“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun budəfəki müsahibi tarixçi, tədqiqatçı Səbuhi Hüseynov olub.
O, “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının yaranması ideyasından, əhəmiyyətindən, tədqiqatın əhatə etdiyi mövzudan söhbət açıb. Bildirib ki, tədqiqatın təşəbbüskarı professor Ədalət Vəliyevdir və o, uzun müddət bu ideya üzərində işləyib. Sonra Qərbi Azərbaycan irsini araşdırmaq üçün elmi-tədqiqat qrupu yaradılıb. Nəhayət, bu yaxınlarda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və müsahibin həmmüəllifliyi ilə belə bir sanballı kitab ərsəyə gəlib.
Tarixçi S.Hüseynov bildirib ki, kitabın birinci cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 735 azərbaycanlı qəbiristanlığının 200-dən çoxunun əvvəlki və indiki vəziyyətindən bəhs olunub. Müsahibin sözlərinə görə, tədqiqat zamanı 1890-1991-ci illərdə Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib və nəşr edilən, uzun müddət məxfilik statusunda saxlanılan müxtəlif ölçülü topoqrafik xəritələrdən, ötən əsrə və müasir dövrə aid ABŞ kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya, ABŞ, Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edilib. İlk növbədə peyk görüntüləri vasitəsilə həmin qəbiristanlıqların mövcud vəziyyəti aydın müşahidə olunub. Dağıdılan hər bir qəbiristanlığın dəqiq tarixi müəyyən edilib. O da müəyyən olub ki, ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən tamamilə siliblər. İndiki Ermənistanda Azərbaycan izini bu qaydada silmək üçün dövlət və siyasi elita məqsədli cinayətlər törədib.
Tarixçi S.Hüseynov söyləyib ki, “Qərbi Azərbaycan irsi” kitabı Azərbaycan, ingilis və rus dillərində olmaqla, ümumilikdə beş cildi təşkil edəcək. Birinci cilddə olduğu kimi, ikinci və üçüncü cilddə də Qərbi Azərbaycanda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılan azərbaycanlılara məxsus qəbiristanlıqlar tədqiqat obyektinə çevriləcək. Dördüncü cilddə məscidlər, beşinci cilddə isə pirlər və türbələr barədə məlumatlar öz əksini tapacaq. Tədqiqatın məqsədi Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə, o cümlədən dünya dövlətlərinə çatdırmaqdır. Bu məqsədlə artıq Azərbaycanın 84 rayonunda “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı keçirilib, dünya ölkələrinin kitabxanalarına tədqiqatın elektron versiyası təqdim olunub. Bu proses bundan sonra da davam etdiriləcək.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 27-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.














