Hümbət Hüseynov: “ELDA-nın məqsədi vətəndaş iştirakını dayanıqlı prosesə çevirməkdir”
Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Fransanın Strasburq şəhərində keçirilmiş Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 49-cu plenar iclasında iştirak edib.
Rakus.az xəbər verir ki, o, iclasda müzakirə olunan məsələlər, xüsusilə Avropa Yerli Demokratiya Həftəsi ilə bağlı aparılan islahatlar barədə Belediyye.infoya məlumat verib. H.Hüseynov bildirib ki, 2007-ci ildən bu günədək həyata keçirilən “Yerli Demokratiya Həftəsi” təşəbbüsü Avropa ölkələrində vətəndaşlarla yerli və regional hakimiyyət orqanları arasında körpü yaradaraq minlərlə tədbir vasitəsilə dialoqa, şəffaflığa və fəal iştiraka töhfə verib. 29 oktyabr 2025-ci il tarixində keçirilmiş sessiyada isə Konqres Avropa Yerli Demokratiya Həftəsinin (ELDW) islahatını qəbul edib.
Onun sözlərinə görə, bundan sonra “Yerli Demokratiya Həftəsi” yeni ad, format və məzmunla fəaliyyət göstərəcək. Layihə artıq “Avropa Yerli Demokratiya Fəaliyyəti” (ELDA) adlanır və məqsədi vətəndaş iştirakını ilboyu davam edən dayanıqlı prosesə çevirməkdir. Yeni tematik struktur, “ELDA” Mükafatı və beynəlxalq əməkdaşlıq imkanları sayəsində bələdiyyələr üçün daha geniş perspektivlər açılacaq.
Assosiasiya sədri vurğulayıb ki, Azərbaycanda hər il keçirilən “Yerli Demokratiya Həftəsi” çərçivəsində bələdiyyələrdə açıq qapı günləri, dəyirmi masalar, sosial və idman tədbirləri, iməciliklər, plakat aksiyaları təşkil olunub, informasiya guşələri və bələdiyyə poçtu qutuları yaradılıb, fəal sakinlər təltif edilib: “Bu fəaliyyətlər vətəndaş iştirakını, şəffaflığı və yerli özünüidarəetmədə sosial məsuliyyəti gücləndirməyə yönəlib. Yeni mərhələdə Yerli Demokratiya artıq təkcə bir həftəlik tədbir deyil, vətəndaşlarla onların nümayəndələrini hər gün birləşdirən davamlı və canlı proses kimi təqdim olunacaq. Bu islahat Avropa Şurasının Baş katibi Alen Bersenin “Avropa üçün Yeni Demokratik Pakt” çağırışı ilə səsləşir və yerli səviyyədə etimadın, şəffaflığın və vətəndaş iştirakının gücləndirilməsinə xidmət edəcək. Yeni formatın tətbiqinə 2026-cı ilin əvvəlindən başlanacaq və bu, Avropa miqyasında vətəndaş iştirakına yeni mərhələ açacaq”.














