Fuad Abbasov deportasiya olundu - FOTO - VİDEO
Rusiyada saxlanılmış azərbaycanlı jurnalist Fuad Abbasov deportasiya edilib.
Rakus.az xəbər verir ki, bu barədə onun vəkili Teyyub Şərifov məlumat verib.
Belə ki, 25 iyun 2019-cu il tarixində Fuad Abbasov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin nəzarəti altında Vnukovo hava limanından Azərbaycan Hava Yollarının Moskva-Bakı reysi ilə Azərbaycana yola salınıb. Fuad Abbasovu gətirən təyyarə dünən 22:10-da Bakıya enib.
Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.
Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyirdi. O, iki dəfə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməmişdilər. (apa.az)
Tərəfdarları və qohumları onu milli qəhrəman kimi qarşılayıblar. Azərbaycan bayraqları və təzərrühatlarla qarşılanan jurnalist qısa açıqlamalarla çıxış edib.
Aeroportun girişində media nümayəndələrinə açıqlama verən F.Abbasov onu dəstəkləyən hər kəsə təşəkkür etdi.
Jurnalist azadlığa çıxmasının onun üçün gözlənilməz olduğunu dedi: “40 gün qapalı vəziyyətdə qaldım. Dünən axşam soruşdurma oldu. Bu sabah gözlənilmədən xəbər çıxdı ki, azadlığa çıxıram”.
F.Abbasov bildirdi ki, dincəlib özünə gələndən sonra mətbuat konfransı keçirəcək: “Baş verən qanunsuzluqlarla bağlı məhkəmə yolu ilə həll edəcəm. Səhhətim qaydasındadır. Heç bir problem yoxdur. 12 gün boyunca aclıq aksiyası oldu. Bundan sonra da jurnalist fəaliyyətim olacaq. Daha güclü şəkildə davam edəcək”.
F.Abbasov media nümayəndələrindən bir neçə gün icazə istəyərək, yaxın zamanda mətbuat konfransı keçirəcəyini bildirdi: “Çox ağır dönəm keçirmişəm. Bir-iki gün icazə verin özümə gəlim, bütün suallarınızı keçirəcəyim mətbuat konfransında cavablandıracam”.