Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Bozyoxuş necə Musaelyan oldu?” adlı süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bozyoxuş, Boz Kaha, Bozkosa toponimi və oronimi haqqında söz açılır.
Bildirilir ki, Azərbaycan türklərinin tarixi-etnik torpaqlarından didərgin salınması nəticəsində həmin ərazilərə ermənilərin köçürülərək məskunlaşdırılması danılmaz faktır: “Məhz bu süni yerləşmədən sonra hayların saxtalaşdırma əməliyyatlarına başlaması indiki Ermənistanın və havadarlarının tarix boyu siyasi mənafeləri ilə bağlı olub”.
Bozyoxuş – Ağbaba mahalının Qızılqoç, sonralar Qukasyan adlandırılan rayonda kənd, aşırım və dağ adıdır. Kəndin adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olan kəndin adı 1946-cı ildə dəyişdirilib Musaelyan qoyulub.

Boz Kaha – Zəngəzur mahalının Gorus rayonu ərazisində kənd olub. Rayondakı Qarnidzor kəndindən 3 kilometr şimal-şərqdə yerləşib və xarabalığa çevrilib.
Bozkosa – Qırxbulaq mahalının Ellər, sonralar Kotayk və Abovyan adlandırılan rayonda kənd olub. Kənddə 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunub və kənd xarabalığa çevrilib.
Sonda vurğulanır ki, oğuz yurdlarına yerləşdirilən gəlmə ermənilər Qərbi Azərbaycan ərazilərini hərtərəfli zəbt etməklə yanaşı, həm coğrafi, həm də siyasi saxtakarlıq üzrə məşhurluq qazanıblar: “Özlərini dünyaya məsum göstərən ermənilərin bu cür bəd əməllərinin qurbanı isə daim Qərbi azərbaycanlılar olub. Lakin bütün çətinliklərə baxmayaraq, oğuz türkləri bu sınaqdan da uğurla çıxıb, doğma yurd yerlərinə yenidən qayıdacaqlar”.
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında martın 31-də saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.















