“Ararat adının kökü Arar və Urar mələkləri ilə bağlıdır” - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ararat adının kökü Arar və Urar mələkləri ilə bağlıdır” adlı veriliş hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlhami Cəfərsoy qədim tayfa adları, erməni dili ilə müasir hay dilinin fərqi, Ermənistanın əsl sakinlərinin kimliyi və s. məsələlərdən danışıb.
O bildirib ki, qədim tayfaların adları tanrı adlarından yaranıb: “Qərbi Azərbaycanda ermənilərə aid qədim toponim yoxdur. Ararat dağı əslində türklərin torpağıdır. Ararat adının kökü Arar və Urar mələkləri ilə bağlıdır. Ermənilərin dili qondarma dildir. Linqvistikanın ən böyük fırıldaqlarından biri “erməni dili”dir.
Qədim erməni dili ilə müasir hay dili tamamilə fərqlidir və bunların arasındakı əlaqə genetik xarakter daşımır. Qrabar və aşxarabar “erməni dili”nin əsl mahiyyətini açır. Ermənilərin 80 ləhcəsi, 3 dili var. Qaraçılarla ermənilər çox oxşardır. Ermənilər Hindistan və Sinddən gəlmədir”.
Onun sözlərinə görə, xristianlıq mədəniyyətinin qurucuları azərbaycanlılardır. Ermənistanın əsl sakinləri türklər olub. Göbək kəsmək adəti qədim Azərbaycan ənənəsidir. “Kert” erməni sözü deyil, daş yonmaq ənənəsi türklərə məxsusdur. Sevan və İrəvan adlarının həqiqi köklərində, Urartu dövlətində türk izləri mövcuddur. Ermənilərin qondarma tarix nağılları ifşa olunur.
İ.Cəfərsoy Tiflis və Şuşanın salınması, “Bakur” sözünün gizli mənası, qədim Bakur türk nəslinin dövlət quruculuğu, Bakur nəslindən olan Albaniya və İberiyanın hökmdarları, eləcə də ermənilərin “qul” təxəllüsü ilə bağlı qranlıq məqamlara aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş oktyabrın 29-da saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.














