“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, “Bizi öz ərazimizdən Türkiyə tərəfə baxmağa qoymurdular” adlı veriliş Vedibasar mahalı, Vedi (Ararat) rayonu, Kiçik Vedi kənd sakini Yaqub Rzayevin həyat hekayəsinə həsr olunub.
O, 1952-ci ildə kolxozçu ailəsində doğulduğunu, ailədə 10 uşaq olduqlarını deyib: “Kəndin yaxınlığında Alban kilsəsi var idi, bizə onu daim xristian. Qriqoryan kilisəsi kimi qələmə vermişdilər. Dağın ətəyində hərbi zastava var idi. Uşaq vaxtı bizi o ərazidən Türkiyə tərəfə baxmağa qoymurdular. Kənddə 1921-ci ilə qədər ancaq azərbaycanlılar yaşayıb. Həmin ildən kəndə ermənilər yerləşdirilib. Kəndimizin tarixi qədimdir. Hələ 1514-cü ildə Sultan Səlimin qoşunları Kiçik Vedi ərazisində düşərgə salıb. Kiçik Vedi adı İravanın müfəssəl və icmal dəftərində də yazılıb və burada toponimlərin hamısı türk mənşəli olub”.

Onun sözlərinə görə, 1901-ci ildə doğulan atası 1918-ci ildə erməni-müsəlman davasını yaxşı xatırlayırdı: “Erməni qırğınları başlayanda atamın 17 yaşı olub. O deyirdi ki, daşnaklar Azərbaycan evlərini yandırır, dağıdırdılar, insanları öldürür, qətlə yetirirdilər. Ona görə məcburiyyət qarşısında qalıb biz Arazın o tayına keçdik. 1922-ci ildə geri qayıdanda görürlər ki, kəndə 193 erməni yerləşdirilib”.
Kənd sakini bildirib ki, ermənilər sovet dövründə də daim ayrı-seçkilik ediblər: “Nəhayət, 1988-ci ildə ermənlər bizə qarşı münasibətlərini tamamilə dəyişib zalımlaşdırdılar. Bizə hədə-qorxu gəlir, təhdid edirdilər. Kəndə kənar yerlərdən ermənilər, başqa nömrəli maşınlar daxil olmuşdu. Aprelin 26-da axşam saat 5-də 300 saqqallı kənddən olan ermənilərin bələdçiliyi ilə azərbaycanlıların evlərinə hücum etdilər. Onlar daş, balta, dəmir çubuq və silahlarla məhəllələrə girib adamları döyür, evlərin pəncərlərini, qaplarını sındırırdılar. Səhəri gün sakinlər yığışıb Türkiyə ilə sərhəddə getdi. O zaman Ermənistan Nazirlər Soveti sədrinin birinci müavini camaatı aldadıb oradan geri qaytardı. Amma vəziyyət yenə düzəlmədi, böhtanlar atıldı, hədə-qorxular artdı. Telefon xətlərini, qaz borularını kəsdilər, evlərə gedən təbii qaz dayandırdılar, işıqları söndürdülər. Heç kim ələqə saxlaya bilmirdi. Bunlar bizə bir işarə idi. Əhalinin vəziyyəti çox gərginləşdi. Məcburiyyət qarşısında qalaraq noyabrda kənddən çıxıb Azərbaycana gəldik”.
Y.Rzayev ata-babalarının və özünün doğulduğu müqəddəs yerin həsrətilə yaşadığını söyləyib: “Doğma yurda qayıtmaq hər birimizin arzusudur. Prezident İlham Əliyev 2022-ci ildə Qərbi Azərbaycan İcmasını yaratdıqdan sonra doğma yurddan qaçqın düşənlərin hüquqları beynəlxalq ələmdə yayıldı. Biz Qərbi Azərbaycana qayıtmaq ümidindəyik. Əminik ki, dədə-baba yurdumuza qayıdacağıq”.
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş aprelin 10-da saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

















