Şəhid Jurnalistlərin Xatirəsinə 4-cü Ənənəvi Minifutbol Turniri başa çatıb - FOTO - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək təşkil olunan şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turniri başa çatıb.
Rakus.az xəbər verir ki, bayram əhval-ruhiyyəsi ilə bəzədilmiş Bakı Tennis Akademiyasında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik yad olunub.
Azərbaycanın Dövlət Himni səsləndirilib.
Final oyununda həm də turnirin 3 əsas nominasiyası – “ən yaxşı qapıçı”, “ən yaxşı oyunçu” və “ən çox qol vuran oyunçu” müəyyənləşməli idi. Ona görə də bu oyuna maraq daha böyük idi. Meydanda “AzTV” və “Veteranlar” komandaları münasibətlərinə aydınlıq gətiriblər. Oyunu AFFA-nın hakimləri Elgün Hüseynov və Ramil Namazov idarə ediblər. Komandaların gücləri eyni dəyərləndirilsə də üstün tərəf 3:1 hesabı ilə müəyyənləşib. Belə ki, görüşün ilk hissəsində televiuziya təmsilçiləri penal qazanıblar. Veteranların oyunçusu Şükür Məmmədalıyev rəqib oyunçunu xəttin kənarında yıxsa da hakim penal təyin edib. Cavidan Şükürov komandasını önə çıxarıb. Veteranlar təzyiqi artırsalar da ilk yarı 1:0 hesabı ilə başa çatıb.
Fasilədən sonra əzmkar oyun nümayiş etdirən veteranlar rəqibin qapısına yönəltdiyi zərbələr qapı dirəyinə dəyib. Lakin əks-hücum zamanı Cavidan Şükürov AzTV-nin növbəti qolunu vurub. “Vetertanlar” taktikanı dəyişərək oyunda əzmkarlıq nümayiş etdirib və Ramiz Vəlizadənin qolu ilə hesabı minimuma endirib. Bundan sonra veteranlar hücumların sayını artırsa da faydası olmayıb. Oyunun son dəqiqlərində televiziya təmsilçiləri Elvin Qulusoyun dəqiq zərbəsi ilə hesabı artırıb. Bundan sonra qapılara top vurulmayıb və hesab 3:1 hesabı ilə başa çatıb. Hakimin final fiti ilə sevinən tərəf “AzTV” olub və qızıl medalın sahibi olub.


Bakı Tennis Akademiyası
8 noyabr
FİNAL
saat 19:30
“AzTV” – “Veteranlar” – 3:1
Qollar: Cavidan Şükürov 2, Elvin Qulusoy (“AzTV”)
Ramiz Vəlizadə (“Veteranlar”)
Hakimlər: Elgün Hüseynov, Ramil Namazov
Sarı kart: Cavidan Şükürov, Tural Abdullayev (AzTV)

Final qarşılaşmasından sonra bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Tədbirin təşkilatçısı, Rakus.az saytının təsisçisi, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov yarışın baş tutması və yüksək səviyədə başa çatması üçün göstərdikləri təşəbbüsə və iştiraka görə əməyi olan hər kəsə təşəkkür edib, bütün komandaların yüksək əzmkarlıqla turnirə qoşulduqlarını və əsl idman mübarizəsi apardıqlarını bildirib, tamaşaçıların bu yarışa göstərdikləri marağı yüksək qiymətləndirib: “Xalqımızın Zəfər tarixinin təməl tarixində – sentyabrın 27-dən start götürən turnirin məhz Zəfər Günü- noyabrın 8-də başa çatması hamımız üçün qürurverici oldu. Biz xalqımıza qələbə yaşadan qəhrəman şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün keçirilən bu turniri yaşadacağıq. Onalrın qanı bahasına başa gələn bu qələbə millətimizin tarixinə qızıl hərflərlə yazıldı. Düşünürük ki, bu yarış futbol həvəskarları üçün yaxşı istirahət oldu. Səmimi, mehriban, baxımlı futbol nümayiş olundu. Bu turnir ənənəvi olaraq bundan sonra da davam edəcək”.
O, turnirin yüksək səviyədə başa çatması üçün göstərdikləri təşəbbüsə və iştiraka görə əməyi olan hər kəsə bir daha təşəkkür edib, mərasimin reqlamentinə əsasən hörmətli qonaqların çıxışlarından sonra qaliblərə kubok, medal, xatirə hədiyyələrinin təqdim olunacağını söyləyib.

Milli Məclisin deputatı Rizvan Nəbiyev turnirin təşkilinə görə təşəkkür edib, belə tədbirlərin əhəmiyyətindən danışıb: “Əziz dostlar, hörmətli qonaqlar. Bu gün biz Zəfər Gününün rəmzi anlamını yaşadan bir tədbirdə – Şəhid jurnalistlərimizin xatirəsinə həsr olunmuş futbol turnirinin final oyununda bir araya gəlmişik. Bu turnir təkcə idman yarışması deyil, həm də həqiqətin və Vətənə sədaqətin simvoluna çevrilmiş qəhrəman jurnalistlərimizin ruhuna ehtiramın ifadəsidir. Futbol meydanında bu gün sərgilənən mübarizə, əslində, birliyin, dostluğun və vətənpərvərliyin göstəricisidir. Ona görə də bu turnirdə bütün iştitakçılar qalibdir, ən böyük Qalibiyyət Zəfərimizdir. Müzəffər Ali Baş Komandan, Prezident İıham Əliyevin rəhbərliyi altında qazandığımız Şanlı Zəfərimiz nəticəsində bütün sahələrdə, o cümlədən idman yarışlarında biz daha inamla çıxış.edrik, çünki biz Qalib dövləti təmsil edirik. Azərbaycanın mövqeləri beynəlxalq müstəvidə çox möhkəmlənib, hər birimiz peşəmizdən asılı olmayaraq Qalib Dövlətimizin daha da güclənməsinə öz töhfəmizi verməliyik. Turnirin bütün iştirakçılarını, xüsusi ilə qalibləri təbrik edir, göstərdikləri həmrəyliyə görə hər birinə təşəkkür edirəm”.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aqşin Fərəcov şəhidlərimizə Allahdan rəhmət diləyib, turnirin onların xatirəsinə həsr olunmasını yüksək dəyərləndirib: “Şəhidlərin xatirəsinə keçirilən idman tədbirləri onların adının daim yaşadılmasına xidmət edir. Belə turnirlərin davam etdirilməsi çox vacibdir. Xalqımızın Zəfər bayramını təbrik edirəm.”

Mətbuat Şurasının təmsilçisi İlqar Tağıyev yarışın qaliblərini, təşklatçıları təbrik edib: “Bütün komandalar yüksək əzmkarlıqla turnirə qoşuldular və əsl idman mübarizəsi apardılar. Bu yolda media işçilərinin də əməyi böyükdür. Məhz Qarabağ savaşında şəhid olan mətbuat işçilərinin xatirəsinə belə turnirin təşkil olunması təqdirəlayiqdir. Mətbuatın 150 illik yubileyində jurnalist komandasının qalib gəlməsi sevindirici oldu. Biz bu ənənəni yaşatmalıyıq. Şəhidlərə Allahdan rəhmət diləyir, qaliblərə uğurlar arzulayıram. Hamınızın Zəfər bayramı mübarək olsun!”

M. Ə. Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov futbolsevərləri və qonaqları salamlayaraq, Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb, 4 ildir keçirilən Futbol Turnirinin artıq ənənəyə çevrildiyini deyib: “Turnirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Burada insanların idmana, futbola sevgisini gördük. Onlara cağlam can arzu edirəm. Əminəm ki, bu turnir ənənəvi olaraq qalacaq. Qoy, hər zaman qəlblər futbolla döyünsün. Şəhidlərimizin ruhları şad olsun. Məkanları cənnət olsun. Təbii ki, sonda da bir qalib olur. Burada final oyununu izlədik. Bu gün “AzTV” komandası qalib gəldi. Turnirdə iştirak edən həfəskar futbolçulara bundan sonra da uğurlar arzulayıram. “AzTV” komandasını təbrik edirəm, uğurlarınız bol olsun. İştirakçı komandalara gələcəkdə bol şanslı qələbələr diləyirəm”.

Ardanış Futbol Məktəbinin fəxri sədri Yunis Aslanov turnirin iştirakçılarını və təşkilatçılarını ürəkdən təbrik edib: “Zəfər bayramınız mübarək olsun. Siz Azərbaycanın bütövlüyü uğurunda şəhid olan oğulların, eləcə də jurnalistlərin əzizi xatirəsinə təşkil olunana Ənənəvi Futbol Turniri təşkil edirsiniz. Sizin bu işiniz bizim gələcəyimzi olan gənclər üçün nümunədir. Qalibləri təbrik edirəm”.

Ardanış Kənd İcmasının İdarə Heyətinin üzvü, müəllim Sahib Əhmədov iştirakçıları salamlayıb, turnirin şəhid jurnalistlərin xatirəsinə keçirildiyini və ənənəvi xarakter aldığını vurğulayıb: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Futbolda hakimlərin üzərinə böyük məsuliyyət düşür. Onlar tərəfindən verilən ədalətli qərarlar komandaların yaxşı oyun nümayiş etdirməsinə, emosiyalara qapılmamağa, azarkeşləri sevindirməyə təsir edir. Bu gün hakimlərin qərarları müəyyən qədər müzakirələrə səbəb oldu. Nəhayət, oyun başa çatdı, yekunda bir komanda qalib oldu. Qalib komandanı təbrik edirəm. İkinci və üçüncü yeri tutan komandalara uğurlar arzulayıram. Bu gün veteran futbolçuların bu turnirə qatılması xüsusi rəng və fərqlilik qatdı”.

Futbol mütəxəssisi Vüqar Hacıyev finalda oynayan “Veteranlar” və “AzTV” komandalarını təbrik edib: “Əziz futbolçularımız, qonaqlarımız, tamaşaçılarımız və ümumən idmansevərlər, hər birinizi ürəkdən salamlayıram. Turnirə qatılan bütün komandalara və təşkilatçılara öz təşəkkürümü bildirirəm. Final oyunu da gözlənildiyi kimi çox gözəl və həyacanlı oldu. Xatirələri qəlbimizdə əziz olan Şəhid jurnalistlərimizə Allahdan rəhmət diləyirəm. Bu turnirin təşkilatçılarına da təşəkkür edirəm ki, belə bir möhtəşəm turnir keçirdilər. Zəfər bayramı hamımız üçün şərəfli tarixdir. Arzum odur ki, məhz bu tarixi növbəti dəfə Qərbi Azərbaycanda keçirək”.

Baku TV-nin Departament rəhbəri İman Məcidov deyib ki, burada təmsil olunan komandaların jurnalistlərdən, gənclərdən, veteranlardan, hərbçilərdən olması maraqlı idi: “Finalda hər iki komanda güclü idi. Tamaşaçıların bu yarışa göstərdikləri marağı da diqqət çəkdi. Təbii ki, mən telviziya təmsilçilərini tuturdum. “AzTV” komandasının çempion olmasına görə bütün media təmsilçilərini təbrik edirəm. İştirakçılara uğurlar arzulayır, qalibləri bir daha təbrik edirəm”.

İdman TV-nin direktoru Zaur Zeynal çıxış edərək Zəfər bayramı münasibətilə iştirakçıları təbrik edib: “Bu turnirin bizim üçün əhəmiyyəti böyükdür. Yarışların yüksək səviyyədə keçirilməsi, iştirakçıların marağı xoş təssürat yaradır. Mən yarış iştirakçıkarını və qalib komandaları təbrik edirəm. Zəfər bayramı günü bu kuboku AzTV-nin qazanması bizim üçün yaxşı sürpriz oldu”.
xxx






Milli Məclisin deputatı Rizvan Nəbiyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aqşin Fərəcov, Mətbuat Şurasının təmsilçisi İlqar Tağıyev, M. Ə. Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Ardanış Futbol Məktəbinin fəxri sədri Yunis Aslanov, Ardanış Kənd İcması İdarə Heyətinin üzvü, müəllim Sahib Əhmədov, futbol mütəxəssisi Vüqar Hacıyev, Baku TV-nin Departament rəhbəri İman Məcidov və İdman TV-nin direktoru Zaur Zeynal onlara kubok, medal, təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər.






Turnirin təşkilatçısı Əsgər İbrahimov sonda dəstəyə görə Bakı Tennis Akademiyasının nümayəndəsi İlqar Xələfli, oyunlarda həkimlik etmiş Malik Löymanova, Vaqif Həsənov, göstərilən diqqətə görə Gənclər və İdman Nazirliyi, Media Agentliyi və Mətbuat Şurasının TƏŞƏKKÜRNAMƏ ilə təltif olunduğunu deyib.

Mükafatlandırma mərasiminin sonunda turnirdə birinci yeri tutan “AzTV” komandasına kubokuu Milli Məclisin deputatı Rizvan Nəbiyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aqşin Fərəcov və İdman TV-nin direktoru Zaur Zeynal təqdim ediblər.


Ə.İbrahimov turnirin bütün iştirakçılarına və qonaqlara bir daha təşəkkür edərək mərasimi bağlı elan edib. Bununla da sentyabrın 27-dən noyabrın 8-dək davam edən Şəhid Jurnalistlərin Xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turniri başa çatıb.
Çempion komanda ilə, eləcə də futbol mütəxəssisləri və qonaqlarla xatirə şəkilləri çəkdirilib.

Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTV), Baku TV, Real TV, AZƏRTAC, APA, Yurd Media agentliklərinin və BAKU.WS portalının informasiya dəstəyi, “Bee Tours”, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
İldə bir dəfə təşkil olunan turnirin ilk ilində, yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub – “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adı altında mübarizə aparıb. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib.
2024-cü ildə turnirdə 12 komanda – “Ardanış”, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”, “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Yəni medianı 4 komanda təmsil edib.
2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” adı altında mübarizə aparacaq. Medianı 8 komanda təmsil edir.
Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 27-də başlayıb noyabrın 1-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmır.
Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulur. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Veteranlar” komandasında çıxış edir. Oyunların şənbə və bazar günləri (açılış günü şənbə saat 19:00 və 20:00-dan başqa) saat 22:00/23:00-da keçirilir. Komandalar özlərinin idman geyimləri ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 1-də şənbə günü saat 19:00/20:00-da baş tutacaq.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb. Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş həmin şəxsləri “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, hərbçilər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə yayımlanırdı. Çingiz Mustafayevin Xocalı soyqırımına dair çəkilişləri Ermənistanın imicini bütün dünyaya tanıtdı. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi. Çingiz Mustafayev 1992-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
Fəxrəddin Şahbazov 1950-ci ildə anadan olub. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz operator peşəsində çalışıb. Fəxrəddin qaynar döyüş meydanlarından reportajlar hazırlayaraq xalqa, eləcə də xarici ölkələrə çatdırıb. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub. Bakıda, Şəhidlər Xiyabanında dəfn edilib. Fəxrəddin Şahbazova Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Osman Mirzəyev 1937-ci ildə dünyaya göz açıb. O.Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi “Dalğa” verilişinin yaradıcılarından idi. 1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Apparatının şöbə müdiri vəzifəsinə təyin olunub. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.
Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək AzTV-də işləyib. Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan – qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci ildə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülən Alı Mustafayev həmin il noyabrın 20-də Xocavəndin Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.
Kazımağa Möhsün oğlu Kərimov Bakı Dövlət Universitetinin Jurnalistika fakulətisini bitirdikdən sonra peşəsinin arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb. 1988-ci ildə doğma vətəninin üzərini qara buludlar alanda heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da silaha sarılıb. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda ağır yaralanıb. Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa döyüşlər bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılıb. Kazımağa 15 iyun 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb.
Arif Hüseynzadə – 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub. 20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Onlar içərisində AzTV-də işıqçı kimi fəaliyyət göstərən Arif Hüseynzadə də vardı.
Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova 1991-ci ilin 9 yanvarında Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilir. Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir. İxtisasca geofizik olsa da, jurnalistikaya olan sevgi onu bu sahəyə gətirmişdi. O, reportajlarında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərə geniş yer verirdi. 1992-ci il noyabrın 6-da Salatın Əsgəroavaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.






















