“Ərzurumspor” və “Bursaspor” superliqa ilə vidalaşdı - FOTO
Bu gün futbol üzrə Türkiyə Superliqasının 34-cü turuna və çempionata yekun vurulub. Sonuncu turun maraqlı qarşılaşmalarından biri “Şükrü Saracoğlu” stadionunda oynanılıb.
Rakus.az xəbər verir ki, turnir cədvəlində 43 xalla doqquzuncu pillədə yer alan “Fənərbağça” öz meydanında 45 xalla altıncı sırada qərarlaşan “Antalyaspor”u qəbul edib. İstanbul təmsilçisi Mixa Zaytsın (13), Eljif Elmasın (69) və Viktor Mozesin (90) qolları sayəsində rəqibinə 3:1 hesabı ilə qalib gəlib və mühüm üç xal qazanıb. Qonaqların heyətində isə 33-cü dəqiqədə Mevlüt Erdinç fərqlənib.
Bu oyundan sonra xallarının sayını 46-ya çatdıran Ərsun Yanalın yetirmələri turnir cədvəlində doqquzuncu pillədən altıncı yerə yüksəlib. “Antalyaspor” isə 45 xalla yeddinci sıraya enib. Qeyd edək ki, “sarı lacıvərdlilər” çempionatda 11 qələbə qazanıb, 13 heç-heçə edib və 10 dəfə məğlubiyyətə uğrayıblar.
Beləliklə, ardıcıl olaraq 2-ci, tarixində isə 22-ci çempionluğunu rəsmiləşdirən “Qalatasaray” Superliqanı 69 xalla lider kimi başa vurub. 67 xala malik “Başakşəhər” çempionatda ikinci yeri tutub. Hər iki klub Türkiyəni UEFA Çempionlar Liqasında təmsil edəcək. Hesabında 65 xal olan “Beşiktaş” turnir cədvəlində üçüncü, 63 xal toplayan “Trabzonspor” dördüncü, “Yeni Malatyaspor” isə 47 xalla beşinci olub və UEFA Avropa Liqasında mübarizə aparmaq hüququ əldə ediblər.
Bu gün oynanılan “Göztəpə” – “Anakaragücü” matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. “Ərzurumspor” komandası “Kayserispor”a 2:0, “Bursaspor” isə “Yeni Malatyaspor”a 2:1 hesabı ilə qalib gəlsələr də, superliqa ilə vidalaşıblar. Superliqanı tərk edən digər komanda “Akhisarspor” olub.