YAP GB-nin VII konfransı keçirildi - FOTO
Dünən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Gənclər Birliyinin VII konfransı keçirilib.
Rakus.az xəbər verir ki, tədbir iştirakçıları öncə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə qızıl gül dəstələri düzüblər.
Sonra tədbir YAP Xətai rayon təşkilatının qərargahında davam etdirilib. Dövlət himninin səsləndirilməsindən sonra YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Aliyə Ağrılı gündəliyə uyğun olaraq VI konfransdan ötən dövr ərzində görülən işlərdən geniş bəhs edib. Bildirib ki, gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasını təşkil edir. Bu gün müstəqil Azərbaycan dövlətinin gəncləri onlara yaradılan şəraitdən məmnunluqlarını ifadə edir, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaqla ulu öndər Heydər Əliyevin ideyalarının təbliğinə öz töhfələrini verirlər. Sıralarında 730 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasında təmsil olunanların 40 faizdən çoxunu gənclər təşkil edir. Bu rəqəmin özü Azərbaycan gənclərinin partiyanın gələcəyinə inamını, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətini, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini bir daha nümayiş etdirir.
Məruzə ətrafında çıxış edən YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin fəal üzvlərindən Orxan Bayramov, Elman Aslanov, Aliyə Orucova bildirdilər ki, gənclərimiz onlara göstərilən etimadı daha böyük məsuliyyət hissi ilə qarşılayaraq, daha səylə çalışırlar.
YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli Azərbaycan gənclərinin bütün sahələrdə uğurlarından geniş bəhs edərək bildirdi ki, gələcəyimiz gənclərimizlə bağlıdır. Bunun üçün onlar daha səylə çalışmalı, vətənpərvər olmalı, tariximizi, dilimizi, mədəniyyətimizi daha dərindən öyrənməli, təbliği istiqamətində fəal iş aparmalıdırlar. Ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.
YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu fikri xüsusi qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü belə bir güclü, qüdrətli, böyük nüfuza malik partiyanın sıralarında təmsil olunmaqdan qürur duymalıdır. Yeni Azərbaycan Partiyasına xidməti dövlətə, xalqa xidmət kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur, ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, YAP nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilib. Sıralarını günbəgün kəmiyyət və keyfiyyət baxımından zənginləşdirən Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir. Bunu ölkədə keçirilən seçki proseslərində xalqın partiyaya, onun namizədinə dəstəyi də təsdiqləyir. Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi nüfuz qazanıb.
V.Rəhimzadə bu mühüm məqamı da xüsusi vurğulayıb ki, Azərbaycan davamlı uğurlara imza atır, bunu gözü götürməyən dairələr qısqanclıq hisslərini qərəzli təbliğatları ilə nümayiş etdirirlər. Gənclərimiz sosial şəbəkələrdə fəal olmalı, Azərbaycan reallıqlarını əsaslı şəkildə təbliğ etməli, aparılan qarayaxma kampaniyalarının heç bir əsası olmadığının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına öz töhfələrini verməlidirlər. Günbəgün güclənən, qüdrətlənən Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar üçün qürur mənbəyidir.
Sonra gündəliyə uyğun olaraq təşkilati məsələlərə baxılıb. YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri və 6 sədr müavini seçilib. Gənclər Birliyinin yeni sədri Orxan Bayramov seçilib. 37 nəfərdən ibarət Şuranın, 21 nəfərdən ibarət İdarə Heyətinin tərkibi təsdiqlənib. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ümumrespublika konfransına 13 nəfər nümayəndə seçilib.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov yeni tərkibə uğurlar arzulayaraq, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsindən geniş bəhs edib. Bildirdi ki, hazırda partiyanın üzvlərinin 40 faizini gənclər təşkil edir. Gənclər partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər.
H.Mirələmov Azərbaycan gənclərini ölkə həqiqətlərinin təbliğində daha fəal olmağa çağırıb. Azərbaycan gəncliyinin gələcəyə inamla irəliləməsi üçün böyük əsaslar mövcuddur. 17 minə yaxın üzvü sıralarında birləşdirən YAP Xətai rayon təşkilatında çoxluq təşkil edən gənclərimizin fəallığı daim təqdir olunur.
Sonda YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin VII konfransının iştirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.