Maqnit qasırğasının səviyyəsi açıqlandı
Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub.
Rakus.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Məlumata görə, Günəş diski ləkəsizdir və koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.
Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun zəifləmə müşahidə olunub. Günəş küləyinin sürəti 325 km/san qeydə alınıb. Ümumi maqnit sahəsi hesabat dövründə 3-5 nT intervalında qiymət alıb. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb.
Bildirilir ki, proqnoz dövründə (20 – 22 iyun) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (20 – 22 iyun) Günəş küləyi sürəti artdığından yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (20 – 22 iyun) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (20 – 22 iyun) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=1,2). Maqnit qasırğasının yaranması ehtimalı 1%-dən aşağı qiymətləndirilir.