“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Xeyli zamandır səndən yazmaq istəyirdim, amma yaza bilmirdim. Bilmirəm, nədəndir… Yəqin ki, ruhun məni bağışlayar. Bu soyuq qış gecəsində, elə sənin də şəhid olduğun ayda qələm götürdüm.
Bir az əvvələ qayıtmaq istəyirəm…
Eylaz Niyaz oğlu Orucovla on il eyni sinifdə oxumuşam. İllərimizi bölüşmüşük. Təbii olaraq çox sakit, ağıllı, savadlı bir oğlan idi. Riyaziyyatı elə bil özününkü bilirdi – sinifdə ona “riyaziyyatın anası” deyirdik. Zəif oxuyan uşaqlara kömək edərdi. Dərsə gələn kimi dəftərini partanın üstünə qoyar, “köçür, köçür” deyə başlardı.
Eylaz çox mədəni idi, xüsusilə də qızlara qarşı. Şeir də yazardı — sinifdəki qızların hər birinin adına.
Məktəbi bitirdikdən sonra Ç. İldırım adına Politexnik İnstitutuna daxil oldu. Hərbiyə xüsusi marağı vardı. Məktəb illərindən sonra onu bir daha görmədim. Hər ikimiz Bakıda oxuyurduq, amma rastlaşmadıq. Tətillərdə kəndə gedəndə bacısı Rəqibə bizim məhəlləyə gəlin köçmüşdü, onunla Eylazdan xəbər alardım.
I Qarabağ müharibəsi başlamışdı. Qardaşlarım da döyüşdə idi. Lehvaz kəndindən xeyli gənc könüllü olaraq müharibəyə yollanmışdı. Eylaz da işini buraxıb Tovuz rayonunda gedən döyüşlərə qatıldı. Topçu idi.
Müharibədən gələn ölüm xəbərləri hamımızı nigaran edirdi. 1994-cü ilin fevral ayının 1-də Orucovlar ailəsinə Eylazın şəhid olması xəbəri çatdırıldı. Atası Namaz dayını Nərimanov rayon Hərbi Komissarlığına çağırdılar. Bu xəbər təkcə Eylazın ailəsini yox, bütöv kəndi sarsıtdı.
Sinif yoldaşları ilə toplaşıb Eylazgilin evinə getdik. Həyətdə onun böyük çərçivəyə salınmış şəklini gördük. Atası — beli bükülmüş, üzü solmuş Namaz dayı bizi görəndə hündür səslə bayatı çəkdi:
“Deyin, mənim Eylaz balam hanı?”
Bu fəryada dözmək mümkün deyildi. Evə qalxmaq çox ağır idi. Anasının, bacısının iniltisi hələ də qulaqlarımdadır. Anası Tərlan xala Eylazdan danışa-danışa ağlayırdı. Hamımız donub qalmışdıq.
O vaxt bildim ki, Eylazın heç övladı olmayıb. Ana deyirdi:
“Kaş balamın bir balası olardı, kaş onun qoxusunu ondan alardım…”
Bu xəbər məni lap sarsıtdı. Eylaz kimi vətənpərvər, savadlı, mədəni bir oğulun bir nişanəsi də qalmamışdı. Bu, çox ağır idi… Ananın, bacının, qardaşların ürəkdağlayan göz yaşları insanı yandırırdı.
Bu gün cümə günüdür…
Eylaz, Allah sənə rəhmət eləsin.
Bilirəm, bu yazıda çox gecikmişəm. Yəqin ki, ruhun məni bağışlayar. Məclislərdə bacın Rəqibə xanımı görəndə məni bağrına basır, gözləri dolur. Bilirəm, səni xatırlayıb kövrəlir.
44 günlük Vətən müharibəsindən sonra, Qərbi Azərbaycan İcması yaradıldıqdan sonra Lehvaz icması adından Eylazgilin evinə baş çəkdik. Bu dəfə bizi nə atası Namaz dayı, nə də anası Tərlan xala qarşıladı. Onlar Eylazın vaxtsız gedişinə dözə bilməmiş, onun ruhuna qovuşmuşdular.
Yenə həmin ev, yenə həmin pilləkənlər… Amma bu dəfə içimdə qəribə bir sevinc vardı. Axı qələbə çalmışdıq. Torpaqlarımız geri qayıtmışdı. Eylaz kimi oğullarımızın ruhu şad idi.
Evin küncündə onun şəkli qarşısında dayandım və pıçıldadım:
“Rahat yat, Eylaz… Qələbə müjdəsiylə ata evinə gəlmişəm.”
Qəbirüstünə də dönə-dönə getdik. Evlərində ona aid şəkillər vardı. Evdə yenə də bir sükut, bir sərinlik duyulurdu.
Əziz sinif yoldaşım, şəhidlik zirvəsinə ucalan igid… Bilmirəm sənə nə deyim. Təkcə bir cümlə pıçıldadım:
Sən qəhrəmansan. Sən əsl vətənpərvərsən. Sən Lehvazın igid oğlusan.
Sən bizim, sinifimizin, elimizin, obamızın, bütöv Azərbaycanın qəhrəmanısan.
Bir xatirə də canlandı gözümün önündə… Aşağı siniflərdə oxuyurduq. Sonuncu dərs idi, qış ayıydı. Leyli müəllimə dedi ki, sinifdən çıxmayın. Biz uşaqlar oynayırdıq. Saçlarıma çəhrayı lent bağlamışdım. Eylaz lentimin ucunu peçə tutdu, yanmağa başladı. Mən qorxudan onu itələdim, əli yandı. Müəllimə mürəkkəb çəkdi, məni də danladı. Zəng vurulsa da gözüm Eylazdaydı, özümü günahkar bilirdim. Əli ağrısa da, heç nə demədi…
Bu gün xatirələr işığına yığışmışıq, Eylaz. Ruhun məni bağışlayar, bu gecikmiş yazıma görə…
15.01.2026, saat 23:56
Bu gün həm də Qəndil gecəsidir — duaların göylərə ucaldığı gecə.
Allah ruhunu şad etsin, yatdığın torpaq behişt olsun.
Şəhidlər ölmür.
Tanrı dağında olan ruhuna salam olsun…
Bağışla, Eylaz… çox gec yazdım…
Cəmilə QAFARQIZI














