DİM abituriyentlərə müraciət etdi
Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərə müraciət edib.
Rakus.az xəbər verir ki, mərkəzdən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi edəcək həmin abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub.
“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.
II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar imtahanın nəticələri elan edildikdən sonra çap ediləcək.
Abituriyentlər ixtisas seçimini iyulun 24-dən avqustun 6-dək olan müddətdə həyata keçirməlidirlər. İxtisasların siyahısı “Abituriyent” jurnalının 4 saylı buraxılışında verilib. Jurnalda, həmçinin ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisasların kodları, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu verilib.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, 2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları da “Abituriyent” jurnalının 2019-cu il 2-ci nömrəsində və “2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış KEÇİD BALLARI” xüsusi buraxılışında dərc edilib.
Xatırladaq ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.