Professorun sonuncu dərsi - FOTO
“Mənim nə xəstələnməyə, nə də ölməyə vaxtım var…”
Yazıma onun tələbələrindən, bizim hazırkı müəllimlərimizdən professor Cahangir Məmmədlinin sözləri ilə başlamaq istəyirəm: “Şirməmməd müəllim mənim talismanım idi”. Bizimlə söhbətlərində tez-tez bu sözü işlədən müəllimimiz müasir Azərbaycan mətbuatının qocaman simalarından birini- jurnalistikamızda bütöv bir məktəb rolunu oynayan Şirməmməd Hüseynovu özünə mənəvi ata, dayaq hesab edir. Şirməmməd müəllimi təhsil aldığım BDU-nun Jurnalistika fakültəsində az-az görsəm də, məhz Cahangir Məmmədlinin onun haqqında dedikləri, danışdığı xatirələr nəticəsində həmin insanla heç olmasa bir dəfə söhbət etmək istəyirdim… Olmadı… Alınmadı…
Dediyim kimi, mən Şirməmməd müəllimlə nadir hallarda qarşılaşırdım. Əsasən də fakültəmizin dəhlizində. O, həmişə təmkinlə yeriyirdi. Həmin anlarda bizim çəkindiyimiz müəllimlər özləri də bir qırağa çəkilir, sanki Şirməmməd müəllimin ciddiliyi qarşısında təslim olurdular. Ümumiyyətlə, onun haqqında çoxlarından kifayət qədər ciddi, tələbkar və zəhmli olduğunu eşitmişəm. Hətta etiraf edim ki, ötən tədris ilində Azərbaycan mətbuat tarixi fənnini bizə tədris edəcəyini öyrəndikdən sonra düşünmüşdük ki, onun tələblərinə cavab verə bilmərik. Doğrudur, başqa bir müəllim onu əvəz etmişdi. Amma kaş ki, elə Şirməmməd müəllim özü olaydı…Onu tanıya, bu gün onun sonuncu tələbələrindən biri olduğumuzu fəxrlə dilə gətirə bilərdik.
Bir neçə gün əvvəl internet portallarında gördüyüm bir xəbər məni çox sarsıtdı. İnternet səhifələrində, saytlarda mətbuatımızın yorulmaz tədqiqatçısı, BDU-nun Jurnalistika fakültəsinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovun şəkli və “Şirməmməd Hüseynov vəfat etdi” kimi sərlövhələrlə qarşılaşırdım. Əvvəl inanmaq istəmirdim. Amma neçə informasiya mənbəyi birdən yalan, qeyri-dəqiq məlumat yaya bilərdi ki? Acı olsa da, doğru imiş. 95 yaşlı mətbuat tarixçisi, “canlı ensiklopediya” adlanan Şirməmməd müəllim vəfat etmişdi. Çox keçmədi ki, fakültənin müəllim-tələbə kollektivi sosial şəbəkələrdə acı xəbəri bölüşməyə başladılar..
Həmin anlarda Cahangir müəllimi düşünürdüm. Görəsən, “hansı hisslər keçirir?” deyə fikirləşirdim. Axı Şirməmməd Hüseynov bu gün özü də jurnalistikamızın ağsaqqallarından biri olan Cahangir Məmmədlinin ilk müəllimlərindəndir. Elə bu vaxt “Real TV”-in efirində gördüklərimlə sualıma cavab tapdım. Tanınmış jurnalist Ləman Ələşrəf qızı 100 yaşlı BDU-nun akt zalındakı vida mərasimindən canlı efirlə çıxış edirdi. Rektorumuz Elçin Babayev çıxış üçün sözü Cahangir müəllimə verəndə o qədər duyğulandım ki. Adətən təbəssüm etməyi daha çox sevən müəllimimiz bu dəfə çox qəmli idi. Onun “…Mən dünən gecə ikinci dəfə atamı itirdim…” sözlərindən əvvəl və sonra dediyi heç nəyi eşitmədim. Ya da xatirəmdə qalan ancaq bu təsirli cümlə oldu…Əslində heç professor özü də çox danışmadı. Danışa bilmədi…
Sonra digərləri ekranda göründülər. “Şirməmməd müəllimin yazılarında klassika ilə müasirliyin sintezinin olduğunu” deyən mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Nəsiman Yaqublu qeyd etdi ki, o, həmişə kitablarla, sənədlərlə danışardı. Bununla da jurnalistikadakı əsas prinsipi-faktlığı, sənədliliyi qoruyardı. İllərdir ki, BDU-da çalışan Nəsiman müəllim özü də hər dəfə auditoriyaya daxil olanda fotolar, kitablar gətirir. Yəqin ki, bundan sonra da ustadının ənənəsinə sadiq qalacaq…Nəsiman müəllimin sözlərinə görə böyük publisist Üzeyir bəy Hacıbəylinin “Bu millət də bizimdir, bu dövlət bizimdir, bu vətən də bizimdir” kəlamı Şirməmməd Hüseynovun şüarı idi. O, bu cümləni tez-tez təkrarlayar və həmişə yüksək vətəndaşlıq mövqeyindən çıxış edərdi. Ömrünün sonuna kimi arxivlərdə işləməsi, publisistlərimizin irsini araşdırması, onların yazılarının translitirasiyası ilə məşğul olması da 95 yaşlı tədqiqatçının daim vətəninə xidmət etmək şövqü ilə yaşamasından xəbər verir.
BDU-nun Jurnalistika fakültəsinin qocaman müəllimlərindən biri-professor Nəsir Əhmədli də Şirməmməd müəllimdən dərs alanlardandır. Onun dedikləri də Şirməmməd Hüseynovun əsl vətəndaş olduğunu təsdiq edir: “…O vaxtlar “Sovet mətbuatı tarixi” adlı bir fənn var idi. Şirməmməd müəllim həmin fənni tədris edirdi. Ancaq elə tədris edirdi ki, sanki bizi müasir dövrə hazırlayırdı. Həmişə sətiraltı forma olsa da müstəqillik ideyalarından danışırdı…” Ömrü boyu müəlliminə borclu olduğunu vurğulayan Nəsir Əhmədlinin son dedikləri, yəqin ki, mənim kimi çoxlarını kövrəldib: “ Şirməmməd müəllim həmişə deyirdi ki, mən Nəimiyəm, sən Nəsimisisən. Mən cismən getsəm də, ruhumu sənə verib gedəcəm. Doğrudan da, onun ruhu, bəlkə də, mənə köçübdür. Mən həmin ruhu qoruyub saxlayacam və o dünyada görüşəndə özünə qaytaracam.”
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də “Real”a öz fikirlərini bildirib. O, qeyd edib ki, ömrünün yarım əsrindən çoxunu Azərbaycan mətbuatının araşdırılmasına həsr edən tədqiqatçı uzun illərdir müntəzəm olaraq “525-ci qəzet”lə əməkdaşlıq edirdi: “…Şirməmməd Hüseynov iyirmi ilə yaxındır ki, “Cümhuriyyət qurucuları” rubrikası altında bizim qəzetə yazılar verirdi. Biz də həvəslə onları dərc edirdik. İki həftə əvvəl zəng edib dedi ki, hələlik yazıları dayandırıram, sentyabrdan yenidən yazacam. Qismət olmadı. Oxucular, redakiya heyəti və həmin səhifələr Şirməmməd Hüseynovun yazıları üçün çox darıxacaq…”
Professor Şirməmməd Hüseynov elmi-pedaqoji fəaliyyəti müddətində həm də neçə-neçə tədqiqatçı yetişdirib. Onlardan biri də BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının gənc müəllimi Samir Xalidoğludur. Samir müəllim Ləman xanıma müsahibə verərkən qeyd etdi ki, o, bundan sonra Şirməmməd müəllimin yarımçıq qalmış işlərini davam etdirəcək. “…Onunla birlikdə 10-a yaxın kitab hazırladıq. Ustadımızdan çox şey öyrənmişik. Özü də həmişə deyirdi ki, işlə mənim üçün, öyrən özün üçün. Şirməmməd müəllim bizi ölümsüzlüyünə inandırmışdı…Bəzi işləri yarımçıq qaldı. Ancaq mən yetirməsi və davamçısı kimi çalışacam ki, onları sona çatdırım…”
Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə ölkənin ən tanınmış jurnalistləri, o cümlədən Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, professor Qulu Məhərrəmli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, redaktor müavini Yusif Rzayev, “Şərq” qəzetinin redaktoru Akif Aşırlı, redaktor müavini Yusif Nəzərli və başqaları Şirməmməd Hüseynov haqqında yazır, xatirələrini bölüşürlər.
Vüqar müəllim kədərini “ustadsız qaldıq…” sözləri ilə ifadə edir.
Yusif Rzayev yazır: “Az qala, 20 ildir, “525”də hər həftə yazıları gedirdi. Hər həftə yazıları vaxtında göndərirdi, yenə ürəyi rahat olmurdu, zəng edib soruşurdu: “Oğlum, yazı gəldimi?” Həvəsi olanda, göndərdiyi yazılarla bağlı informasiya da verirdi, əzbər cümlələr deyirdi yazılardan. Hər dəfə bu zəkaya, bu şövqə heyran qalırdım və həm də mənə dərs dediyinə görə qürur quyurdum. 2 həftə əvvəl zəng elədi, “Yusif, oğlum, bu yazı bu ay sonuncu yazıdı, yazını hazırlayıb göndərməkdə mənə kömək eləyən adamlar tətilə çıxır. Bir də sentyabrda görüşərik” . Və indi bu ağır xəbər eşitdim. Qışqırıb bağırmaq, hönkürmək istəyirəm, gücüm çatmır. Mən bir zamanda, bir ölkədə yaşadığıma, müəllimim olduğuna görə fəxr elədiyim tək, yeganə kişini itirdim. Azərbaycan isə böyük Şirməmməd Hüseynovu itirdi! Ruhunuz şad olsun, böyük kişi!”
Yusif Nəzərli isə bunları deyir: “İki gündür sosial şəbəkələrdən elə gözəl bir kişi boylanır ki…Onun haqqında elə xoş xatirələr, fikirlər canlanır ki, bir daha əmin olursan, o işıqdan hər yerə düşüb. Bu işıqdan Cümhuriyyətimiz, jurnalistikamız, insanlığımız qazanıb. Şirməmməd Hüseynovun bu qədər sevildiyini hamımız anlayırıq. Müəllimim deyirdi ki, “mənim bütün inanclarımın kökündə bu millətə, bu torpağa sədaqət durur”. Ustadımızın sual dolu bir sözü də vardı: “Bildin, nə deyirəm?”. İndi bildik nə deyirsiz, Şirməmməd müəllim. Sizin kimi dəyərlərimizlə həmişə qürur duyacağıq. Millətimizin tarixi, müstəqilliyi, maarifçiliyi uğrunda usanmadan çox mücadilə apardınız. Allah sizə qəni – qəni rəhmət eləsin, kitab adam!”
Göründüyü kimi, kimilərinin “Yaşayan əfsanə”, kimilərinin “Canlı esnsiklopediya” kimi qiymətləndirdiyi 95 yaşlı mətbuat tarixçisi, nəzəriyyəçilərin, jurnalistlərin əsksəriyyətinin müəllimi olmuş Şirməmməd Hüseynovun vəfatı çoxlarını kədərə boğdu. O, daha nə fakültəmizin dəhlizlərində gəzəcək, nə gənc müəllimlərə tövsiyələr verəcək, nə də “525-ci qəzet”ə yazılar göndərəcək…Amma nümunə olmaqda davam edəcək-özünün şəxsiyyəti və ləyaqəti ilə…
Şirməmməd müəllim vəfatından sonra da dərs keçdi. Bütün keçmiş tələbələrini-hazırkı deputatları, baş redaktorları, professorları, tanınmış jurnalistləri-və hazırda jurnalistika fakültəsində təhsil alan gəncləri bir ünvana-özünə evi qədər əziz olan BDU-nun akt zalına yığdı. Onların hamısına dərs keçdi. “Əsl ziyalı necə olmalıdır?” mövzusunu öyrətdi. Bu, professorun sonuncu dərsi idi…
Kənan Novruzov