“Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı Naxçıvan kitabxanalarına paylanılıb - FOTO - VİDEO

Avqustun 11-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şəhid-jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş Əsgər İbrahimovun “Jurnalist ömrünün əbədiyyət nəğməsi” adlı kitabının təqdimatı keçirilib.
Rakus.az xəbər verir ki, tədbir kitabın Azərbaycan kitabxanalarına paylanılması kampa iyası çərçivəsində baş tutub.
Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimatı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Pərvin Həsənov açaraq qeyd edib ki, kitab hər bir azərbaycanlı üçün mübarizlik salnaməsidir. Hər kəsə örnək olan igid, vətənpərvər jurnalistlərimizin amalı həmişə Vətən, millət olub. Şəhid-jurnalist Məhərrəm İbrahimovun timsalında vətənpərvər övladların həyat hekayəsi bütün dünyaya Vətən sevgisinin nə olduğunu sübut etdi. Qələmini silaha dəyişən mətbuat işçiləri bu gün də vətənpərvərlik missiyalarını layiqincə yerinə yetirirlər.
Kitabın müəllifi, şəhid-jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər Əlioğlu çıxış edərək kitab haqqında bildirib ki, bu kitab yaşadığımız müstəqillik dövrünün olduqca maraqlı və yaddaqalan epizodlarını öz səhifələrində dolğun bir şəkildə canlandırır. Kitab bir reportyorun həyat hekayəsi olmaqla yanaşı, həm də geniş mənada son 20 ilin, o cümlədən 44 günlük Qarabağ savaşının mötəbər salnaməsi və Məhərrəm İbrahimovun tarixə yaradıcılıq əmanətidir. Kitabda Vətən müharibəsində qazanılan zəfərdən sonra Ermənistanın müharibə cinayətləri, mülki əhalini hədəfə alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərinin dəhşətli mənzərəsi barədə dolğun materiallar əks olunub.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Sevərək yaşadı, sevilərək xatırlanır” və Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Milli mətbuatımızın şəhid jurnalistləri” adlı mövzularla çıxış edərək bildiriblər ki, Məhərrəm İbrahimov İkinci Qarabağ savaşının ilk şəhid-jurnalisti olub. Həyatsevər və nikbin, peşəsinə qəlbən bağlı, yüksək vətənpərvərlik hissinə malik Məhərrəm 44 günlük Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam edilmişdi.
O, daim qaynar nöqtələrə üz tutur, hadisələrin məkəzinə can atırdı. 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalına layiq görülmüş jurnalistin ömür nəğməsi əbədi olaraq yaşadılacaq.
Kitabxananın direktoru Tamella Əsgərova kitabın əhəmiyyətindən söz açaraq deyib ki, tarixi faktlarla zəngin olan bu kitabın yazılması və təqdimatının keçirilməsi gələcək nəsillərin vətənpərvərlik ruhda böyüməsi, hərbi jurnalistikamızın inkişafı üçün son dərəcə vacibdir. Ona görə də “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı Muxtar Respublikanın bütün mərkəzləşdirilmiş kitabxanalarına paylanacaq və oxucular bu kitabdan faydalanacaqlar.
Şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova tədbir iştirakçılarını salamlayıb, kitabı ərsəyə gətirdiyi üçün müəllifə təşəkkür edib və vurğulayıb ki, Vətən yolunda canlarını qurban vermiş hər bir şəhidimiz xalqımızın qəlbində igid kimi yaşayır və Məhərrəm də məhz belə oğullardan biri idi. O, qələminə sarılaraq Azərbaycan həqiqələrinin, erməni vandalizminin vurduğu yaraların dünyaya tanıdılması üçün canını sipər edərək şəhidlik zirvəsinə ucalıb və jurnalistika peşəsinin ləyaqətli və cəsur qəhrəmanına çevrilib.
Sonra şəhid-jurnalistin ailə üzvləri, yaxınları kitab haqqında öz fikirlərini bildiriblər, şəhidlə bağlı xatirələrini bölüşüblər.
Sonra kitabın müəllifi Əsgər İbrahimov kitabxana rəhbərliyinə təşəkkürünü bildirib və rayon kitabxanalarının rəhbərlərinə və iştirakçılara kitabını hədiyyə edib.
Sonda xatirə şəkili çəkdirilib.
(Tədbir haqqında geniş hesabat yaxın günlərdə dərc ediləcək).