İstanbulda səsvermə başa çatdı
İyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə keçirilən təkrar səsvermə Türkiyə vaxtı ilə saat 17.00-da (Bakı vaxtı ilə saat 18.00) başa çatıb. Bülletenlərin sayılmasına başlanılıb.
Rakus.az xəbər verir ki, hələlik səsvermənin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntusunun baş verməsi ilə bağlı məlumat yoxdur.
Səsvermədə əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq Baş Nazir və Türkiyə Böyük Millət Məclisinin əvvəlki sədri Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi, İstanbulun Bəylikdüzü bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu arasında olub.
Xatırladaq ki, televiziya kanallarının saat 21.00-dan sonra seçkiyə dair azad şəkildə verilişlər yaymasına icazə verilib.
Türkiyə Ali Seçki Komissiyası tərəfindən günün sonunadək səsvermənin ilkin nəticəsi barədə məlumat veriləcəyi gözlənilir.