Vitse-prezident “qara siyahı” dan çıxarıldı – XİN
Polşa vətəndaşı, hazırda həmin ölkənin Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Tomaş Paremba arzuolunmaz şəxslərin siyahısından çıxarılıb.
Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“T.Paremba Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.
MOK-un vitse-prezidenti məktubunda Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edib və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirib.
Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib”.