Qədim Azərbaycanın hərbi gücü - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, buraxılışda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov tunç dövrünün möhtəşəm hərb memarlığı, qədim Azərbaycan döyüşçüsünün müdafiə texnologiyası, Zəngəzur və Naxçıvan qalalarının gizli hərbi rolu və s. mövzulardan danışıb.
O, Zəngəzurun qala sistemi, qədim Azərbaycan sivilizasiyasının Naxçıvanda tapılan qalxan fraqmentləri, Oğlanqala divarlarının tikinti sirri, şimal sivilizasiyasını qoruyan qalalarla bağlı maraqlı faktlar açıqlayıb.
S.Əhmədov qədim Azərbaycanın hərbi gücü, Amerika arxeoloqlarını heyran edən və Azərbaycanın gücünü göstərən Naxçıvanın qədim qalalar, hərbi əşyalar, həmçinin tunc dövründə hərb elminin necə qurulmasına aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş noyabrın 22-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.














