin dövrlərdə Ağdamda biz harasa gedəndə çəkiliş qruplarını polis və ANAMA nümayəndələri tərəfindən müşaiyət olunurdu. Hansısa binaya yaxınlaşmaq, hansısa yolu getmək, hansısa cığırı keçmək üçün polis və ANAMA əməkdaşları deyirdilər ki, AzTv-dən gələnlər bura ilə gediblər. Biz burdan gedə bilərik. bura təmizdir. Yaxud elə yer olurdu ki, mən onlardan öncə getmiş olurdum. Elə olurdu ki, onlar məndən öncə getmiş olurdular.
Bir hadisəni heç unutmuram. Çünki bunu həmişə çox duyğusal xatırlayıram. İndi də danışanda kövrəlirəm. Mən bu hadisədən belə xəbər tutmuşdum. Montajda idim, Ağdamdan mənə zəng gəldi. İlk sualı bu oldu, deyirlər ki, televiziyanın bir maşını partlayıb, o, sizinkidir? Dedim, yox və başladım araşdırmağa ki, kimdir. Beş dəqiqə sonra xəbər çıxdı ki, Məhərrəmlə Sirac olan maşındır…
Bayaqdan, Məhərrəmin şəkili ilə baxışıram. Elə bir şəkil seçmisiniz ki, onun əzmi də, onun son fəlakəti də – hamısı onun üzünün ifadəsində əks olunub. Allah rəhmət eləsin! İnanın ki, o hadisədən sonra o əraziyə girəndən çıxana qədər, Mirşahin müəllimin dediyi kimi, o avtobusun görüntülərini gözümün önünə gətirirdim və elə bilirdim ki, bu anda elə bizim də avtobusumuz göyə sovrulacaq. Çox təəssüflər olsun ki, bu, bizim həmkarlarımızın başına gəldi.
Bilirsiniz, bu ərazidə minaya düşən hərbçilər var, mülki şəxslər var, kənd təsərrüfatı ilə məşğul olanlar var, yol çəkənlər, ağır texnikanı sürənlər var, polis var və s. Elə bil, bu mina çanağı jurnalistlərin də başında çatlamalı idi, o da Məhərrəmlə Sirac oldu. Bu, o ərazidə işləyənlərin, hər birimizin başında çatlaya bilərdi. Təəssüf ki, o bədbəxt hadisəyə, mina çanağının partlamasına Məhərrəmlə Siracın taleyi tuş gəldi.
Biz bir dəfə Bərdə yolu uzun müddət təmirdə olanda xeyli müddət Ağdama Əfətli yolu ilə gedib çıxırdıq. Bir neçə dəfə gedib-gəldiyimiz yol idi. Mən bir dəfə gördüm ki, yolun ortasından bir az kənarda qırmızı lentə alıb ANAMA əməkdaşları işləyir. Daimi işləyirdik, bir-birimizi tanıyırdıq. Düşdüm soruşdum, dedim ki, burada nə olub? Dedilər, mina tapmışıq. Qurudum qaldım, çünki biz o yolu dəfələrlə keçmişdik. Bəlkə də bizi partlayışdan santımetr, millimetr ayırmışdı. Amma təəssüf ki, Məhərrəmgili hadisədən o millimetr ayıra bilmədi. Hərdən adama elə gəlir ki, elə bil ürəyimin dərinliyində bir vicdan yükü var. O ərazidə işləyənlərin hamısının ürəyində bu hissiyat var. Hamıya elə gəlir ki, Məhərrəmlə Sirac mənim yerimə öldü, mənim xətamı özü ilə apardı. Bu hiss məni və həmkarlarımı heç vaxt tərk etməyəcək.
Allah rəhmət eləsin! Heç vaxt onları unutmayacağıq.
Sizin və övladlarının başı sağ olsun!
xxx
Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib ki, kitabda Məhərrəm və Siracın simasında qəhrəmanlarımızın nümunəsi əks olunub: “Dövlət orqanlarında işləyərkən bir neçə tədbirlərdə iştirak etmişəm. Amma bugünkü tədbirdə həm qürur, həm də həyacan hissi var. Əlbəttə ki, o qürur hissi bəlkə ailəmiz, dostlarımız, müəllimlərimiz tərəfindən ötürülən düzgün dəyərlərin nəticəsidir ki, bu gün birlik və həmrəyliyi özündə təcəssüm etdirən, Vətənimizi bizə yaşadan şəhidlərimizin xatirəsi ilə bağlı olan bir tədbirdə iştirak edirəm. O qürur hissini, dəyərləri bizə ötürən jurnalistlərimiz burada əyləşiblər. Məhz onların düzgün təbliğatı nəticəsində o dəyərlər hər bir Azərbaycan vətəndaşına ötürülüb. Dəyərlər deyəndə, bu kimi tədbirləri, bu kimi kitabları nəzərdə tuturam.
Məndən öncə natiqlər də bunu qeyd etdi. Nəyə görə bu tədbirlərin mahiyyəti, bu tədbirlərin keçirilməsi vacibdir. Çünki bunlar bizim dəyərlərdir. Amma bu dəyərlərin yenilənməsi, yeni nəslə ötürülməsi, bu dəyərlərin yaşadılması çox vacibdir. Biz bu dəyərləri yeniləyərək öz qəhrəmanlarımızı yaşadırıq. Biz bunu yaşadaraq gənc nəsildə Vətənə sevgini, Vətənə bağlılığı öyrədirik. Bu, çox vacibdir.
Mən bir məqama toxunmaq istəyirəm. Rayonda təhsil alırdım. O vaxt ABŞ dövlətinin FLEX proqramı var idi, 10-11-ci siniflərdə ABŞ-da təhsil almaq üçün imtahan verirdilər. İmtahanın son mərhələsi inşa yazmaqla bitirdi. Mən onda inşanı bizim qəhrəmanlarımıza həsr etmişdim. Bizim bu qəhrəmanlıq məktəbimiz, qəhrəmanlıq səlnaməmiz beynəlxalq ictimaiyyətə açıq-aydın nümunədir. Bu tədbirlər, bu kitablar bu məsələdə doğrudan da böyük rol oynayır.
Bu kitabda Məhərrəm və Siracın simasında biz bütün qəhrəmanlarımızı görürük. Kitabı ərsəyə gətirən bizim dostlarımız çox sağ olsunlar. Belə bir kitabın olması çox vacibdir. Mirşahin müəllim də qeyd etdi, dəyərlər məhz elə bu kitabdadır. Qəhrəmanlıq məhz bu kitabdadır. Əminəm ki, bu kitab hər birimiz masasında, hər bir kitabxanada olmaqla bu dəyərləri gənclərimizə, övladlarımıza, müəllimlər isə tələbələrinə çox asanlıqla təbliğ edəcəklər.
Bu kitab həm siyasi, həm ictimai bir hadisədir. Mina terroru ilə bağlı burada natiqlər çıxış etdilər. Bu yaxınlarda məhz cənab Prezidentin, Ali Baş Komandanın rəhbərliyi altında birləşərək bizə miras qalan torpaqlarımızda İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvəsində böyük tədbir keçirildi. Həmin tədbirdə cənab Prezident məhz mina təhlükəsizliyi ilə bağlı çox böyük mesajlar verdi. Mina təhlükəsi, mina terroru elə insan hüquqlarının pozulması deməkdir. Mən bununla bağlı danışmaq istəmirəm, vacib məlumatları, mesajları həmkarlarım burada verdilər. Yəni bu kitabın özü həm ictimai, həm də siyasi bir hadisədir.
Çıxışımın sonunda istərdim bir məsələyə də diqqətinizi yönəldəm. Çox qürurludur ki, biz bu kitabı həm suverenlik, Konstitusiiya ilində ərsəyə gətirdik. Çünki məhz bizim Konstitusiyamız 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ərsəyə gəlib. Biz uzun illər Konstitusiyamızı Azərbaycan ərazisində tətbiq edə bilmirdik. Bu gün biz böyük qürurla əsgərlərimizin, başda Ali Baş Komandan olmaqla onların sayəsində, şəhidlərimizin qanı, canı sayəsində bütün ərazimizdə Konstitusiyamızı tətbiq edirik. Konstitusiyamızın 30, mediamızın, milli mətbuatımızın 150 illiyi ərəfəsində, 22 iyul – Milli Mətbuat Gününə artıq sayılı günlər qala biz bu kitabın təqdimatını keçiririk. Mən xüsusilə 44 günlük Vətən müharibəsində “Biz birlikdə güclüyük” şüarı ilə bizim jurnalistlərimizin əhval-ruhiyyəmizi necə yüksək tutması istiqamətində atdıqları addımlarına, onların televiziya və radioda çıxışlarına, saytlarda yazılarına görə, Sizin simanızda Vətənə bağlı olan qəhrəman jurnalistlərimizin qarşısında baş əyirəm, fəaliyyətinizdə uğurlar diləyirəm.
Bu kitaba görə bir daha çox sağ olun. Əminəm ki, belə kitabların sayı çox olacaq. Vaxtınızı aldığıma görə də üzr istəyirəm.
xxx
Sonra tanınmış hərbi cərrah, professor Məcid Məsimov çıxış etdi: “Mən Qərbi azərbaycanlı, Məhərrəmin həmkəndlisi, qohumu kimi, amma ən əsası da mina müharibəsini yaşayan bir insan kimi danışıram. Rusiyada tibbi insitututu bitirəndən sonra elə orada çalışmışam. Qarabağ müharibəsinə görə Azərbaycana qayıtmışam. Vəzifəm Azərbaycanın, eyni zamanda, Silahlı Qüvvələrin ilk milli hərbi travmotoloqu olmuşam, 27 il xidmət etmişəm, şöbə rəisi, hərbi qospitalın baş həkimi, hərbi cərrahiyyə kafedrasının rəisi, Hərbi Tibb İdarəsinin rəisi işləmişəm. Bu müddətdə mina ilə bağlı çox hadisələr gördüm. 1992-1994-cü illərdə bizim qospital ən ağır xəstələri konsentrasiya edirdi. Nə az, nə çox, 36 min nəfərin 45 faizi minaya düşənlər idi. Təsəvvür edin, nə qədər ölənlər, nə qədər travma alanlar, sağ qalanlar oldu. Konsepsiya yaratdıq, ölüm faizi dəfələrlə azaldı, insanların oynaqları kəsilmədi. Yəni biz onlara canlı orqan bəxş etdik. Bu, ayrı bir mövzudur. Amma inanın, hər gün salnamə yazmaq olardı.
Mən ilk dəfə Mirşahin müəllimlə müharibə vaxtı tanış oldum. Amma o zamanlar dərdimizi demək olmurdu. Mən Pekində Azərbaycanı Beynəlxalq Hərbi-Tibb Komitəsində təmsil edəndə heç bilmirdilər xəritədə Azərbaycan haradadır, nə baş verir və s. Mən o kadrları göstərəndə dedilər ki, siz bunu niyə dünyaya yaymırsınız. Bununla onu demək istəyirəm ki, Əsgər müəllimin qardaşının qəhrəmanlığı kimi, bu kitabı da çıxarması elə bir qəhrəmanlıqdır. Bunu ərsəyə gətirmək asan deyil. Professor olmaq üçün kitab yazmalısan. Amma Əsgər müəllim bu kitabla Vətəni, bütöv Azərbaycanı, qardaşını necə sevməsini göstərib. Görün, onu hansı qüvvə, hansı motiv məcbur edib və o, bu kitabı ərsəyə gətirib. Bu kitablar olmadığı üçün Azərbaycanın başına bəlalı işlər gəlir. Cənubi Azərbaycan, Şimali Azərbaycan, sovet vaxtı Azərbaycan torpaqları hesabına Ermənistanın yaranması, sovet yıxılanda ərazimizin 20 faizinin işğal olunması və s. Bax belə kitablar mütləq olmalıdır. Burada Mirşahin müəllim qeyd elədi, bu kitabın qiyməti yoxdur. Bunu yaymaq, bütün kitabxanalara vermək lazımdır. Burada qeyd etdik, getdik, bununla iş bitməsin. Çünki Məhərrəm kimi oğullar əsgərdən, əsgərin həkimindən daha da ağır iş görüblər. Onlar erməni vandalizmini dünyaya, tarixə, tariximizə yazıb sənədləşdiriblər.
Bizim tariximiz qanlı tarixdir. O qanın üstündə yeriyib getmək olmaz. Onu yaddan çıxarmaq olmaz. Əfsuslar olsun ki, belə tariximiz var. Amma son zamanlar cənab Prezidentimiz, Ali Baş Komandanımız Qarabağımızı qaytardı, torpaqlarımızı azad elədi, amma hələ çox faizi ordadı – Göyçə və başqaları. Hələ müharibə bitməyib. 1992-ci ildə atəşkəs elan olundu. Mən bu müharibəni 1-ci və 2-ci Qarabağ müharibəsi saymıram. Ermənistan-Azərbaycan müharibəsi 35 il ərzində hələ də davam edir. Çünki hələ o yaralıları, o hadisələri unutmaq olmaz. O hadisələrin içində qaynayıb yaşamışam. İndi 44 gün, o vaxt 3 il və hələ də davam edir. Yaralıların, ölənlərin, hər ailələdə matəmlərin heç birinin, vurulan ziyanın qiyməti yoxdur. Mən 2-ci Qarabağ müharibəsində universitetdə professor ola-ola, TƏBİB xətti ilə Koordinasiya Departamentinin rəhbəri kimi orada idim. 1-ci Qarabağ müharibəsində hər yeri qarış-qarış gəzdik. Sonrasını hamınız bilirsiniz. Bunu dünyaya çatdırmaq bir nömrəli işdir və çox çətin işdir.
Allah rəhmət eləsin. Mən hər bir jurnalistimizin qarşısında baş əyirəm. Çünki müasir Azərbaycanı jurnalistlər yaşadır. Jurnalistlər olmasa, onlar göstərməsə, jurnalistlər bu tariximizi yazmasa, 20-50 ildən sonra Tarix İnstitutunda aspirant nə yazacaq?! Amma tarix bax bu kitabdır. Hamınıza çox-çox minnətdaram, var olun, sağ olun!
xxx
Mətbuat Şuranın İdarə Heyətinin üzvləri Elşad Eyvazlı həmkarı Məhərrəm İbrahimovla bağlı xatirələrindən danışıb: “Biz Xocavənddə Nərgiz təpə deyilən bir yer var idi. Biz ora getdik. Məhərrəm mənə ayın 3-də zəng etdi, yəni 2021-ci il iyunun 3-də mənə zəng vurdu. Dedi ki, sən orada nə iş görürsən, biz Kəlbəcərdəyik. Dedim, orada nə var? Dedi ki, buradakı adamlar kəndləri düz anlada bilmirlər. Yəni kəndləri düzgün təqdim edə bilmirlər, gəl bizə kömək et. Dedim, yaxşı gələcəm, amma mən necə gəlim? Dedi ki, sən ayın 4-də Gəncəyə gəl, mən icazə alacam, səni Kəlbəcərə gətirəcəm. Mən ayın 3-də axşam gəldim Gəncəyə, iyunun 4-də Toğanaya qalxdım ki, maşınlar buradan gələcək və mən Kəlbəcərə gedəcəm. Mən çox sevinirəm ki, heç kimə icazə verilmir, amma mənə icazə verirlər, Kəlbəcərə gedəcəm. Məhərrəmlə 1 saat qabaq danışmışıq. Yuxarı çıxdım, xəbər gəldi. Telefonu götürdüm, zəng çatır amma dəqiq danışa bilmirəm, olmur. Ora-bura zəng açdım, dedilər ki, belə bir hadisə baş verib. Əlac kəsildi. Onların qarşılanmasından sonra Gəncə xəstəxanasına, oradan Bakıya gəldik.
Nə demək istəyirəm, Məhərrəm, əslində bütün dostlarının qəlbində özünü yox, dostlarını fikirləşən bir adam kimi qalmışdı. Biz onunla kifayət qədər bir yerdə olmuşduq. Hələ biz torpaqlarımız azad olunmamışdan əvvəl 7-8 gün Füzulidən Qazağa qədər getmişdik. Hər zaman – istər yemək olsun, istər çətinlik olsun, bizi düşünürdü, özünü düşünmürdü. Bir də hiss edirdin ki, onun qəlbindəki torpaq nisgili, Vətən sevgisi həmişə onu qəribə şəkildə önə atırdı. Mən bu günə qədər Məhərrəmə Allah rəhmət eləsin deyə bilməmişəm. Çünki, – bəlkə səhv edirəm, bəlkə düz deyirəm, – Məhərrəmlə bağlı danışanda keçmişlə bağlı heç nə deyə bilmirəm. O, hər zaman bizimlədir və bizimlə də olacaq!
xxx
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, yeni dərs ilində kitabın təqdimatı fakültədə də keçiriləcək: “Mən belə bir kitabın ərsəyə gəlməsinə görə Əsgər bəyə öz təşəkkürümü bildirirəm. Bizdən biri olan, bizim bir qardaşımızın xatirəsinin əbədiləşdirilməsi, yaşaması üçün, bu, olduqca vacibdir. Amma mən Əsgər bəyə bir dafa təşəkkür edirəm.
Mən bu kitabı qarşımda vərəqlədim, bu, müəyyən mənada həm də bizim hesabatımızdır. Niyə? Çünki qardaşlarımız şəhid olandan sonra biz nələr edə bildik. Yəni bu faciənin, bu terrorun dünya ictimaiyyətinə tanıdılması baxımından hansı işləri görə bildik, hansı məqamlara aydınlıq gətirə bildik. Məhz bu kitabda bunların hamısı öz əksini tapıb. Bu kitab həmin o terrorun, o faciənin tanıdılması baxımından həm də bir xronologiyadır.
Şəhid jurnalistlərimizin müəyyən mənada hansısa elmiu araşdırmalara, Azərbaycan jurnalistikasının müəyyən dövrlərdəki inkişafı ilə bağlı, müəyyən dövrlərdəki problemləri ilə bağlı, Qarabağ müharibəsi və Azərbaycan jurnalistləri ilə bağlı mövzuların işlənməsində hesab edirəm ki, bu kitab həqiqətən də, sözün əsl mənasında əvəzsis mənbə olacaq.
Əsgər müəllim, siz də iştirak edirdiniz. Mən xatırlayıram 2021-ci ilin dekabrında hər iki qardaşımızın xatirəsinə həsr olunmuş sənədli filmin bizim jurnalistika fakültəsində təqdimatı keçirildi. O təqdimatla bağlı geniş məlumat kitabda da verilib. Siz özünüz də gördünüz ki, tələbələrimiz necə həssaslıqla yanaşırlar. Yəni biz çalışdıq ki bu təqdimat onların xatirəsinə ümumi, dəyərli bir şəkildə keçirilsin. Siz məni bugünkü təqdimata dəvət edəndə birmənalı şəkildə razılaşdıq ki, İnşallah, dərslər başlasın bu kitabın universitetdə, jurnalistika fakültəsində təqdimatı keçirilsin.
xxx
Mətbuat Şuranın İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə çıxış edərək deyib: “Şəhidlik vətənpərvərliyin ən ali zirvəsidir. Hesab edirəm ki, Vətəninə, millətinə bağlı olan hər bir şəxs qəhrəmandır. Sadəcə olaraq şərait lazımdır ki, o, özünü göstərsin. Natiq müəllim çıxışında bir ifadə işlətdi, Məhərrəmgilə deyildi ki, siz qayıdın dala. sizləri əvəz edək. Onların israrla öz fəaliyyətlərinə davam etməsinin özü də vətənpərvərliyin bir nümunəsidir. Ola bilərdi, bir başqası olacaqdı, amma biz yenədə yığışacaqdıq, onların xatirəsini yad edəcəkdik.
Şəhidlik elə bir zirvədir ki, ora ucalanları yaşatmalıyıq, gələcək nəslə ötürməliyik. Şəhidlərimizin xatirələri ölkəmizdə müxtəlif istiqamətlərdə adlarının əbədiləşdirilməsi üçün müxtəlif tədbirlər görülür. Bu da o tədbirlərdən biridir. Mən hər gün olmasa da, iki gündən bir şəhid tədbirində iştirak edirəm. Həqiqətən də bizim xalqımız qəhrəman xalqdır. İnsan xarici ölkələrdə olanda bunu daha dərindən dərk edir. Bizdən də böyük xalqlar var ki, bizim kimi müstəqil bir ölkəyə, dövlətə sahib deyillər. Biz buna nəyin sayəsində nail olduq? Təbii ki, bizim Ali Baş Komandan, cənab İlham Əliyev, ondan öncə ulu öndərin, eləcə də tarix boyu bizim qəhrəman sərkərdələrimizin sayəsində nəhayət müstəqil dövlətə çevrildik və bu gün qəhrəman xalqımızın sayəsində bunu qoruyub saxlaya bilmişik.
Allah heç bir zaman evlərə şəhid qismət etməsin. Baxmayaraq ki, şəhidlik uca bir zirvədir. Acılı günlər qismət eləməsin. Biz hər zaman şəhidlərimizi xatırlayaq.
xxx
Kitabın rəyçisi, texnika üzrə fəlsəfə doktoru Hümbət Hüseynov şəhid jurnalistə həsr olunmuş kitabın ictimai və mənəvi əhəmiyyətindən danışıb, Məhərrəm haqqında fikirlərini bildirib: “Hörmətli tədbir iştirakçıları, bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr edilmiş “Jurnalist ömrünün əbədiyyət nəğməsi” adlı kitabın təqdimatı üçün toplaşmışıq. Bu kitabda Məhərrəmin anadan olduğu gündən şəhidlik zirvəsinə ucalana qədər ömür yoluna, eləcə də bu günə qədər onunla bağlı keçirilən tədbirlərin hamısı qeyd olunub. Bu dövrlərdə mən Məhərrəmlə çox təmasda olmuşam. Mən Məhərrəmin yaşadığı M.Ə.Rəsulzadə qəsəbəsində bələdiyyə sədri işləyirdim. Bir dəfə Məhərrəm mənə telefon zəngi etdi. Telefonu açdım, hal-əhvalımı titandan sonra dedi ki, mən Qarabağ bölgəsindəyəm. Bəs bizim evə bələdiyyədən məktub gəlib ki, məhkəməyə gəlməlisdiniz. Bu, nə məsələdir? Dedim ki, axı elə şey ola bilməz. Sadəcə torpaq vergisi ilə bağlı yəqin ödəniş məktubu gəlib. O onda çox narahat idi. Məhərrəm çox sakit, mədəni, dost-tanış, Vətəni üçün sədaqətli oğul idi. Elimizin-obamızın namuslu, qeyrətli övladı idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar hər zaman dövlətin qayğısındadır. Məhərrəmin ömür yolu hər zaman işıqlı olub və bundan sonra da xoş xatirələrlə anılacaq”.
xxx
Ardanış Kənd İcmasının sədri, tanınmış cərrah-həkim, professor Məhəmməd Kərimov kitab haqqında təəssuratlarını bölüşüb: “Mən burada Seçenov Universitetinin cərrahiyyə kafedrasının, departamentinin rəhbəriyəm, eyni zamanda, Tibb Universitetinin Cərrahiyyə kafedrasının professoru, Ardanış Kənd İcmasının sədri kimi çıxış edirəm. Mən nə demək istəyirəm, doğrudan da bu gün çox təqdirəlayiq gündür, kitabın müzakirəsini keçiririk. Əlbəttə, qəhrəmanlar ölmür, qəhrəmanlar unudulanda ölür. Biz də məhz ona görə yığışmışıq onu unutmayaq və bu işlər davam eləsin. Bir məsələni burada demək istəyirəm. Ardanış kəndinin Qarabağ müharibəsində verdiyi ilk şəhid deyil. Bu kitabda Ardanışın 10-dan çox şəhidi haqqında müəyyən məlumatlar verilib. Amma bizim kəndin ilk şəhid tibb bacısı Rəhilə Əli qızı Orucova olub. Onun haqqında az yazılıb. Bakı Tibb məkdəbini bitirdikdən sonra əvvəlcə Bakı Təcili yardım Xəstəxanasının reanimasiya şöbəsində, sonra Qədirli adına xəstəxanada işləyib və 1-ci Qarabağ müharibəsi başlayanda könüllü olaraq Milli Orduya yazılıb . Ön cəbhədə həm könüllü tibb bacısı kimi , həm də siravi əsgər kimi vuruşub və döyüşlərdə qəhrəmancasına həlak olub. Deməyim odur ki, onların hər biri Vətən yolunda canlarından keçiblər.
Məhərrəm İbrahimov hərbi jurnalist kimi bacarıq və istedadını ortaya qoyub. Onun timsalında Vətən uğrunda canlartını qurban vermiş igidlərin qəhrəmanlıq yolu danılmazdır. Əlbəttə, ermənilərin mina terroru hər zaman təhlükə törədir və 44 günlük Vətən müharibəsindən sonra jurnalistlıərin mina qurbanı olması dünyaya səs saldı, Azərbaycanın haq səsinin eşidilməsinə təsir göstərdi. Mən Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yolu, jurnalistika peşəsi yolunda öz vəzifə borcunu ləyaqətlə yerinə yetirərək erməni terrorunun qurbanı olan Məhərrəm İbrahimovun və digər media təmsilçilərimizin fəaliyyətini təqdir edirəm. Allah onların hər birinə rəhmət etsin, nur içində yatsınlar”.
xxx
AZƏRTAC-ın əməkdaşı Süleyman Qaradağlı Məhərrəm İbarihimovun keçdiyi qısa və şərəfli ömür yolunun örnək mahiyyət daşıyan tərəflərindən söz açıb: “Belə bir müdrik söz var: Əgər sən əlində çəkic tutmusansa, ətrafda hər şey sənə mismar kimi görünər. Əgər sən əlində qələm tutmusansa, hər şey sənə ağ kağız kimi görünər. Əfər əlində silah tutmusansa, hər şey sənə hədəf kimi, nişangah kimi gələr”. Mən bu gün əlimdə nə qələm tutmamışam, nə silah tutmuşam, nə də çəkic. Sadəcə kitab tutmuşam və hesab edirəm ki, buradakıların hər biri potensial oxucudur. Həqiqətən, ümid edirəm ki, bu kitabı oxuyacaqlar. Çünki bu kitabı oxumağa ehtiyac var.
Gərək ki, Berxold Brextin belə bir fikri var: “Qəhrəmanlara ehtiyacı olan xalq bədbəxdir”. Bu mənada bizim xalq xoşbəxt xalqlardan biridir ki, bu sarıdan korluğu yoxdur. İstər əmin-amanlıq dövrü, istər müharibə dövrü, istərsə də quruculuq dövrü, hər zaman qəhrəmanlar yetirir. Bu son müharibədə də qəhrəmanlar yetişdi və Məhərrəm kimi cəsarətli jurnalist həmkarımız peşə fəaliyyətini şərəflə yerinə yetirən zaman erməni terrorunun, mina partlamasının qurbanı oldu. Məhərrəm hər zaman yaşayır və yaşayacaq. İndi onun adına küçə var, xatirə lövhəsi, xatirə bulağı tikilib. Çalışdığı AZƏRTAC-da hər səhər işə gələndə hamımız onun şəkili önündən keçərək, onu slamlayaraq işə başlayırıq. AZƏRTAC-da yeni baralyefi qoyuldu. Onun jurnalist ömrünün əbədiyyət nəğməsi hər zaman oxunacaq. Allah rəhmət eləsin”.
xxx
Kitabın müəllifi, jurnalist Əsgər İbrahimov təqdimat mərasimində iştirak etdiklərinə görə təşəkkür edib, kitabın ərsəyə gəlmə səsblərindən və bu nəşrin mahiyyətindən danışıb: “Mən bu kitabın nə üçün yazılmalı olduğunu həmişə özümə sual etdim. Mən Məhərrəm haqqında qardaş kimi heç vaxt danışmadım, həmkar kimi danışdım. AZƏRTAC-da işlədiyi üçün Məhərrəmin, eləcə də AZƏRTAC-ın müxbirlərinin fəaliyyəti biz az qapalı olur. Yəni imza olmur, xəbərin altında müəllif imzaları yazılmır, ümumi AZƏRTAC yazılır. Ona görə Məhərrəmin gördüyü işləri bir nöc ictimailəşdirmək, onun həqiqətən vətənpərvər, milli qeyrətli, namuslu bir Azərbaycan oğulu olduğunu göstərmək üçün qələmə aldıq. Təqdimata gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm.
Əlbəttə, kitab kimi mənim ilk əsərimdir. Mirşahin müəllim bilir, biz o vaxt da – 1992-ci ildən 2010-cu il qədər rəsmi tədbirlərdə olmuşuq. Mən AZƏRTAC-da Baş redaktor işləmişəm. Dostlart bilirlər. Məhərrəmi heç kimə tanıtmağa bəlkə də ehtiyac yoxdur.
Bu kitabda ən önəmli məsələlərdən biri bu gün Avropanın bəzi ölkələrinin, bəzi təşkilatlarının Azərbaycana köntöy baxdığı bir məqamda bu nəşrdə onların öz sözləri ilə özlərinə cavabları var. Hamısı həmin hadisəyə münasibət bildirib və bunlar kitabda verilib. BMT, Avropa Şurası, Avropa İttifaqı nümayəndələrinin hamısının bu kitabda Azərbaycana dəstək verməsi, erməni terrorunu qınaması ilə bağlı bütün bəyanatlar rəsmi şəkildə kitabda dərc olunub.
Kitabın sonluğunu mənəvi təsəlli olaraq,- Məhərrəm evin son beşiyi olduğu üçün anası onun şəhidliyini görmədi,- amma sanki vaxtilə duymuş kimi anasının şəhidlər haqqında yazdığı şer ilə bitirmişəm.
Hesab edirəm ki, bu dünyada hər şey alın yazısıdır. Hər şey insan taleyinə yazılır. Zənnimcə, bu tale ilə yaşamaq həmin şəxslər üçün kifayət edir. Ölmək istəməyən, ölməmək üçün yaşayan insanlar üçün isə bu həyat bəlkə də mənasızdır. Həyatın mənalığı odur ki, özündən sonra sizin haqqında danışsınlar, sizi yaşatsınlar.
Hər birinizə təşəkkür edirəm. Bu, mənim üçün çox böyük dəstək oldu. Bilirsiniz, elə incə məsələdir ki, gəlməyənə heç nə demək olmur. Gələnlərə isə ancaq təşəkkür etmək olur. Bu, təkcə bizim məsələ deyil, bu, Azərbaycanın məsələsidir. Bu kitabdsa cənab Prezidentin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə bağlı imzaladığı Sərəncamın mətni var, hörmətli Mehriban xanımın başsağlığı və dünya ictimaiyyətinə müraciətinin mətni var. Yəni biz bu kitabla Azərbaycanın xarici siyasətində, həmin dövrdə Azərbaycanın beynəlxalq miqyasda haqlı-ədalətli mövqeyinin siyasi baxımdan təbliği üçün də bu kitabda bəzi məlumatlar var. Bu da çox mühüm əhəmiyyət daşıyır.
Natiq müəllim çox sağ olun, hər zaman diqqətlə, qayğı ilə yanaşırsınız. Mətbuat Şurasına, İlqar müəllimə təşəkkür edirəm, əziyyətiniz çox oldu. Əziyyətinizi halal edin. Bu, hər birimizin borcudur. İnşallah, gələcək hədəfimiz qoy o olsun ki, biz 86 min kvadrat kilometrlə yox, 112 min kvadrat kilometrlik ərazidə belə bir tədbir keçirək. Ola bilər bu hədəf üçün şəhid verə bilək, amma şəhidsiz Vətən olmaz. İnşallah, 112 min kvadrat kilometrə nail olmalıyıq. Çox sağ olun, hər birinizə minnətdarlığımı bildirirəm.
xxx
Təqdimat mərasimi bitdikdən sonra kitabın müəllifi, jurnalist Əsgər Əlioğlu mətbuata və telekanallara müsahibə verib:
“Mən hər birinizi salamlayıram. Çox sağ olun, dəyər verib həm Azərbaycan Milli Mətbuatı Günü ərəfəsində, həm də Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə bizim təşkil etdiyimiz kitab təqdimatına təşrif buyurdunuz. Kitab AZƏRTAC-ın əməkdaşı, hərbi jurnalist Məhərrəm İbrahimovun ömür yoluna və həyat hekayəsinə həsr olunub. 2021-ci ildən bu yana kitabın ərsəyə gəlməsi üçün səy göstərdik. Nəhayət, çox xoşbəxtik ki, Azərbaycan mətbuatının 150 illik yubileyi ərəfəsində yığışıb kitabın təqdimatını keçiririk. Hər birinizə təşəkkür edirəm.
Kitab Məhərrəmin həm uşaqlıq, yeniyetməlik-gənclik dövrünü, həm hərbi xidmət, həm AZƏRTAC-a işə qəbul olunduğu dövrü, AZƏRTAC-da fəaliyyəti, eləcə də cəbhə bölgələrinə ezamiyyətlərini və cəbhədən sonrakı fəaliyyətləri, yəni işğaldan azad olunmuş ərazilərdə mədəni, dini, sosial obyektlərin qeydiyyatının aparılması işi ilə bağlı fəaliyyəti əks olunub. Eyni zamanda, kitabda Azərbaycan müstəqillik əldə etdikdən bəri ölkə jurnalistikasına töhfə vermiş və bu yolda şəhid olmuş qəhrəmanlarımızın da tərcümeyi-hallarına yer verilib. Məqsədimiz odur ki, erməni terroru hər zaman yaddaşlardan çıxmasın. Məhz biz onu vurğulayırıq ki, ermənilər tarix boyu Azərbaycana, Azərbaycan xalqına qarşı həmişə vandal hərəkətlər törədiblər. Bu hadisələrdən biri də bildiyiniz kimi, 2021-ci il iyunuin 4-də Kəlbəcərin Susuzluq kəndində baş verən partalyış idi. Orada ermənilərin mina terrorunun qurbanı olmuş həm Məhərrəm İbrahimov, həm Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, eləcə də Kəlbəcərin Susuzluq kənd nümayəndəsi Arif Əliyev şəhid olmuşdular. Kitabda hər biri haqqında müfəssəl məlumat verilir. Məqsədimiz odur ki, şəhidlərimiz ölməsin, yaşadılsın. Azərbaycanın bütün şəhidlərinə Allah rəhmət eləsin! Onlar əbədidirlər. Onlar daim qəlblərdə yaşayacaqlar.
Jurnalistika peşəsi elədir ki, 150 illik tarixdə Azərbaycanın həm qəhrəman, həm şərəfli mətbuat yolu var. Eyni zamanda, enişli-yoxuşlu mətbuat tariximiz var. Hər birimiz bu tarixlə fəxr etməliyik. Azərbaycan mətbuatı hər zaman istər canlarını fəda etmək yolu ilə, istərsə də əməklə öz sözünü deyib. Bilirsiniz ki, ötən 150 illik dövrdə nə qədər dahi jurnalistlərimiz yetişib, müəllimlərimiz yetişib. Allah onların hər birinə rəhmət eləsin, qalanlara cansağlığı versin. Bu gün bu yol davam edir. Azərbaycan jurnalistikası dünya mediasında sözünü deyir. Bu yaradıcılıq, bu fəaliyyət bundan sonra da müfəssəl şəkildə, dünyəvi şəkildə davam edəcək”.