“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, süjetdə bu il noyabrın 21-də Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Bakıya səfərindən, onların İrəvana qayıtdıqdan sonra sülhə dair çıxışlarının revanşistlər tərəfindən aqressiya ilə qarşılanmasından bəhs olunur.
Süjetdə bu il noyabrın 21-də Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Bakıya səfərindən, onların İrəvana qayıtdıqdan sonra sülhə dair çıxışlarının revanşistlər tərəfindən aqressiya ilə qarşılanmasından bəhs olunur.
Bildirilir ki, Bakı-İrəvan xəttində baş verən diqqətçəkən proseslər Ermənistanda geniş müzakirələrə səbəb olub. Ermənistan nümayəndə heyətinin üzvü Areq Koçinyan İrəvanda jurnalistlərə açıqlamasında Bakıda yaxşı qarşılandıqlarını, Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşdüklərini deyib, sülh prosesinə qarşı çıxan revanşistləri qoyun adlandırıb.
Qeyd olunur ki, “Sülh Körpüsü” Təşəbbüsü Azərbaycan və Ermənistan arasında etimad mühitinin yaradılması baxımından vacibdir: “İki ölkə arasında qarşılıqlı səfərlərdə üçüncü tərəfin vasitəçi rolunda çıxış etməməsi etimadın formalaşmağa başlamasından xəbər verir. Bu isə Ermənistanda revanşistləri narahat edir. Bu il noyabrın 28-də Qəbələdə sərhədlərin delimitasiyası üzrə komissiyanın 12-ci görüşündə əldə olunan razılaşmaya əsasən, delimitasiyanın cənub istiqamətdə davam etdirilməsi Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Dəhlizin keçdiyi istiqamətlərdə sərhədin müəyyənləşməsi zərurəti var və Bakı ilə İrəvanın hazırki prioriteti budur. Delimitasiya nəticəsində bir sıra ərazilərin, o cümlədən, Kərki kəndinin qaytarılması gözlənilir. Ermənistanda revanşist qüvvələr iddia edirlər ki, Kərki kəndinin qaytarılmasından sonra strateji mövqelər Azərbaycanın nəzarətinə keçəcək”.

Verilişdə Minsk qrupunun ləğvi prosesinin yekunlaşmasının Ermənistanda əsas müzakirə mövzusu olduğu diqqətə çatdırılır.
Erməni ekspertlərin fikrincə, Minsk qrupunun buraxılması Azərbaycanın növbəti diplomatik qələbəsi, Bakı-İrəvan sülh gündəliyinin yekunlaşması deməkdir və növbəti mərhələdə azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı aktuallaşacaq.
Sonda vurğulanır ki, Minsk qrupunun ləğvi Qarabağ məsələsini beynəlxalq müstəvidə gündəmdən çıxardığı üçün Ermənistanın əlindəki kart da sıradan çıxdı: “Bu baxımdan, Qərbi Azərbaycana qayıdışın reallaşması imkanları genişlənir. Hadisələrin inkişafı Qərbi Azərbaycana qayıdışın Bakı-İrəvan sülh prosesinin yekunlaşmasından sonra həyata keçiriləcəyinə əminlik yaradır”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında dekabrın 4-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.















