XV AGYOF ilə bağlı tədbir keçirildi
Bu gün “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya Hərəkatının yaranmasının 125 illik yubileyi ilə bağlı tədbir təşkil olunub.
Rakus.az xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və idman sektorunu təmsil edən nümayəndələr iştirak ediblər. Azad Rəhimov çıxışı zamanı deyib ki, biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik. Onun sözlərinə görə, 50 gün sonra Azərbaycanda yeniyetmələr arasında ən güclü idmançılar yarışacaq: “Onların əksəriyyəti gələcəkdə olimpiya çempionu ola bilərlər. Bugünkü tədbirdə uşaqların iştirakı çox vacib amildir. Çünki biz texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaqlar və yeniyetmələr arasında idmanın təbliğini də qarşımıza məqsəd qoymuşuq”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iki əlamətdar hadisənin birgə qeyd olunmasının əhəmiyyətindən danışıb. O, Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının Azərbaycan üçün tarixi əhəmiyyət daşıdığını söyləyib.
Daha sonra XV Avropa Gənclər Yay Olimpiya Festivalının maskotları Cırtdan və Bəbir nümayiş olunub.
Xatırladaq ki, “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı bu il iyulun 21 – 27-də keçiriləcək.