Media mərkəzində hər cür şərait yaradılıb - FOTO
Mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyununun işıqlandırılması ilə əlaqədar ölkəmizə gələn əcnəbi, eləcə də yerli jurnalistlərin sərbəst fəaliyyəti üçün Bakı Olimpiya Stadionunun media mərkəzində ən yüksək şərait yaradılıb.
Rakus.az xəbər verir ki, həlledici qarşılaşmanı işıqlandırmaq üçün yayım şirkətlərinin əməkdaşları da daxil olmaqla 500-dək media nümayəndəsi qeydiyyatdan keçib. Azərbaycan üçün 25 faizlik kvota nəzərdə tutulub. Bütün jurnalistlərin qeydiyyatı eyni şərtlərlə qəbul olunub. Yekun qərarı isə UEFA-nın media departamenti verib.
Bu mötəbər oyunu işıqlandırmaq üçün Avropa ilə yanaşı, digər qitələrdə yerləşən ölkələrdən də müraciətlər edilib. Avstraliya, İndoneziya və ABŞ-dan olan media nümayəndələri də möhtəşəm final oyununu işıqlandıracaqlar. Bakıda təşkil olunacaq final matçı təkcə Avropa mətbuatında deyil, bütün dünyanın diqqət mərkəzindədir.
Media mərkəzində yaradılan şərait əcnəbi jurnalistlər tərəfindən yüksək qiymətləndirilib.
Mərkəz gecə saat 04:00-dək media nümayəndələri üçün açıq olacaq.
Xatırladaq ki, “Çelsi”-“Arsenal” oyunu saat 23:00-da start götürəcək.