FIDE-nin iclasının Bakıda keçirilməsindən məmnunuq – Dvorkoviç
Beynəlxalq Şahmat Federasiyası (FIDE) Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə fəal əməkdaşlıq edir. FIDE-nin Prezident Şurasının iclasının Bakıda keçirilməsindən məmnunuq. Tədbirin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Bakıda, həmçinin irimiqyaslı şahmat yarışlarının, tədbirlərin keçirilməsini müzakirə edirik. Əlbəttə, burada təşkil olunan yarışları, o cümlədən Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess” superturnirini dəstəkləyirik. Bu nüfuzlu yarışı izləmək üçün bu il Bakıya gəlmişdim. İstərdik ki, burada FIDE-nin rəsmi yarışları da keçirilsin. Şahmat üzrə Qran-Pri və bu kimi digər turnirlərin təşkili ilə bağlı müzakirələr aparırıq. Bu gözəl diyarda daha çox şahmat tədbirlərinin keçirilməsindən şad olarıq.
Rakus.az xəbər verir ki, bu sözləri iyunun 28-də FIDE prezidenti Arkadi Dvorkoviç qurumun Prezident Şurasının Bakıda keçirilən iclası ilə əlaqədar mətbuat nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.
FIDE prezidenti iclasda vacib məsələlərin müzakirə edildiyini vurğulayaraq bildirib: “Burada müzakirə olunan üç məsələni xüsusi qeyd etmək istərdim. Yarışların keçirilməsi sistemi və məkanların müəyyənləşdirilməsi diqqət mərkəzindədir. Çalışırıq ki, yarışlar yalnız inkişaf etmiş ölkələri deyil, bütün dünyanı əhatə etsin. Məsələn, dünya kubokuna daha çox ölkədən şahmatçıların qatılması üçün bir sıra təkliflər var. Dünyada şahmatın daha da inkişaf edərək bütün ölkələri əhatə etməsi üçün tədbirlərin həyata keçirilməsi məsələləri də müzakirə olunur. Şahmatın inkişafına dəstək məqsədilə FIDE cari il üçün üç milyon avro vəsait ayırıb. Üçüncü məsələ isə FIDE-nin işinin tənzimlənməsidir ki, bununla bağlı yeni nizamnamə hazırlamışıq və onu Baş Assambleyada müzakirə edəcəyik”.
A.Dvorkoviç iclasda məşqçi, hakim, siyasi problemlər və digər məsələlərin müzakirə olunacağını da vurğulayıb. O, Qafqaz ölkələrində şahmatın inkişafının digər ölkələr üçün nümunə olduğunu bildirib.